Məni yaralayan dünya...
24-08-2023 02:45 / Bu xəbər 1929 dəfə oxundu
"Arqument.az" Sevil Ülvinin şeirlərini təqdim edir:
İnsan yarat
Gerçəklərdən daha çox,
Nağıllara inandıq.
Göydən düşən almanı,
Allahın payı sandıq.
Salxım-salxım dərdilər,
Qismətimi ağacdan.
Sonra asılan gördüm,
Qonşunu o ağacdan.
Yorulmuşam, yuxumu,
Sulara danışmaqdan.
Özüm-özümdən küsüb,
Yenidən barışmaqdan.
Bu nə yoxsulluq Allah?
İnsan İnsan axtarır.
Kimi əlin, ayağın,
Kimi vicdan axtarır.
Kimsəsizəm, tənhayam,
Allah bilirəm, varsan.
Hərdənbir insan yarat,
Bilim ki, hələ sağsan.
Boşluq
Bir boşluq var dünyada,
Doldura bilmir insan.
Bu boşluğun içində,
Boğulur, ölür insan.
Bəzən sözlər də yetmir,
Dərdi izah etməyə.
Bəzən yol da tapmırsan,
Baş götürüb getməyə.
Gah dünyanı suçladı,
Gah da Allahı insan.
Bircə dəfə özünə
Dönüb baxmadı insan.
Anlamadı insanlar,
Bir-birini sözündən.
Beləcə insan düşdü,
Allahın da gözündən.
Dəlisov aşiq
Bir çiçəyə pıçıldadım,
Sənə könül verdiyimi.
Bir kəpənək qanadına,
Yazdım səni sevdiyimi.
Eşqə düşənlər içində,
Ən dəlisov aşiq mənəm.
Məni toplayıb çıxsalar,
Büsbütün ruhumla sənəm.
Nə həsrət, nə hicran olsun,
Sevginin dadı qaçmasın.
Elə sev ki, ruhum mənim,
Qəlbim sevginə acmasın.
Mən şam olum, sən pərvanə,
Dolan ey, dolan başıma.
Qıraqdan baxanlar desin,
Bəxtəvər qızın başına.
Qədir ağacı
Vallah dəyməz, dəyməz dünya,
Sənin qəhrini çəkməyə.
Mən gedirəm özüm üçün
Qədir ağacı əkməyə.
Ölsəm torpağı neynirəm,
Atın məni balıqlara.
Vurdu, böldü məni dünya,
Böldü məni qalıqlara.
Nə yoruldum, nə də küsdüm,
Çəkdim bu ömrün zillətin.
Bu qədər yükün altında,
Gördüm dünyanın minnətin.
Çürüdü əkdiyim ağac da,
Bilinmədi qədir-qiymət.
Mən dünyayla barışsam da,
Küsdü tale, küsdü qismət.
Yoxmu dünyanın düsturu,
Həll edib tapaq məchulu.
Hər dərdinə baş əydikcə,
Olduq bu dünyanın qulu.
Vallah dəyməz, dəyməz dünya,
Sənin qəhrini çəkməyə.
Mən gedirəm özüm üçün,
Qədir ağacı əkməyə.
Dua
Tək qalan ruhlar deyəsən,
Tanrıya sığınıb yenə.
Hansı duanı oxuyum,
Ruhum göydən yerə enə?!
Göy üzü dəlik-dəlikdi,
Saxlamır daha dua da.
Kimin hünəri çatar ki,
Yatmış Tanrını oyada?!
Hamı yatıb mənsə oyaq,
Artıq dan yeri sökülür.
Gecə etdiyim duallar
Bir-bir üstümə tökülür.
Göylərə yol varmı?
Məni anlayan olmadı,
Qaldım Tanrıyla baş-başa.
Məni insanlar duymadı,
Gedirəm göylərə daha.
Yolumu da unutmuşam,
Mən hardan gəlmişəm görən?
Azan səsi gələn köydən,
Yol varmı göylərə görən?
Sənə verirəm hər şeyi,
Heç nə istəmirəm dünya,
Səndə aradım hüzuru,
Mən göylərdə tapdım dünya.
Ruhum o qədər yorğun ki,
Mələklər, aparın məni.
Torpağın altında deyil,
Göylərdə dəfn edin məni.
Gecə üçün yarısı...
Gecə üçün yarısı...
Gözlərim bimar düşüb, yuxum da gəlmir yatam,
yatam ki, bəlkə keçə ürəyimin sancısı...
Gecə üçün yarısı...
Bu nə idi yerimin içinde sancdı məni,
Hardan girib otağa görən ilan balası?..
Gecə üçün yarısı...
Oyaqlar yatanlardan niyə çoxdur bu qədər?
Bu qədərmi çox olur gecələrin ağrısı?..
Gecə üçün yarısı...
Görəsən, necə olur, yuxusuz gecələrdə
Tanrı ilə bəndənin yaxınlaşma çabası?..
Gecə üçün yarısı...
Yata bilməyənlərə əllərim şeir yazır,
yazır ki, bəlkə keçə ürəyimin agrısı...
Gecə 3ün yarısı...
Niyə keçmir, görəsən, ürəyimin sancısı?
Keçmir ki, bir az yatam, gecə üçün yarısı...
Kim ağlayacaq?
Bir boşluğun içindəyəm,
Yolumu azmış kimiyəm.
Bilirəm bahar fəslidir,
Amma mən payız kimiyəm.
Bir az isti, bir az sərin,
Yaram dərindən də dərin.
Məni yaralayan dünya
Özü sanki nazlı gəlin.
Varsa həyası dünyanın,
Məndən istəməz bu canı.
Qoymadı rahat yaşasın
Allah verdiyi bu canı.
Anam da yox ağlamağa,
Mən ölsəm kim ağlayacaq?
Dünyaya vida edəndə,
Gözümü kim bağlayacaq?