Ümid

Ümid

05-11-2024 19:57 / Bu xəbər 536 dəfə oxundu

Əbil Həsən

H e k a y ə

Güllü xala bizim qonşumuz idi. Tək yaşayırdı. Hər gün onlara gedirdim, evini təmizləyəirdim, bulaşıq qab-qacağını yuyurdum, bulaqdan su gətirirdim. Bəzən gecələr də onunla qalırdım. Bir sözlə, nə olursa-olsun onu tək buraxmırdım. Güllü xala bütün bunlara sevinirdi, divardan asılmış şəkli göstərib: "Qoy, Faiq gəlsin, səni Faiqə alacağam”, - deyirdi. 
                                                                                     ***

O, çuğunu çoxdan tökülmüş parçı gücü çatdığı qədər yerə aram-aram vurub, zarıyaraq səslənirdi: "Su! Su.u.u.u!" 

Qolundakı zəncirləri həm də ayaqlarına möhkəmcə bağlamışdılar. Göz qapaqlarını ağır-ağır qaldıran adam, bəlkə də sonuncu dəfə əlindəki parçı yerə vurub inildədi:
- Su.u.u.u.u.u!

- Mən o vaxt orda deyildim. Bütün bu dediklərimin heç birini gözümlə görməmişəm amma bilirəm. İndi sən göz bəbəklərində yaş gilələndirib düz gözümün içinə baxırsan. Baxırsan ki, gözlərimin içində onu görəsən. Görəcəksən! Bilirsən niyə? Çünki mən onun kimilərini çox görmüşəm... Hər şeyi danışım? Sən buna dözəcəksən? Sənə yazığım gəlir...

- Faiq müharibə başlayanda Milli Orduya yazılan ilk könüllülərdən biri idi. Kənddə belə söz-söhbət gəzirdi ki, Faiq itgin düşüb. Bir də bunu deyirdilər ki, Faiq, ölüb. Ancaq bütün bunlar barədə Güllü xalaya heç kim nəsə deməyə cəsarət etmirdi. Çəkinirdilər... Güllü xala isə oğlunun sağ olduğuna inanırdı, nə vaxtsa oğlunun evə dönəcəyini gözləyirdi. 

Tövləsində boynuna qırmızı ipək parça bağlanmış bir qoç saxlayırdı ki, Faiq gələndə qurban kəssin. Faiqin toyu üçün bir neçə erkək dana da tədarük görmüşdü. Tez-tez də mənə: "Qızım, Faiqi gözləyəcəksən, eləmi?” - deyə sual verirdi. Sözün düzü, mən də Faiqin ölməsinə inanırdım, amma Güllü xalanın xatirinə dəyməmək üçün başımı tərpədərək yüngülcə "hə” deyirdim...

Birdən, o, qızın sözünü ağzında qoyub dedi:

- Axmaq! Sən Güllü xalaya niyə ümid verirdin?
- Ümid... Mən... Mən... 

Hər dəfə mənə elçi gələndə Güllü xalanın üz-gözündən kədər yağırdı. Elə olanda sanki Faiqin yoxluğunu qəbul edirdi. Mən də yaşıdlarım kimi gəlin paltarı geyinmək, ailə qurmaq, ana olmaq istəyirdim. Ancaq onun bu halını görüb, valideyinlərim və qohumlarım tərəfindən danlansam da, gələn elçilərə "yox!” deyirdim. Bilirsən niyə?
- Niyə?
- O qədər olub ki, oğulları üçün gözaltı elədikləri qızların toyunu görüb ürəyi partlayan analar...Buna görə də mən öz xoşbəxtliyimi Faiqin anasına, Güllü xalaya qurban vermişdim. Elçilərə "yox” deyəndən sonra arvadın üz-gözündə ümid işığı yanırdı, ümidlənirdi...
- Sənin artıq qırx yaşın var və sən indi sadəcə bir fahişəsən.
- O yaşdan sonra kim olmalı idim ki?! 
                                                                            ***
- Su! Su.u.u.u!
- Ey.y.y.y! Qəhbə türk, su istəyirsən? Uzat o əlindəki zibili, sənə su verəcəyəm.

