“Meyxanaçı” Herodotun “Tarix” kitabı...

“Meyxanaçı” Herodotun “Tarix” kitabı...

25-01-2015 16:17 / Bu xəbər 1464 dəfə oxundu

Şəmşad Ağa

Azərbaycanda milli-mənəvi və bəşəri dəyərlərin dalana dirəndiyi bir dönəmdə qeyri-ciddi və qeyri-estetik zövqlərin ortaya çıxardığı əndrəbadi nəsnələr televiziya, media və hətta elektron KİV-ləri zəbt edib.

Bu baxımdan bir neçə gün öncə ANS-in efirində Rövşanə Bektaşının aparıcısı olduğu verilişdə yaranmış meyxanaçı-yazar qalmaqalı da mətbuatda və ictimaiyyətdə birmənalı qarşılanmadı. Əslində bu, ciddi və qeyri-ciddi zövqlərin bir növ qarşıdurması kimi yozulmalı idi. Belə ki, meyxananın ciddi ədəbiyyat kimi cəmiyyətə təqdim olunması da haqlı mübahisələrə səbəb olur. Düzdür, meyxananı müəyyən mənada kütlə sevir, amma bu, onun ciddi ədəbiyyat nümunəsi olmasına dəlalət etmir. Çünki kütlə özü də heç vaxt ciddi olmayıb. Düşünmürəm ki, bu gün meyxanaya yuxarıdan aşağı baxan yazarlar bunu paxıllıq hissindən edirlər. Əksinə, təqdir edirəm ki, bu yazarların meyxananı ciddi ədəbiyyat kimi cəmiyyətə sırınmasına qarşı çıxırlar.

Ötən günsə Kulis.az-da Cavid Cabbaroğlunun meyxananın tarixini az qala eradan əvvələ, hətta Herodota aparıb çıxarması və öz fikrini təsdiq etmək üçün mərhum Herodotdun "Tarix” kitabından və Elmir Mirzəyevdən də sitat gətirməsi məni bu mövzuda yazmağa vadar elədi. Və meyxana barədə düşüncələrimi yazmaq qərarına gəldim. Bəli, əslində bu, bir cavab yazısı deyil, sadəcə olaraq nəzəri düşüncələrimdir. Bu da ondan irəli gəldi ki, demək yeni bir problem ortaya çıxıb: bundan sonra durub deyəcəklər ki, Herodot da  "meyxanaçı” olub.

Bir şeyi də yazar həmkarlarıma xatırlatmaq istəyirəm ki, bu günün özündə də Azərbaycanın yetişməkdə olan gəncliyi ciddi bir problem yaşayır: pisxologiyada buna "Qavrayış” deyirlər. Bu gəncliyi isə aldatmaq və öz mənasız azarkeşinə çevirmək üçün televiziyalar ən gözəl vasitə kimi "meyxana”nı seçiblər. Halbuki hər zaman özümüzdən əvvəlki nəsli sovet düşüncəsinə yüklənməkdə ittiham edirik.

Klassik ədəbiyyatı az-maz bilən birisi kimi iddia edə bilərəm ki, meyxananın klassik ədəbiyyata aid olması nəzəri baxımdan yanlışıdır. Bəs folklora necə?

- Birincisi, folklorun istənilən janrının konkret müəllifi olmur. Amma meyxana müəllifli bir janrdır. Şifahi xalq ədəbiyyatında nəğmələrdən tutmuş (holavar, sayaçı sözlər, bayatı, oxşama, mövsüm-mərasim nəğmələri, qaravəllilər, xalq mahnıları) dastanlara qədər bir çox janrlar sıradan bir orta məktəb şagirdinə də məlumdur. Yaxşı, orta məktəb şagirdləri bir yana, özünə professor, alim deyənlər şifahi xalq ədəbiyyatından bir meyxana nümünəsinin adını çəkə bilərlərmi? Folklorun yaranma tarixi məlum olmadığı bir halda, meyxananın Əliağa Vahiddən, bir az da dəqiq desək, XIX əsrdən o tərəfə keçmədiyini hamı bilir. Belə çıxır ki, elmin, texnikanın inkişaf etdiyi XX əsrdə Azərbaycan xalqı hələ də Herodotun ətrafında hərlənib "folklor” istehsal edirmiş?!

