Məni ayırmayın uşaqlığımdan...
01-06-2023 13:00 / Bu xəbər 971 dəfə oxundu
"Arqument.az" şair Əvəz Qurbanlının "Məni ayırmayın uşaqlığımdan..." şeirini təqdim edir:
Mən elə bilirdim uşağam hələ
Oyuncaq oynadan bir əlcə uşaq.
İstədim çağıram, dostlarım gələ
Bir az da şənlənək, bir az da coşaq...
Qaçıb çəmənlikdə ayağıyalın
Köhnə ləpirimi, izimi tapım.
Nə vaxtdı özümü itirmişəm mən,
Bəlkə, uşaqlıqda özümü tapım...
Məni ayırmayın uşaqlığımdan
Mənə danışmayın böyüklüyümdən!
Qoy tutum zamanın ayaqlarından
Keçmiş günlərimə sürüklüyüm mən...
...Heyif... o çağları tərk elədim mən
Gördüm böyüməmiş tayım qalmayıb.
Bircə həqiqəti dərk elədim mən:
Mənim uşaqlıqda payım qalmayıb...
Əvəz Qurbanlı
1993-cü il.
Saatlı, Azadkənd.