İvan Bivan Bunin. Soyuq payız (hekayə)

İvan Bivan Bunin. Soyuq payız (hekayə)

19-02-2021 18:02 / Bu xəbər 3470 dəfə oxundu

O ilin iyun ayında o, bizim malikanədə qonaq qalırdı – evimizdə onu hamı özününkü hesab edirdi. Mərhum atası mənim atamla həm dost, həm də qonşu olmuşdu. İyunun 15-i Sarayevoda Frans Ferdinandı qətlə yetirdilər. 16-sı səhər poçta ilə qəzetləri gətirmişdilər. Atam əlində Moskvanın axşam qəzeti ilə kabinetindən çıxdı və onun, anamın və mənim çay süfrəsinə əyləşdiyimiz yemək otağına daxil olaraq dedi:

- Hə, dostlar, müharibədir! Sarayevoda Avstriya vəliəhdi qətlə yetirilib. Bu, müharibə deməkdir!

Pyotr günü üçün bizə xeyli adam yığışmışdı – həm atamın doğum günü idi, həm də nahar zamanı onunla mənim nişanımızı elan etdilər. Lakin 19 iyun günü Almaniya Rusiyaya müharibə elan etdi...

Sentyabrda o, cəmi bir sutkalıq bizə gəldi – cəbhəyə getməzdən öncə vidalaşmaq üçün (o zaman hamı fikirləşirdi ki, müharibə tezliklə bitəcək və buna görə də bizim toyumuz bahara qədər təxirə salındı). Budur, nəhayət, vida axşamı da yetişdi. Şam yeməyindən sonra bir qayda olaraq, süfrəyə  samovar verildi və atam, onun buğundan tərləmiş pəncərə şüşələrinə baxaraq dedi:

- Təəccüblüdür, necə erkən, soyuq bir payızdır!

Biz o axşamı sükut içində oturduq, nadirən söylənilən bir-iki əhəmiyyətsiz kəlmə də öz ziyadə səssizliyi ilə mübhəm anlamlarını və duyğuları gizləmək üçündü. Ata saxtalığı aşkarca bilinən bir sadəliklə payız barəsində də danışdı. Mən eyvanın qapısına yaxınlaşdım və yaylıqla pəncərə şüşəsini sildim: bağçada, zülmət səmada buz kimi soyuq ulduzlar parlaq və aşikar bir işartı ilə işıq saçırdılar. Atam kresloya söykənmiş, dalğın  halda masanın üzərinə qoyulmuş lampanı seyr edə-edə papiros çəkir, anam eynəyini gözünə taxmış, o lampanın işığında kiçicik ipək kisəcik tikirdi – biz onun nə olduğunu bilirdik – və bu həm üzücü idi, həm də vahimə doğururdu. Atam soruşdu:

- Deməli, sən nə olursa-olsun, səhər getmək istəyirsən, səhər yeməyindən sonra olmazmı?

- Bəli, əgər izin versəniz, səhər, - o, cavab verdi. - Çox təəssüf, lakin mən hələ evimin işlərini də tam olaraq həll edə bilməmişəm.

Atam yüngülcə ah çəkdi:

- Yaxşı, necə istəyirsən, əzizim. Yalnız ananla bizim artıq yatmaq zamanımızdır, səni sabah mütləq yola salmaq istəyirik...

Anam ayağa qaxaraq gələcək oğluna xaç çevirdi, o da əvvəlcə onun əli üzərinə əyildi, sonra da atamın əlini öpdü. Biz yemək otağında hələ bir müddət də tək qaldıq, - mənim ağlıma kart açmaq fikri gəlmişdi, - o, susqun halda otağın o başından bu başına var-gəl edirdi, birdən soruşdu:

- İstəyirsən, gedib bir az gəzək?

Qəlbimə çökən ağırlıq hər ötən dəqiqə bir az daha artırdı, lakin mən etinasız tərzdə dilləndim:

- Olar...

Kandarda dayanıb əynini geyindiyi zaman o, nə isə düşünməyə davam edirdi, birdən dodaqlarında xəfif bir təbəssüm qondu. Fetin bir şeirini xatırlamışdı:

- Bu nə qədər soyuq payızdır belə,

Bürün sən şalına, kapot da geyin...