O, əlindəki parçı döşəmətəni deşikdən çölə uzatdı. Bilirsiniz nə oldu? Erməni zabiti çuğunu tökülmüş parça işədi. Elə bilirsiniz o bunu edəndə şaqqanaq çəkib güldü? Yox! O bunu sakitcə etdi. Heç bir kəlimə də demədi. Susuzluqdan dodaqlarından qan əmən adam, parçın içindəki işəməyi qoxulayıb, yerə töküb, zarıyaraq, dedi:
- Ey.y.y.y! Qəhbə erməni, mən sənə təşəkkür edirəm!
- Niyə?
- Ümidləndirmişdin...

                                                                                       ***

- Artıq iki il keçmişdi. Gözlərim qapıda qalsa da, daha elçilər gəlmirdi. Güllü xala xəstələnmişdi, əvvəlki taqəti qalmamışdı. Ona məndən başqa qulluq edəcək bir kimsəsi yox idi. Bir gün sandıqdan dəsmala bükülü bir bağlama çıxartdı. Bağlamanın içindən qızıl üzüyü götürüb, barmağıma taxdı. Biz göz-gözə gəldik. O da gülümsəmirdi, o da sevinmirdi, mən də. Onun da gözlərində kədərli bir ümid vardı, mənim də. İkimiz də, əvvəlcə baxışlarımızı bir-birimizin əllərinə zillədik. Sonra mən başımı qaldırıb, Faiqin divardan asılan şəklinə baxdım. Güllü xala isə iki əlinin ovuclarında, taleləri yarımçıq qalmış xətlərin arasında nişan üzüklü barmağımı gizlətdi... Mən Faiqə naşanlandım.  

Bir neçə gün sonra o öldü. Güllü xalanın Faiqin toyu üçün tədarük gördüyü heyvanları da kəsdilər. Kəsib, Güllü xala üçün ehsan verdilər. Mən isə Faiqin divardan asılmış şəkli ilə tək qaldım. Hər gün Faiqin şəklinin tozunu alırdım. Hər gün Faiqin şəkli ilə danışırdım. Mən taleyimlə barışmışdım, Faiqin divardan asılmış şəklinə vurulmuşdum. 
- Sonra nə oldu?
- Sonra anam, atam, kəndin yarıdan çoxu bir gecədə qəfil basqınla Ermənistan ordusuna əsir düşdü. Mən qaçıb, güclə canımı qurtardım. Bakıya gəldim. Heç kimi olmayan adam necə olar? Qışın soyuğunda küçədə də, yatmaq olmur. Restoranlarda gecələdim. Kimdən yemək, iş və yatmağa yer istədimsə, o kimsə ilə yatmağa məcbur qaldım. Mən bax belə fahişə oldum.
- Dəhşət...
- Yox, çarəsizlik. Sən heç bilirsən çarəsizlik nədir? 
- Bilirəm.
- Nədir?
- Sənə demişdim – aylarla erməni əsirliyində qaldığımı.
- Hə, dermişdin. Amma ümid edirdin. Mənim kimi, ümidlərin ölməmişdi. Sənin anan, atan, qardaşların kənddən sağ-salamat qaça bilmişdi. Onlar səni axtardılar və tapdılar. Sənin əsirlikdən azad edilməyin üçün bir erməni zabitinə özün ağırlığında pul verdilər. Faiqi məndən başqa heç kim axtarmırdı. Faiq də kimsəsiz qalmışdı, mən də. Elnur, bilirsən yadıma nə düşdü?
- Nə?
- Sən və Faiq cəbhəyə yollananda Güllü xala arxanızca su atmışdı. Sonra qəfil Faiq geri çevrilib mənə göz vurmuşdu. Heç kim görməsə də, sən bunu görmüşdün. Faiq yaman qızarmışdı.
- Unutmamısan. 
- İyirmi il keçib... 
O, bir az susub, birdən soruşdu:
- Sən demədin; Çarəsizlik nədir?
- Bura bax, mən səninlə evlənmək istəyirəm.
- Sən fahişə olduğumu bilirsən.
- Bilirəm.
- Bu axmaq fikir hardan ağlına gəldi? Niyə mənimlə evlənmək istəyirsən?
- Bir vaxtlar çarəsiz qaldığımı unutmaq üçün. Özümü bağışlamaq üçün.
- Başa düşmədim...

