“Məni ölümə məhkum elədilər...” - Aynur İmranova
29-07-2015 12:00 / Bu xəbər 2038 dəfə oxundu
"Hər gecə müxtəlif saatlarda evimizin qapısı döyülməyə başladı”
Araşdırmaçı jurnalist Aynur İmranovanın ölkədən çıxmasına qoyulan qadağa ilə bağlı daha öncə yazmışdıq. Bu qadağa aradan götürülmədiyi üçün A.İmranova üçün yaranan problemlər isə pik həddə çatıb. "Yeni Müsavat”a müsahibəsində A.İmranova yaşadığı çətinliklər barədə danışdı.
- Sizin ölkədən çıxışınıza nə zamandan qadağa qoyulub? Səbəb olaraq nə göstərilir?
- Keçən ilin noyabr ayından qadağa qoyulub. Heç bir rəsmi səbəb göstərilməyib, bizə heç bir rəsmi sənəd təqdim olunmayıb. Qeyri rəsmi bildirirlər ki, araşdırmalarıma görə. Hansı ki, mən son 6 ayda heç bir araşdırma da yazmıram. Mənim himayəmdə yetkinlik yaşına çatmayan övladım var. Ölkədən çıxışıma qadağa qoyulub, yenə gedib müəyyən təlimlərdə təlimçi kimi çalışırdım. Bank hesablarım bağlı, heç yerdən gəlirim yoxdur. Yaxşı, bəs, mən övladımı necə və nəylə saxlamalıyam?
- Bu qadağa həm də Xədicə İsmayılın yaxın günlərdə baş tutacaq məhkəməsi ilə bağlı ola bilərmi? Yəni, orda hansısa qisimdə ifadə verəcəksinizmi?
- İnanmıram. Onlara əslində mənim Xədicənin məhkəməsində iştirakım sərf eləmir. Çünki Xədicənin əleyhinə ifadə verməmişəm. Siyasi işlərdə yalnız məhkəməyə daha çox o şahidləri dəvət edirlər ki, onlar təqsirləndirilən şəxslərin əleyhinə ifadə vermiş olsunlar. İstintaq zamanı mənə çoxlu təkliflər olsa da, mən buna getmədim. Məni çox incitdilər, amma mən onların heç bir təklifini qəbul eləmədim. Şahid kimi dindirilərəmsə, mən bunların hamısını məhkəmədə deyəcəm təbii ki. Həm də məhkəməyə dəvət məhkəmənin səlahiyyətinə aid işdir. Bu qərarı məhkəmə verməlidir.
- Prokurorluqla aranızdakı "məktublaşma"nın nəticəsi nədən ibarətdir?
- Bütün məktublarıma bildiriş gəlir sadəcə. "Qəbul olundu, baxılacaq”. Vəssalam. Ölkədən getmək hüququmun bərpası və məhdudiyyətin götürülməsi üçün məhkəməyə də müraciət eləmişəm. Amma Baş Prokurorluq məhkəməyə nümayəndəsini göndərmir. Prokurorluq 5 ay davam edən məhkəmə prosesinə nümayəndə ğöndərməməklə əslində məhkəməni aşagalayır, məhkəməyə açıq saymazlıq nümayiş etdirir. Əgər onlar Azərbaycan məhkəməsini saymırlarsa, adi vətəndaşdan hansı hörməti gözləmək olar?
Hakimə də təzyiq var, nə qərar qəbul edə bilir, nə də rədd eləməyi vicdanı qəbul eləmir. 4-5 aydır hər dəfə məhkəmə baxışını təxirə salır. Nə qədər olar? Artıq yekunlaşdırılmağı tələb edəcəm, işi Avropa məhkəməsinə göndərəcəyəm. Mənim Avropa məhkəməsində artıq 2 işim var. Bir işim isə hal-hazırda apelyasiya məhkəməsindədir. Bu da Avropaya getsə 4 iş olacaq. Və bütün bunlar bir jurnalistə sadəcə araşdırmalarına görə edilən təzyiqlərdir. Mən dövlətimi sevirəm və dövlətçiliyimə sadiqəm. Apardığım araşdırmalar nazirlər və dövlət qulluqçuları barədə olub, hansı ki, hər biri öz özlüyündə böyük bir cinayət faktları haqqında məlumat kimi hüquq mühafizə orqanlarının diqqətini çəkməlidir. Lakin Azərbaycanda cinayət xarakterli məlumatların ictimailəşməsi çox qorxulu hala çevrilib. Başqa ölkələrdə belə jurnalist araşdırmalarından sonra həmin korrupsionerlər işdən çıxarılır, həbs olunur. Bizdə isə mənim özümü incidirlər. Xəstə adamı müalicə üçün ölkədən buraxmırlar.
- İndi necədir vəziyyətiniz?