- Kapot yoxumdur, - mən dedim. - Bəs sonrası necədir?

- Xatırlamıram. Deyəsən, belə:

Qaralan şamların ardından, bir bax,

Yüksəlməkdə sanki böyük bir yanğın...

- Hansı yanğın?

- Ayın doğması, əlbəttə ki... Bu şeirdə kənd payızlarına xas olan o  füsunkarlıq sezilir. "Bürün sən şalına, kapot da geyin...” Bu, bizim nənələrimizin və babalarımızın dövranıdır... Ah, ilahi... İlahi...

- Nə oldu?

- Heç bir şey, əziz dost. Amma yenə də qüssəlidir. Həm qüssəlidir, həm də yaxşıdır. Mən səni çox, çox sevirəm...

Biz geyinərək, yemək otağının içərisindən keçib eyvana çıxdıq, ordan da bağçaya endik. Əvvəlcə elə zülmət qaranlıq idi ki, mən onun paltarının qolundan yapışmalı oldum. Sonra işıldayan minerallar kimi ora-bura səpilmiş ulduzların aydınlatdığı göy üzünə yüksələn qapqara ağac budaqları sezilməyə başladı. O, dayanaraq evə doğru çevrildi:

- Bir bax, evlərin pəncərələri necə də məxsusi, payıza xas bir işıltı saçır. Nə qədər ki yaşayıram, bu gecəni əbədi xatırlayacağam...

Mən onun göstərdiyi səmtə baxdım və o, çiynimə atdığım isveç örtüyünün üzərindən məni qucaqladı. Mən yumşaq şalımı üzümdən çəkdim, başımı azacıq yana əyərək onun məni öpməsini gözlədim. Məni öpərək o, üzümə baxdı:

- Gözlərin necə də parıldayır, - o, dedi. - Sənə soyuq deyil ki? Demək olar ki, qış havasıdır. Birdən məni öldürdülər... O zaman yəqin sən dərhal unutmazdın məni, hə?

Mən düşündüm: "Birdən həqiqətən öldürsələr? Doğrudanmı mən onu  qısa müddət ərzində unudaram? Axı əvvəl-axır hər şey və hər kəs unudulub gedir?” Və öz fikirlərimdən vahiməyə düşərək tələsik dilləndim:

- Belə danışma! Sənin ölümünə dözə bilmərəm!

O,  bir az susaraq  ağır-ağır dilə gətirdi:

- Neynəmək olar, əgər öldürsələr, o zaman da səni orda gözlərəm... Sən isə yaşa, sevinc içində yaşa, sonra da ora, mənim yanıma gələrsən...

Mən acı-acı ağladım...

O, səhər çağı getdi. Anam axşamdan tikdiyi o nəhs kisəciyi onun boynundan asdı. Kisəciyin içərisində onun babasının və atasının müharibə zamanı özlərilə gəzdirdikləri qızıl xaç vardı. Biz hamılıqla, qəribə, coşqun bir təlaş içində onun üçün xaç çevirdik. Keyimiş halda onun ardınca baxaraq eyvanda xeyli dayandıq, birini uzun ayrılığa uğurladığınız zaman sizinlə sizi əhatə edən sevincli, şən, otlarının üzərində axşamdan qalma qırovun işıldadığı bir sabah arasındakı təəccüb doğuran o uyumsuzluğu hiss etdiyiniz zamanlarda həmişə belə olur. Bir az dayanaraq, boşalmış evə daxil olduq. Mən, əllərimi qoynumda çarpazlayaraq bir otaqdan digərinə keçir, özümlə nə cür baş edəcəyimi bilmirdim – zarıyıb ağlamali idimmi, yoxsa səsimin gəldiyi qədər bağırıb oxumalıydımmı?..

Nə qədər qəribə səslənsə də, onu Qalitsiyada öldürdülər. Budur, artıq o vaxtdan düz otuz il ötür. Və diqqətlə düşündüyün və  keçmiş adlanan bütün o sehrli, anlaşılmaz,  ağlın, nə də qəlbin heç cür dərk edə bilməyəcəyi o yaşantıları yaddaşında yaxşı-yaxşı saf-çürük etdiyin zaman kifayət qədər uzun olduğunu zənn etdiyin bu illər ərzində nələr, nələr yaşanıb. On səkkizinci ilin yazında – artıq nə atamın, nə də anamın həyatda olmadıqları o dövrdə mən Smolensk bazarında alverlə məşğul olan bir qadının Moskvadakı evinin zirzəmisində yaşayırdım, qadın bütün günü məni məsxərəyə qoyardı: "Hə, ülyahəzrət, deyin görək, işləriniz necədir, hə?”  Mən özüm də alverlə məşğul olurdum, çoxları kimi mən də papaqlı və yaxası açıq şinelli əskərlərə olan-olmazımdan bir para şeylər – hansısa bir üzük, yaxud kiçik xaç, güvə yemiş dəri yaxalıq – satırdım və elə burada, Arbat küçəsinin tinində alver edərkən də nadir, gözəl bir ürəyə sahib olan bir adamla, istefada olan ahıl hərbçi ilə tanış oldum, tezliklə biz onunla evləndik və aprel ayında Yekaterindor şəhərinə köçdük. Biz oraya onunla və onun on yeddi yaşlı bacısı oğlu ilə – o da könüllülər tərəfə keçənlərdəndi – iki həftəyə yaxın yol getdik: mən həsir çarıqlarda, o isə – uzun qara saqqalına təkəmseyrək bəyazlar düşmüşdü artıq – əsgimiş kazak kaftanında. İki ildən çox Donda və Kubanda qaldıq. Qışda, fırtına zamanı Novorossiyskdən olan saysız-hesabsız qaçqınla birlikdə Türkiyəyə üzdük və ərim bu dəniz səyahəti zamanı tif xəstəliyindən dünyasını dəyişdi. Ondan sonra bu geniş dünyada üçcə yaxın adamım qaldı: ərimin bacısı oğlu, onun gənc arvadı və onların yeddi aylıq qızları. Lakin bacıoğlu da bir müddət sonra arvadı ilə birlikdə Krıma – Vrangelə getdi və körpə mənim əlimdə qaldı. Onlar orda izsiz-tozsuz yoxa çıxdılar. Mən isə ən qara işlər görərək, ən ağır zəhmət müqabilində birtəhər özümə və körpəyə gün ağlaya-ağlaya Konstantinopolda uzun müddət yaşadım. Sonralar, çoxları kimi, əlimdə o qızla haralara sovrulmadım ki! Bolqarıstan, Çexiya, Serbiya, Belçika, Paris, Nitsa... Qız çoxdan böyümüşdü, Parisdə qaldı, tamamilə fransızlara bənzəyirdi, çox şirin, həm də mənə qarşı çox etinasızdı, Madlen yaxınlığında şokolad fabrikində işə düzəlmişdi, çəlimsiz əlləri və gümüş sədəfli barmaqları ilə qutuları atlas kağızlara bükür, üzərlərinə qızılı lentlər bağlayırdı: mən isə Nitsada qaldım və hələ də ordayam, Allahın verdiyi ilə birtəhər keçinirəm... İlk dəfə Nitsada min doqquz yüz on ikinci ildə olmuşdum. O zaman, o bəxtəvər zamanlarda bu şəhərin nə vaxtsa mənim üçün necə bir yerə dönə biləcəyini düşünə bilərdimmi?!

Onun ölümünə dözə bilməyəcəyimi bir zaman özünə  açıq-aydın bəyan etmişdim, lakin mən onun ölümünə dözdüm. Amma o zamandan bəri yaşadıqlarmın hamısını xatırladığımda özümə həmişə belə bir sual verirəm: bəli, mən bu həyatda nə gördüm ki? Elə cavabı da özüm verirəm: bircə o soyuq payız axşamını. Bu, doğrudanmı olmuşdu? Hər halda, olmuşdu. Və həyatımda olanların hamısı yuxu idi, qalanları mənasız, lazımsız yuxulardı. Lakin mən inanıram, möhkəm inanıram: hardasa o məni gözləyir, o axşamkı eşqilə, elə o axşam olduğu kimi də gənc...

"Sən isə yaşa, sevinc içində yaşa, sonra da ora, mənim yanıma gələrsən...”

Mən yaşadım, həyata sevindim, indi artıq tezliklə gedəcəyəm. 

3 may, 1944

Tərcümə: Dinar Həmidova
Mənbə: yarpaq.az