Bu yerdə Namiq Qaraçuxurlunun meyxanasından bir sitat:

Folklor janrıdı, bir qoludu ədəbiyyatımızın,
Bu səbəbdən əruzla əlaqədardı meyxana...

Diqqətlə oxuyun, folklor-əruz – daban-dabana zidd anlayışlar... Əruzun Azərbaycan ədəbiyyatına gəlmə bir vəzn olduğunu da bilməmiş deyilsiniz. Əgər meyxana əruzla əlaqədardırsa, haradan folklor oldu?

Əruz dilçilik üzərində qurulan bir vəzndir və İslamdan öncə də mövcud olub. Xəlil ibn Əhməd Fərahidi isə sadəcə bunu təfilələr-bölgülər və bəhrlər halında sistemləşdirib. Və bu da şeir vəzni olaraq ərəb dilçiliyində fellər - "fəələ” təfilələr üzərində qurulub. Bu baxımdan da əruz həm də ərəb dilçiliyində elm sahəsidir. Elmin isə şifahi - folklor variantı olmur.

- İkincisi də, ta cahiliyyə dövründə əruz ərəblərdə yazılı ədəbiyyat nümunəsi olub. Bu dövrdə də ərəb ədəbiyyatı bədəvi və şəhər ədəbiyyatına bölünürdü. Həmin dövrdə tanınmış şairlərin seçilmiş şeirləri isə o vaxtkı bütxanədən – Kəbə qapılarından asılırdı. Hətta cahiliyyə dövrünün məşhur şairlərindən biri - Kəb ibni Zübeyr Kəbə qapısından asılan bir şeirində də Məhəmməd Peyğəmbəri həcv etmişdi. Sonralar peyğəmbərin alicənablığını və İslamın şerə verdiyi böyük qiyməti görüb sonralar Mədinəyə gələrək yazdığı "Va nəfsua”(Vay halıma) və ya "Əl-burdə” (Əba) mədhiyyəsini Peyğəmbərə təqdim edərək onun yaxın şairləri sırasında yer alır, səhvini etiraf etmək məcburiyyətində qalır. Nə isə... Bunu ona görə misal çəkidim ki, əruz o zaman yazılı ədəbiyyatda tətbiq olunub. Əruzdan anlayışı olan biri kimi bunu da deyə bilərəm ki, meyxana bütün hallarda əruzun da tələblərinə cavab vermir...

Biz deyə bilərikmi, "Əruz” şeirimizin ana vəznidir? Axı, bizə qədər qalaq-qalaq kitablar yazmış alimlər Azərbaycan şeirinin ana vəzni kimi "Heca”nı göstəriblər. Belə olan halda, meyxana haradan folklor oldu? Ya bizim folklorumuzdan bir nümunə - nəğməmi deyək, mahnımı, bayatımı deyək, sitat gətirə bilərsinizmi o əruz vəznində olsun. Digər bir tərəfdən meyxananın yazılı ədəbiyyat nümünəsi olmadığı da göz qabağındadır.

Düzdür, meyxananın varlığını danmıram, amma onu ciddi ədəbiyyat olmadığını iddia edən yazarlarla da bu məsələdə razıyam.