                                                                                 ***

- Su! Su.u.u.u.u.u! 
Divarları buz kəsmiş otağın çöldəki soyuq günəşdən xəbəri yoxdur. Kiçik bir işıq süzülür, o da, döşəmətəni əl boyda deşikdən. Bu, ümid işığıdır. Bu otaqda keçən iki yüz iyirmi səkkiz günlük əsirlik, iki yüz iyirmi səkkiz illik ölümə bərabərdir. Mən bu hekayənin müəllifi kimi sizi əmin etmək istəyirəm ki, mənim qəhrəmanım ölmək istəmədiyi üçün ölməyib. Yoxsa o ölmək istəsəydi, çoxdan ölərdi. İndi bu yazdıqlarımı diqqətlə oxuyun, hər şeyi biləcəksiniz!
 
Zindanın dəmir qapısı açılır. İki nəfər yaralı bir əsgəri sürüyərək içəri daxil olur. Yaralı əsgər cırılmış qarnını qucaqlayıb, bağırsaqlarının yerə tökülməməsi üçün. Onu yerə uzadırlar və başına bir neçə təpik ilişdirib, dayanırlar. Gözləyirlər. Sonra bu iki ermənidən biri, qarnı cırılmış əsgərin boynundakı şah damarını yoxlayıb, "ölmədi” – deyir.
- Ölmədi?
- Yox!
- Oğraşda it canı var.
- Nə edək?
- Bu oğraşı sürüyüb çıxart, bayıra!
- Yaxşı.
Erməni əsgəri, Faiqin köynəyinin boynundan tutub sürüdü. Erməni zabiti isə qapını açıb gözləyirdi. Gözləyirdi ki, əsgər Faiqi zindandan çölə çıxartsın. Birdən huşunu itirmiş Faiq oyanıb qışqırdı: Ana.a.a.a.a.a!

Zabit və erməni əsgəri diksindi. Qapını tutan zabit, Faiqin qarnına zərblə bir təpik ilişdirdi. Onun bağırsaqları yerə töküldü. Yerdə sürüklənən Faiqin bağırsağı qapının tininə ilişib, uzandıqca, uzandı. Faiq, hələ də: "Ana.a.a.a.a.a.a!”, - deyib zarıyırdı. Qapını tutan erməni zabiti, bağırsaqlardan gələn pis qoxuya görə qəzəbli idi. O belindəki bıçağı çəkib, söyə-söyə karidora çıxdı və Faiqi sürüyən əsgərə  dayanmasını əmr etdi:
- Dayan! Bunun anasını s...m!

Sonra o bıçağı Faiqin boğazına aparanda gözü zindanın qapısına sataşdı. İki yüz iyirmi səkkiz gündür o zindanda əsir olan Elnur, qapının arasından onlara baxırdı. O dizləri və dirsəkləri üstdə dayanmışdı. Qollarına bağlanmış zəncirin bir ucu ayaqlarına bağlandığı üçün ayaq üstə dura bilməzdi. O sadəcə iməkləməyi bacarırdı. Elnur bərəlmiş gözlərini erməni əsgərlərinə zilləmişdi. Onun gözlərində ölüm qorxusuna aid hər şey var idi. İndi özü də istəmədən erməni əsgərlərlə göz-gözə gəlmişdi və qorxudan özünü itirib, gülümsədi. Bıçaqı Faiqin boğazına dirəyən erməni zabiti qışqırıb dedi:  
- Ə.ə.ə.ə.ə! Nəyə gülürsən? Buraya gəl!
Elnur, iməkləyə-iməkləyə onlara tərəf getdi və gəlib düz erməni zabitinin ayaqlarının dibində dayandı. Erməni zabiti əlindəki bıçağı Elnura verib dedi:
- Kəs, bu itin başını!
- Kəsim?
- Hə!
- Yaxşı...

                                                                                  ***

- Sən demədin; Çarəsizlik nədir?
- Bura bax, mən səninlə evlənmək istəyirəm.
- Sən fahişə olduğumu bilirsən.
- Bilirəm.
- Bu axmaq fikir hardan ağlına gəldi? Niyə mənimlə evlənmək istəyirsən?
- Bir vaxtlar çarəsiz qaldığımı unutmaq üçün. Özümü bağışlamaq üçün.
- Başa düşmədim...
- Heç nə...