Mən payızda qayıdanda gec olar...

Mən payızda qayıdanda gec olar...

30-10-2023 18:58 / Bu xəbər 1819 dəfə oxundu

"Arqument.az" şair Qədiməli Əhmədin yeni şeirlərini təqdim edir:

GEC OLAR

Mən payızda qayıdanda görərsən, 
Yuvasından ayrı düşən necolur.
Bir də axı qayıtsam da,nə fərqi, 
İllər sonra hər şey, hər şey gec olur...

Görərsən ki,saçlarımda kuləklər,
Vücudumda bir şair var, dəlidi. 
Gecələrdə gözlərimi ovudan 
Əllərimdə tənhalığın əlidi. 

Mən payızda qayıdanda gec olar, 
Vaxt  qatlayar cavanlığın dizin.
Ötüb-keçər neçə bahar, neçə qış, 
Qəm qaysaqlar ilk sevginin izini.

Mən payızda qayıdanda gec olar...

Məktub

Sənə ünvanlıdı ilk-son məktubum, 
İtmişəm taleyin künc-bucağında. 
Günahsız bir yol var, yarımçıq ömür
Uçulmuş körpünün duracağında. 

O susan illərin astanasında 
Dayanan bir mənəm, 
bir sən, Dənizim...
Vətən də gözümdə qürbət kimidi, 
Ümid yolumuzu bağlayıb bizim. 

Saraldı təqvimin vərəqlərində, 
Günlər də sonlanan yoldu içimdə. 
Doydum bu  həyatın keşməkeşindən, 
Sevinc yarpaq-yarpaq soldu içimdə. 

Sənə ünvanlıdı ilk-son məktubum...
Sevdalar qəlbimi ovutsun çətin. 
Vaqif ol sirrinə səssizliyimin, 
Oxu, göz yaşından doysun həsrətin...

Yaddaşdan yarpaqlar...

HƏLƏ  GÖZLƏYİRƏM 

Gecə istəyirdin xoşbəxt olmağa,
Gecən gəldi, xoşbəxtliyin gəlmədi.
İndi şam işığının
zəif şöləsinə  baxıb susursan.
Yenə də
hisslərin aldadır gecəni,
Gecə aldadır gözlərini.
İndi əlini 
əllərimlə sıxıb öpə bilmirəm.
Düşüb kübarlığın burulğanına, 
İndi həm doğmasan,
həm yad baxışlı.
Axı dünyada
hər kəs
hər kəsi,
Hər şey
hər şeyi aldadır.
Sənin yoxluğuna şeir yazıram, 
Hələ gözləyirəm dönüş gününü 
Ən məsum, aldanan bir uşaq kimi...

PƏRİŞANDI GÖZLƏRİN 

Yağış yağan pəncərənin önündə 
Nədən elə pərişandı gözlərin?
İndi sənin saçlarında qarışan 
Bir həsrətin telləridi ayrılıq. 

Bax,hələ də unutmadın ağrını, 
Unutmadın xatirələr içində. 
Taleyində tək yol deyil o həsrət, 
Daha nələr,daha nələr içində...

Ürəyini  "sükut evi"  ovutmaz, 
Baxışını alnındakı bir yazı...
Gitaranın həzin səsi bir anlıq 
Xatırladır ehtizazlı qəm sazın.

Ümiddimi gözlərindən boylanan, 
Ya dənizmi  təlatümlü baxışın?
Bəlkə,elə pəncərənə yağandı 
İçindəki o xatirə yağışı?

Yağış yağan pəncərənin önündə 
Nədən elə pərişandı gözlərin..?