Məni yarsan, görərsən ki...
23-03-2023 00:12 / Bu xəbər 2012 dəfə oxundu
Arqument.az Eminquey Akifin şeirini təqdim edir:
məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.
məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam...
məni yarsan, görərsən ki,
içimdə milyon dilim var - anlaşılmayan...
birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan...
məni yarsan, görərsən ki,
içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım...
məni yarsan, görərsən ki,
içimdə milyon ölüm var,
sağam hələ ki...
biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi...