Mən niyə “patriotluq” eləmirəm?

Mən niyə “patriotluq” eləmirəm?

21-09-2020 09:13 / Bu xəbər 1939 dəfə oxundu

Mən Vətən üçün nə etdiyimi deməyəcəm. Bəlkə də, heç nə, cüzi şey də olmaz. Amma Vətən-Vətən deyənlər məndə qıcıq yaradır. Bir vaxtlar küçələri gəzən xlorsatanlar var idi. 

Onlar da satdığı şeyin adını bərk-bərk qışqırırdı. Amma onlar halal zəhməti ilə pul qazanırdı, psevdopatriotlar isə aferistliklə, yaltaqlıqla, klaviatura qəhrəmanlığı ilə… Ölkəmizi məhv edən korrupsiya veclərinə deyil, iki sözlərindən biri müharibədir.

Vətəni xlorla müqayisə edən mən deyiləm, kiminsə xoşuna gəlmək üçün, virtual qəhrəmanlıq edənlər endirir vətəni də, xalqı da o səviyyəyə… 

Mark Tvenin fikrincə, vətənpərvərlik ölkəni hər zaman, hökumətini isə məhz onun buna layiq olduğu zaman dəstəkləməkdir. VALLAH, inanın mənə, layiq olmadığı zaman da bu dövləti, ölkəni dəstəklədim. Və yenə də Azərbaycan maraqlarını hansısa separatçı ayağına vermərəm. 

Amma hər prezident danışandan sonra ultra patriot olanlar da ömrümüzə oturub. Gah öz isti evlərindən xaricdəki azərbaycanlıları erməni vurmağa, qarşıdurmaya səsləyir. Gah da yekəqarın məmurlar fason üçün orduya yazılır. Bir azdan yenə xalqdan qurban vermək, siyasi xal qazanmaq üçün artistlik edəcəklər. Azərbaycan elə bir ölkədir ki, bura atım bombası da atsalar, məmurlarımız bundan pul silməyin yolunu axtaracaq.

Əsl patriot, cəmiyyətdə ədalət görmək üçün savaşan şəxslərdir. Bu qədər…

Pan Rufat (Rüfət Əhmədzadə)
panrufat.com