Məşhur İtaliya şirkətindən "Qarabağ" qalstukları - FOTO

Məşhur İtaliya şirkətindən

03-08-2015 17:39 / Bu xəbər 2388 dəfə oxundu

Bakıda üzərində Qarabağa aid elementlər əks olunan qalstuklar alıcıların ixtiyarına verilib.

Qaynar.info-nun verdiyi xəbərə görə, İtaliyanın "Andrew’s Ties” brendi, Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi "La Cravatte Italiana” şirkətinin sifarişi ilə "Qarabağ” və "Xarı bülbül” mövzulu qalstuklar istehsal edib.

"Qarabağ” qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarı bülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib. Bu qalstukun quyruq hissəsində Qarabağ xalçalarının ornamentləri yerləşdirilmişdir.

Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarı bülbül gülünə isə ayrıca qalstuk həsr edilib.

Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində "Qarabağ, Azərbaycan” sözləri yazılıb.

Qalstuklar 100% ipək materialdan hazırlanıb, ikiqat jacquard toxunuşa malikdir, eni 8 sm, uzunluğu 154 sm-dir.

Qeyd edək ki, şirkət ötən il Qarabağ xalça və kiliminin qalstuk üzərinə köçürülməsini həyata keçirib. Brend 2013-cü ildən Azərbaycanda təmsil olunur.

Qalstukları Şirkətin Səməd Vurğun küçəsi 56 ünvanında yerləşən butikindən və ya Vitrin.Az online mağazasından əldə etmək mümkündür. 

Arqument.az