"Kimə lazımdır axı İslam oyunları?!" - Açıqlama
28-12-2016 20:26 / Bu xəbər 3937 dəfə oxundu
"İndiki iqtisadi böhran şəraitində bu vəsaitin ayrılıb-ayrılmaması nə qədər məqsədə uyğun idi. Bu xərclər hara gedəcək? Bax bunların çoxu açıqlanmadığından biz qiymətləndirə bilmirik".
Bunu Toplum Tv-yə iqtisadçı ekspert Azər Mehdiyev, İslam Həmrəylik Oyunlarına ayrılan 100 milyon dollardan danışarkən deyib.
O bildirib ki, cəmiyyətdə də sönüklük müşahidə olunur və hansı oyunların keçirilməsi ilə bağlı təsəvvür yoxdur: "Azərbaycanın indiki iqtisadi böhran şəraitində bu vəsaitin ayrılıb-ayrılmaması nə qədər məqsədəuyğun idi, bu ayrıca bir mövzudur. Ancaq bu oyunlar razılaşanda Azərbaycanda hələ də böyük neft gəlirlərinin dövrü idi. Ölkə bu tədbirdən imtina etmədi, bu tədbiri həyata keçirməkdə davam edir. Əslində, əminəm ki, əgər bu, böyük neft gəlirləri dövründə olsa idi, yəni ən azı 2013-cü ilə qədərki kimi Azərbaycana neft gəlirləri gəlsə idi, yəqin ki, bu xərclər daha çox ola bilərdi. İndi hökümət, yəqin ki, mövcud vəziyyəti nəzərə alaraq bir qədər bunu sıxıb. Ancaq bu xərclərin az və ya çox olmasını qiymətləndirmək üçün bizə mütləq o xərclərin tərkibi lazımdır ki, bu xərclər hara yönləndiriləcək, oyunların tərkibi nədən ibarətdir. Təəssüf ki, bu barədə bilgim yoxdur”.
"Mən kiməm ki, dövlət tərəfindən ayrılan büdcəni dəyərləndirəm?”
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini sözçüsü Səmayə Məmmədova mövzu ilə əlaqədər danışmaq istəməyib: "Mən kiməm ki, dövlət tərəfindən ayrılan büdcəni dəyərləndirəm? Mənim öz fikrim yoxdur. Bu mövzu ilə əlaqədər lazımi açıqlama artıq verilib”.
Şəfi Şəfiyev: "Bu, ölkə idmanına nə xeyir verəcək ki?"
İdman eksperti Şəfi Şəfiyev isə bildirib ki, İslam Həmrəylik Oyunları heç kimə lazım deyil: "Məsələ bundadır ki, hazırda ölkəmiz iqtisadi çöküşün astanasındadır. Ümumiyyətlə, insanlar iş yerləri axtarmaqda çətinlik çəkirlər. İş yerləri yoxdur. Ölkədə kasıbçılıqdır. Milli məzənnəmiz 2 dəfə devalvasiyaya uğrayıb. Bu dönəmdə ölkədə hər hansısa bir idman yarışının keçirilməsi mənasız addımdır. 100 milyon dollar! Təsəvvür edirsiniz? 100 milyon dollar 170 milyon manat deməkdir. Bu hələ rəsmi məzənnəyə görə belədir. Qeyri-rəsmi məzənnədə isə daha çox 180 milyona yaxın pul deməkdir. Həddindən artıq böyük puldur. Ölkənin bu ağır durumunda bu qədər pul xərcləmək lazım deyildi. Kimə lazımdır axı İslam Həmrəylik Oyunları? Təbii ki, heç kimə. Ölkə idmanına nə xeyir verəcək ki? Heç bir xeyir verməyəcək. Ona görə ki idmançı yetişməyəcək, turist cəlb etməyəcək və s. Bu qədər pulun ayrılması sadəcə olaraq, ölkə adına böyük bir biabırçılıqdır. Vətəndaşının 300-400 manatlıq işdə işlədiyi, gündə 16-17 saat çalışdığı bir dönəmdə xarici idmançılara, İslam Həmrəylik Oyunlarına 100 milyon dollar ayırmaq, sadəcə, gülüncdür”.
Qeyd edək ki, 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərclənməsi nəzərdə tutulur. Bu barədə gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirilən mətbuat konfransında bildirib.Bakıda keçirilən bu oyunlara 6 min nəfər gələcək, bunun 4 min nəfəri idmançılar, 2 min nəfəri isə texniki heyət və nümayəndə heyətləridir.
"Atletlər Kəndində 6 min nəfər yerləşdiriləcək. Oyunlar başa çatdıqdan sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq”, deyə Rəhimov bildirib. 2017-ci ilin dövlət büdcəsində beynəlxalq oyunların təşkilinə 300 milyon manatdan bir qədər çox vəsait ayrılıb. Bu təqribən noyabrın 28-də enerji daşıyıcılarının qiymətinin qaldırılmasından əldə ediləcək gəlirə bərabərdir.
Ali Zeynal