Maşallah Əhmədovun məhkəməsi başlayır
05-10-2016 13:46 / Bu xəbər 2376 dəfə oxundu
Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunub.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək proses oktyabrın 14-nə təyin edilib.
M.Əhmədovu 2015-ci il dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları saxlamışdılar. «Neftçi»nin bizneslə məşğul olan keçmiş futbolçusu, iddialara görə, Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin onun sözünə əməl etmədiyi, həmin şəxslərin pulunu qaytarmadığı bildirilir. M.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, məhkəmə sonradan onu ev dustaqlığı ilə əvəzləyib.
Maşallah Əhmədov ötən əsrin 80-ci illərində Azərbaycan futbolunun ən parlaq simalarından sayılıb. Azərbaycan Respublikasının birinci futbol komandası sayılan «Neftçi»nin uzun illər şərəfini qoruyub. O, hətta bir ara futbol üzrə SSRİ-nin olimpiya yığmasının heyətinə də cəlb edilib.