- Çox pis. Son müayinədə həkim bildirdi ki, artıq müalicəylə düzələcək məsələ deyil, müalicənin vaxtı keçib. Mütləq əməliyyat lazımdır. Məndə hipofiz vəzinin adenoması var. Şiş düz sol gözümün sinir sisteminin üstündədir. Əməliyyat mənim sol gözümün kor olması deməkdir. Beyin əməliyyatında başqa hansı fəsadlar ola bilər, bunları da zatən bilirsiz. Mən yenə müalicəyə imkan tapa bilərdim, beyin əməliyyatı kimi bahalı və ağır bir əməliyyata mənim maddi gücüm catmaz. Kömək edəsi nə atam var, nə qardaşım, nə bacım, nə yoldaşım. Bundan sonra ölkədən çıxışımı açsalar nə olacaq ki?! Məni ölümə məhkum elədilər.
- Sizə başqa hansı təzyiqlər oldu araşdırmalarla bağlı?
- Ümumiyyətlə, son bir ildə çox əziyyət çəkdim. Keçən ilin noyabr ayında dərsdən çıxarkən oğlumu qara rəngli Jeep markalı maşınla yolda vurmağa çalışdılar. Mən əvvəl bunu təsaadüf hesab eləsəm də, 10 gün sonra eyni maşınla eyni hadisə təkrar olundu. Ondan sonra oğlumu bir müddət məktəbə buraxmadım. Sonra bu qorxutmalar davam etdi. Ziya Məmmədovla bağlı ikinci araşdırmam yayınlanandan sonra. Hər gecə müxtəlif saatlarda evimizin qapısı döyülməyə başladı. Amma adamı tuta bilmirdik. Düzünü deyim ki, ilk dəfə qorxmağa başladım. Əvvəl Şahvələd Çobanoğluna, sonra Azər Qasmlıya zəng elədim. Təsəvvür edirsiz, yeni tikili bina, aşağıda kodla qapı, amma hər gecə qapını döyüb qaçırlar. Baxırdıq bəzən səhərə qədər dəhlizin işığı sönmürdü, bilirsiz bu yeni binalarda işıqlar sensorladır. Orada kimsə gizlənirdi ki, işıq sönmürdü. Sonra gördüm ki, oğlumun axşam düşən kimi rəngi sapsarı olur. Bir müddət REAL İdarə Heyətinin üzvü Azər Qasımlıgildə qaldıq. Sonra mən bu barədə mənim işimi aparan müstəntriqə məlumat verdim. O bunun hakimiyyətin sifarişi olmasının qeyri- mümkünlüyünü, kiminsə şəxsi təşəbbüsü ola biləcəyini dedi. Amma mənim ona müraciətimdən sonra gecə qonağımız da yoxa cıxdı, daha bizi narahat eləmədi.
- Ümumiyyətlə, haralara müraciət eləmisiz?
- Hamıya. Baş Prokurora, Rüstəm Usubova, Eldar Əhmədova, Prezidentə həm vəkillərmin, həm mənim, həm də aktiv ictimai siyasi şəxslərin müraciəti olub. Ölkədən çıxışıma yasağın altında kimin imzası dayanır bilmirəm, amma bank hesablarımın bağlanması barədə göstərişi Baş Prokurorun birinci müavini Rüstəm Uusbov verib. Mən dəfələrlə getdim, saatlarla oturdum Prokurorluğun Qəbul otağında, köməkçisi Zaura bildirdim ki, gözləyirəm. Amma cənab Usubov məni qəbul eləmədi ki, mən özümə qarşı bu "yüksək diqqət"in səbəbini soruşum.
Prezidentə yazdığım məktuba isə Ağır Cinayətlər idarəsinin rəisi cavab yazır ki, baxacağıq. Və 1 aydır heç bir cavab yoxdur. Sonra da deyirlər ki, haqq-hüquq, müraciət. Mənim ölkədən çıxışımı zatən bu idarə bağlayıb, məktubumu təzədən göndərirlər onların üstünə, yaxşı, Prezidentə müraciətin nə əhəmiyyəti oldu? Mənim rəhmətlik yoldaşım da zabit idi, düşünürəm ki, o vəzifədə olsaydı heç kimin qızına qadınına, nə olursa olsun "güc göstərməzdi". İndi neynəyək ki, mənim yoldaşımı qara torpaq udub, bu "böyük" kişilər də onun ailəsinə zülm edir. Amma mən yenə də ölkə başçısının münasibətini gözləyirəm, madam deyir ki, mənə çox şey barədə məlumat verilmir, çox şeyi mətbatdan oxuyur, mən də mətbuatdan ona müraciətimi ünvanlayıram. Hansısa məmurun özbaşnalığını, korrupsiya faktlarını araşdırdığım üçün müalicə hüququmdan, hərəkət hüququmdan, işləmək hüququmdan sifarişli şəkildə məhrum olunmuşam. Mənim hüquqlarımın bərpası yalnız ondan asılıdır və mən bu müraciətimə cavabın müsbət olacağına ümid edirəm.
Sevinc TELMANQIZI, musavat.com