Media rəhbərləri qanunun icrasını dayandırmağı tələb edirlər

Media rəhbərləri qanunun icrasını dayandırmağı tələb edirlər

03-05-2023 20:47 / Bu xəbər 804 dəfə oxundu

Azərbaycanın müstəqil media nümayəndələri Beynəlxalq Mətbuat Azadlığı Günü Konstitusiya Məhkəməsinə müraciət ediblər.

"Abzas Media”, "Arqument.az” və "az24saat.org" saytlarının rəhbərləri müraciətlərində "Media haqqında" Qanunun Azərbaycan Konstitusiyasına uyğunlaşdırılmasını tələb edirlər. 

"Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa hesab edir ki, Konstitusiya Məhkəməsi qanunun tətbiqini dayandırmalı, Milli Məclisə qanunun Konstitusiyaya uyğunlaşdırılmasını tövsiyə etməlidir. 

O, hazırki qanunu mürtəce sayır və Avropa İnsan Hüquqları Konvensiyasına da zidd olduğunu bildirir: "Azərbaycan bu il media azadlığı indeksində 151-ci yerdə qərarlaşıb: Əfqanıstanla, Pakistanla eyni sırada. Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan 77 və 49-cu yerlərdə qərar tutublar. Bir fərqə baxın. Elə səbəblərdən biri də odur ki, Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasına və Azərbaycan Konstitusiyasına zidd bir qanun – "Media haqqında” Qanun qəbul edilib”.

"Abzas Media"nın direktoru Ülvi Həsənli bildirib ki, "Media haqqında" Qanun Konstitusiyaya zidd olduğuna görə məhkəməyə müraciət ediblər:

"Bu, bizim hüquqi müstəvidə mübarizəmizin bir hissəsidir. Yerli məhkəmələr bizim haqlı şikayətlərimizi təmin etməsə, Avropa və digər beynəlxalq məhkəmələrə müraciət edəcəyik”.

 "Az24saat.org" rəhbəri Vüqar Qurdqanlı Venesiya Komissiyasının qanuna verdiyi rəyi önə çəkərək bildirir ki, qanun mütləq dəyişməlidir: 

"Beynəlxalq Mətbuat Azadlığı günündə Media Haqqında Qanunun Konstitusiyaya zidd olub-olmadığını araşdırması üçün Konstitusiya Məhkəməsinə müraciət etdik. 70 səhifədən ibarət şikayət ərizəsində şikayətdən əlavə Venesiya Komissiyasının "Media haqqında" Qanuna verdiyi rəy, o cümlədən, Avropa Şurası Nazirlər Komitəsinin "Xədicə İsmayılova qrupunun Azərbaycana qarşı" işində çıxardığı Qətnaməsi yer alır".

O hesab edir ki, bu qanun jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq. 

Hüquqşünas Xalid Ağaliyev deyir ki, qeydiyyatdan keçmək istəyən 40-dan çox media orqanı Media Reyestrindən imtina cavabı alıb.

Onlardan 20 media  qurumu Reyestrdən imtina cavabı aldığı üçün məhkəməyə müraciət edib.

"Onlara hüquqi dəstək göstərmişik. Ancaq Reyestrlə bağlı məlumatlar açıq olmalıdır, hər kəs hansı medianın ora daxil ediliyini, hansının edilmədliyini bilməlidir” - X. Ağaliyev bildirib.

"Sərhədsiz Reportyorlar" təşkilatı bu gün  Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb. 

Azərbaycan 180 ölkə arasında 151-ci yeri tutub və medianın vəziyyətinin "çox pis” olduğu ölkələr arasında yer alıb.

"Media haqqında” Qanun 2022-ci ilin fevralın 8-də təsdiq edilib.

Ardınca Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata dövlət nəzarətini gücləndirən "Media haqqında" qanunu ləğv etməyə çağırıb.

Avropa Şurası Nazirlər Komitəsi ötən ilin dekabrında hakimiyyət orqanlarını "Media haqqında” qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edən qətnamə qəbul edib.

Hökumət qurumları qəbul edilən qətnaməylə bağlı rəy verməyiblər.