Lukaşenko Əsəd, Belarus Siruya kimi...

Lukaşenko Əsəd, Belarus Siruya kimi...

31-08-2020 17:01 / Bu xəbər 2466 dəfə oxundu

Hüseynbala Səlimov 

Etiraf edim ki, Rusiya prezidenti Vladimir Putinin sonuncu müsahibəsini ozumaq sözün əsl mənasında cəhənnəm əzabı idi. Yox, ona görə yox ki, müsahibə yetərincə böyük idi, ona görə ki, Rusiya prezidenti intellektual siyasətçi deyil, adi bir hərbçidir, yəni söhbət elə adamdan gedir ki, ömrü boyu daha az danışmağa və fikirlərini mümkün qədər gizlətməyə, bir də açıqlamalarında düşündürücü fikirlərin əvəzinə hədələrə meydan verməyə çalışır.

Onu da qeyd edək ki, bizi cənab Putinin son Belarus hadisələrinə münasibəti maraqlandırırdı və nə qədər qəribə olsa da, Rusiya prezidenti bu məsələdə sözə xəsislik qəti etməmiş, yentərincə danışmış və əlbəttə ki, hədələri də unutmamışdı. Hətta etiraf da etmişdi ki, Belarus prezidentinin xahişilə güc strukturlarının məhdud kontingentindən hətta xüssusi bir qrup da təşkil edib ki, lazımi anda onu Minskə göndərsinlər.

Rusiya prezidenti hətta MDB və KTMT ölkələrinin, xüsusən də Rusiyanın proseslərə qarışmaq hüququnu əsaslandırmağa çalışmaqdan da özünü saxlaya bilməmişdi.

Bəli, müsahibənin məhz bu yerlərini təkrar-təkrar oxuyandan sonra biz sanki Belarus prezidentini özümüz üçün təkrar kəşf elədik. 

Bu adam düz 94–cü ildən ölkəsinin prezident kürsüsünə möhkəmcə "proyeksiya olunub” və tezliklə hakimiyyətdə olma müddətinə görə nəinki keçmiş sovet məkanı deyilən müstəvidə, bəlkə də dünyada siyasi rekordçuya və ya siyasi uzunömürlüyə çevriləcək.

Bu adamı bəzən ölkəmizdə "Azərbaycanın dostu” da adlandırırlar. Amma etiraf edək ki, Belarusun bu ağır günlərində bizi də müəyyən fikirlər rahat buraxmır və özümüzdən təkrar-təkrar soruşuruq ki, bizə heç belə bir "dost” lazımdırmı? 

Əlbəttə ki, başa düşürük, böyük siyasət çox mürəkkəb, cəncəl bir məsələdir, açığı bizə bəzən MDB-də, KTMT-də səslər lazım olur, hələ heç BMT-ni və digər strukturları demirik. 

Amma burda yaxın keçmişmizdən bir detal düşür yadımıza. Bir vaxt Misir dktatoru Hüsnü Mübarəkə də hətta heykəl qoymuşduq. Sonrası nə oldu? Mübarək devrildi, xərəkdə məhkəmələrə gətirildi! Düzdür, sonrakı siyasi restavrasiya nəticəsində canını böyük cəzadan qurtarsa da, bəraət də ala bilmədi və bu gün bəlkə də misirlilərin heç özləri belə bu adamı ən azı yaxşı mənada xatırlamır. Odur ki, gəlin heç olmasa, A.Lukaşenkoya heykəl qoymağa çalışmayaq. 

Belədə isə biz Belarusa çox köməklər, maliyyə yardımları etmiş, Kreml bu ölkəni küncə sıxanda onun yanında olmuşuq. Lukaşenko bütün hallarda bunu unuda bilməz. Həm də onun pis, ağır günləri tamam uzaqda da qalmayıbdı ki, bizi tamam-kamal unutsun...  

Amma burada qeyri-ixtiyari olaraq keçmiş sovet məkanının başqa seqmentləri, xüsusən də digər MDB ölkələri yada düşür. Bu siyasi və geosiyasi arealda da çox hadisələr baş verib, dəfələrlə hakimiyyətlər dəyişib, özü də hətta inqilabi yollarla.

