Maraqların idarə edilməsi

Maraqların idarə edilməsi

25-09-2016 13:14 / Bu xəbər 1790 dəfə oxundu

Natiq Cəfərli 

(İstirahət günü yazısı, düşünmək üçün)

Dünən bir çox bölgələrdə yüzlərlə vətəndaşın bankomatlar qarşısında növbə gözlədiyi, öz təqaüdlərini ala bilmədikləri haqqında xəbərlər yayıldı. Əslində, bu ilk deyil, son da olmayacaq, həmişə maaş və təqaüdlərin hesablara yükləndiyi gündən sonra bankomatlar qarşısında izdihamlı növbələr olur. Belə mənzərə illərdir davam edir, amma problemin həlli yollarını dəfələrlə göstərsək də, hökumət heç bir addım atmır.

Ölkədə, təqribən, 1,3 mln təqaüdçü, 900 minə yaxın da büdcədən maaş alan vətəndaşımız var. Əksəriyyətinin maaş, və ya təqaüd kartı var, alacaqları hesablarına yatırılır, və pulun hesablara yatması doğrudur, bu problem həll edilib. Bəs yaxşı bu 2,2 mln. vətəndaşımız nəğd pulu bankomatlardan çəkib sonra nə edirlər? 

Doğrudur, aldıqları o qədər azdır ki, ancaq ərzaq və dərmanlara çatır, deməli, 2,2 mln. vətəndaş büdcədən aldıqları vəsaitin tamamına yaxınını ticarət şəbəkəsində xərcləyirlər. Əgər belədirsə, niyə vətəndaş həmən kartdakı pulunu nəğdiləşdirmək istəyir: 

1) Vətəndaşın bank sisteminə güvəni yoxdur, hesabındakı pulu həmən nəğd şəklində cibinə qoymaq istəyir;
2) Ölkədə nəğdsiz ödənişlərin səviyyəsi çox aşağıdır, çünki təşviq proqramları yoxdur, nəğdsiz alış-veriş üçün pos-terminallar azdır, olan yerlərdə də normal işləmir.

Bu iki problem həll olunsa, vətəndaş kartla alış-veriş edər, bankomatlarda növbə gözləməz, tizarət şəbəkəsi də tam leqal, "ağ hesabata” keçər, vergidən yayınma halları azalar, bu həm vətəndaşın, həm də dövlətin xeyrinə olar. İnsanları nəğdsiz alış-verişə öyrətmək, bunu təşviq etmək lazımdır, bunun çox asan yolları var: 
1) TV-lərdə bəsit və bayağı şoulardansa, sosial reklam çartxları, nəğdsiz ödənişin üstünlüyünü izah edən proqramlar olmalıdır; 
2) Vətəndaş kart vasitəsi ilə ticarət şəbəkələrindən, apteklərdən alış-veriş edərkən əldə etdiyi kassa çeki avtomatik olaraq lotoreya bileti olmalıdır. Hər ay, azı iki dəfə, həmin kassa çeklərinin nömrələri uduşa çıxarılmalı, çekləri toplayan vətəndaşlar bu lotoreyanın iştirakçısı olmalı, ayda 2 dəfə dahalı hədiyyələr və pul mükafatları qazanmalıdırlar ki, onlarda məhz nəğdsiz alış-verişə stimul yaransın.

Bəs belə bəsit həll yolları varkən, niyə hökumət illərdir bu yöndə addımlar atmır? Sualın cavabı idarəetmə fəlsəfəsinin və sisteminin səhv dizayn edilməsindədir. Bu sistem insanların özlərini idarə etməyə çalışır, halbuki, insanı deyil də, onun maraqlarını idarə etmək lazımdır. 

Sistem elə qurulub ki, vergi orqanının marağı vətəndaşın vergi gizlətməsi, gömrüyün marağı vətəndaşın kontrabanda ilə məşğul olmasıdır, müəllimin marağı şagirdi dərs zamanı yaxşı öyrətməməkdir ki, sonra əlavə pullu dərs versin, həkimin marağı odur ki, xəstə tez sağalmasın, əksinə onun yanına çox gəlib-getsin, YPX maraqlıdır ki, sürücü tez-tez qaydaları pozsun – siyahını uzada bilərəm. 

Yəni sistem elə dizayn edilib ki, orqanlar vətəndaşların qaydaları POZMASINDA maraqlı olur, çünki gəlirləri məhz POZUNTU üzərində dizayn edilib. Normal sistemlərdə isə tam əks "oyun qaydaları” var, çünki maraqların idarə edilməsi, insanların idarə edilməsindən daha effektiv və dayanıqlıdır. Düşünün xanımlar və cənablar, düşünün...