Kursk istiqamətində döyüşlərin şiddətləndiyi bildirilir

Kursk istiqamətində döyüşlərin şiddətləndiyi bildirilir

06-01-2025 16:58 / Bu xəbər 113 dəfə oxundu

Ukrayna hücuma keçib, Rusiya tərəfi isə bəyan edib ki, əks-hücuma başlanılıb

Ukrayna Silahlı Qüvvələrinin yanvarın 5-də səhər saatlarında Kursk bölgəsində yeni hücuma başladığı bildirilir.

Bu barədə Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andriy Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkədə bildiriblər.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin zərbəsi 2024-cü ilin avqust ayından Kiyevin nəzarətində olan Sudja vilayətinin mərkəzindən Bolşoy Soldatskoye istiqamətində endirilir. Bu, Sudjanın şimal-şərqində, Kursk istiqamətində yerləşən başqa bir regional mərkəzdir.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinə qarşı əks-hücuma başlanılıb və qarşı tərəf məğlub edilməkdədir.

"Yanvarın 5-də saat 9.00 radələrində Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün Berdin istiqamətində əks hücuma cəhd edib. Şimal qoşunları qrupunun artilleriya və aviasiyası Ukrayna Silahlı Qüvvələrinin hücum qrupunu darmadağın edib, iki tank, bir təmizləmə maşını və yeddi zirehli döyüş maşını məhv edilib”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Rusiya kanallarının məlumatına görə, hücumda zirehli texnikalar, minalardan təmizləmə maşınları, eləcə də Rusiyanın pilotsuz təyyarələrinə uğurla müqavimət göstərdiyi deyilən elektron döyüş sistemləri iştirak edir.

"MIG Rusiya” kanalı Ukrayna ordusunun "yerli uğurları” olduğunu iddia edir. Xüsusilə, Bolşoy Soldatskoye yaxınlığındakı Berdin uğrunda döyüşlər gedir.

Avqustun əvvəlində Kursk vilayətinin bir hissəsi Ukrayna hərbçilərinin nəzarətinə keçib.

Sonradan bu ərazinin təxminən yarısının rus qoşunları tərəfindən geri alındığı təxmin edilir, lakin Ukrayna Silahlı Qüvvələri hələ də Sudja və təxminən 500 kvadrat kilometr əraziyə nəzarət edir.

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki əməliyyatını bütün danışıqlarda, xüsusən də "bundan çox təsirlənmiş” Qlobal Cənub ölkələri üçün "çox güclü kozır” adlandırıb.

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Ukraynanın Kurskdakı mövqeyi gələcəkdə müharibəyə son qoymaq məqsədilə aparılacaq danışıqlarda vacib rol oynayacaq.

Rusiya Ukrayanaya qarşı 2022-ci il fevralın 24-dən hərbi əməliyyatlara başlayıb.