Mata Hari kimdir?

Mata Hari kimdir?

23-05-2021 17:35 / Bu xəbər 2188 dəfə oxundu

Yadigar Sadıqlı

Tədqiqatçıların əksəriyyəti bu fikirdədirlər ki, Mata Hari nə yaxşı rəqqasə, nə də uğurlu casus olub. 

Əsl adı Marqareta Qertruda Zelle olan bu Niderland vətəndaşı rəqqasə kimi uğurunu bacarığından daha çox o zaman hələ nadir olan açıq-saçıqlığına, bir də özü ətrafında formalaşdırdığ mifə (guya adlı-sanlı və əsilzadə valideynlərin nikahdankənar övladıdır, Şərqdə böyüyüb və s.) borcludur. Casus kimi də hər hansı uğurlu fəaliyyəti məlum deyil. 

Üstəlik, onun həbsinə səbəb olmuş əsas sübut - Madriddəki alman kəşfiyyatçısının Berlinə göndərdiyi məlumatın bilərəkdən fransızların oxuduğu kodla göndərilməsi ehtimalıdır. Almanlar bununla faydasız agentdən qurtulmaq istəyirdilər. 

Fransaya isə cəbhədəki dəhşətli itkilərin (Fransa Birinci dünya müharibəsində İkincidən təxminən 7 dəfə çox itki verib) müqabilində bir günah keçisi lazım idi. 

Kəşfiyyat da öz uğurunu şişirtmək üçün Mata Harinin demonik obrazını yaratmaqda maraqlı idi və mətbuata bu yöndə məlumatlar sızdırırdı. Nəticədə, bu dayaz ağıllı avantürist və uğursuz casus 1917-ci il oktyabrın 15-də məhkəmənin hökmü ilə güllələndi.

Amma süjet çox maraqlı idi və jurnalistlərin, publisistlərin, kinematoqrafçıların diqqətini çəkirdi. Artıq 1920-ci ildə Almaniyada "Mata Hari" adlı film çəkildi, baş rolu səssiz kinonun ulduzu Asta Nilsen oynadı. 

1927-ci ildə yenə Almaniyada ikinci film çəkildi. 1931-ci ildə artıq Hollivud mövzuya müraciət etdi, Mata Hari rolunu əfsanəvi Qreta Qarbo oynadı. 

1937-ci ildə Fransa daha bir film çəkdi. Hətta İkinci dünya müharibəsinin dəhşətləri də bu qadına marağı azaltmadı. Ümumiyyətlə, Mata Hari haqqında 20-dən çox film çəkilib. 

1985-ci ildə ABŞ-da çəkilən filmdə baş rolu çoxlarının Emmanuel obrazı ilə tanıdıqları Silviya Kristel oynayırdı. 

Bütün bu filmlərdə süjeti maraqlı etmək üçün xeyli şişirtmələr vardı. 

Nəticədə Mata Hari əslində haqq etmədiyi bir şöhrətə qovuşdu.