Cavid Cabbaroğlunun fikrinə gəlincə, onu deyə bilərəm ki, nəinki Azərbaycanda,  dünyada "Toponimika” elmi hələ ki, özünü doğrulda bilməyib. Bu elm bizdə XX əsrin 50 illərində geniş təşəkkül tapmağa başlayıb. Abbasqulu ağa Bakıxanovun massagetlərin maştağalı olması barəsindəki fikri isə sadəcə toponimikanın bir qeyri-dəqiq versiyasıdır. Bundan əlavə, massagetlər Araz çayı sahilində yaşayıblar. Hələ bunu Amudəryaya qədər aparıb çıxaranlar da var. Kirlə Tomris arasındakı savaş da Araz çayı sahilində olub. Belə çıxır ki, ya Araz da öz məcrasını dəyişib ya da xalqların böyük köçünü massagetlər də yaşayıb. 

Xalqların böyük köçü eramızın III-IV əsrlərində hunlarla başlayıb. Massagetlərlə Kir arasında savaş isə eramızdan əvvəl 530-cu ildə baş verib. Yazarın "Sovet dövründə Bakı kəndlərində belə bir adət vardı - qadın olan məclisdə meyxana deməzdilər. Meyxanaçılar toyun axşam saatlarında məclisə təşrif buyurar, əvvəlcə bəy tərifi deyərdilər. Toyun sonuna yaxın isə qadınlar mağardan çıxarılar və deyişmə başlardı” fikrinə gəlincə, bununla tam razıyam. Amma Tomris adlı qadının da massagetlərə - maştağalılara rəhbərlik etməsi və meyxanaya qulaq asması, nəşələnməsi yuxarıdakı fikirlə paradoksal bir ziddiyyət təşkil edir. Axı, adətlər itmir, sadəcə zaman-zaman müəyyən dəyişikliyə məruz qalır.

- Elmir Mirzəyev kifayət qədər ciddi bir yazardır və onun yazılarının bir oxucusu kimi deyə bilərəm ki, onun "Zirzəmidən televiziyaya: meyxananın deqradasiyası” adlı yazısı heç də meyxananın müdafəsi məqsədi ilə yazılmış bir yazı kimi mükəmməl deyil. Çünki bu gün meyxanaçılar da deyirlər ki, biz bu janrı küçə düşüncəsindən, küçə əxlaqından xilas etməyə çalışırıq. Əcəb işə düşmüşük. Nə vaxt bu janrı elitar bir əxlaqa, düşüncəyə hesablanmışdı ki?  Demək kökü küçədən, tindən, dalandan gəlib və özləri də haqlı olaraq bunu etiraf edirlər.

Meyxana ifadəsinin klassik şeirdə işlənməsinə gəlincə: "Ayrı bilmişsən Füzuli, məscidi meyxanədən, Səhv imiş ol kimsəni biz əhli-irfan bilmişik” – bunlar tamam fərqli şeylərdir. Çünki burada "mey” ərəblərdəki əbcəd hesabı ilə 14 məsuma işarədir. Bu ifadəninin isə hazırkı dövrdəki meyxana janrı ilə heç bir əlaqəsi yoxdur. Çünki meyxana irfan-əhlinin deyil, kütlənin psixologiyasına hesablanıb. Ancaq bütün bunlara baxmayaraq, meyxana da bir janr kimi lokal bir ərazidə yaranıb və bu gün də yaşayır. Təbii ki, bu janrın da öz dinləyiciləri, azarkeşləri var. Bu səbəbdən də meyxanaya münasibətim kəsin düşmənçilik xarakteri daşımır. Amma bunun nəzəri baxımdan hansı ədəbiyyata adi olduğunu izah etmək şəxsən mənimçün çətin oldu. Bu, nədirsə, amma, ancaq, lakin onu ifa edənlər heç özləri də bilmirlər... Yəqin bu da ayrı bir ədəbiyyatdır ki, bizim ondan xəbərimiz yoxdur.

Sonda söhbət ciddi ədəbiyyatdan gedirsə, onun meyxana ilə müqayisəsi Barak Obamanın Azərbaycanın hansısa bir icra başçısı ilə müqayisəsi qədər gülünc alınır. Bunu da nəzərdən qaçırmaq lazım deyil.

Kultaz.com
12.12.2011