Məsələn, Ukraynada iki Maydan oldu. Gürcüstanda "qızılgül inqilabı” baş verdi. Eyni sözləri nəinki Moldova, hətta Mərkəzi Asiya ölkəsi olan Qırğızıstan haqqında da demək mümkündür.

Bu mürəkkəb proseslər zamanı Kreml məmnuniyyətlə onlara qarışardı ki, ən azı bu ölkələrdə möhkəmlənə bilsin. Amma təəccüblüdür ki, hətta Ukraynanın keçmiş prezidenti V.Yanukoviç kimi bir adam Moskvaya bu şansı vermədi. 

Biz hələ Ermənistandakı son hadisələrdən danışmırıq. Bu ölkədəki son proseslər zamanı da hamı düşünürdü ki, bəs Kreml rahat durmayacaq və bu ölkəyə mütləq qoşun yeridəcəkdır (əslində qoşun orada daim var!). 

Gəl, Paşinyana və komandasına Kremlin açıq nifrətinə rəğmən, onları ikrahla indi də "sorosyata” adlandırmalarına baxmayaraq, Moskva bunu etmədi, çünki Kremlin tulası olsa da, S.Sarqsyan son anda Moskvaya bu şəraiti yaratmadı…

Amma belə görünür ki, A.Lukaşenko heç də o moskvapərəst siyasi liderlərdən deyil ki, onlar demokrat olmasalar da, ölkələrinin siyasi müstəqilliyinin və suverenliyinin bir növ fanatı olmasalar da, yenə də vətənlərini Rusiyanın güc strukturlarının və ya KTMT–nın poliqonuna çevirməyə imkan və ya şərait yaratmırdılar.

Lukaşenko siyasi tamaşa qura bilir, o, kiçik "siyasi faciə”lərin lap ustasıdır. Hələ seçki ərəfəsində o, tamam isterika içində Rusiyanı bütün günahlarda suclayıb ittiham edəndə, biz yazırdıq ki, qəti fikir verməyin, danışıb-danışıb axırda yenə də Moskvanın qucağına qayıdacaq.

Məsələ bundadır ki, o, Kremllə bütün hallarda dil tapa bilir. Onun üçün demokratik Avropa ilə razılaşmaq çox çətindi, çünki qoca dünya ondan Batka üçün mümkün olmayan bir şeydən imtina etməyə tələb edir: bəli, söhbət hakimiyyətdən gedir...

Bu günlərdə, tənbəllik etməyərək, onun öz tərəfdaşlarının qarşısındakı çıxışını seyr edirdik. "Mən hakimiyyət haqda, ümumiyyətlə, fikirləşmirəm, yalnız Sizi düşünürəm ki, mən gedəndən sonra Siz necə olacaqsınız?” – bəli, Aleksandr Qriqoryeviçin dedikləri məhz bunlar idi!

Əslndə bütün diktatorlar belə danışır, onlar üçün guya hakimiyyətin zərrə qədər, bir qara quruş qədər dəyəri olmur! Yadımıza gəlir ki, ən son anda Qəzzafi öz dərisini xilas etmək üçün qiyam etmiş və onu parçalamağa hazır olan gənclərə "Mən sizin atanızam!” deyirdi.

Biz, əlbəttə, Belarusa Liviyanın və yaxud da Suriyanın aqibətini yaşamağı qətiyyən arzulamazdıq. Amma Aleksandr Qriqoryeviç ölkəsini geosiyasi maraqların və onların sərt qanunlarının ixtiyarına verməyə tam hazırdır – təki özünü və kürsüsünü qorusun...

Odur ki, indi də olmasa da, bu, nə vaxtsa baş verəcək, çünki daha ayıq-sayıq rusiyalı politoloqlar özləri etiraf edir ki, Minsk gec-tez Avropanı seçəcək, çünki Moskvanın ona cəlbedici bir təklifi yoxdur. Bunu təkcə Batka anlamaq istəmir, hansını ki, hətta Rusiyanın demokratik dairələri ikrahla Belarusbaşı adlandırırlar...

Qaynarinfo.az