Mircəlal Zəkinin tərcümə etdiyi "Sirlər xəzinəsi" Təbrizdə nəşr olunub - FOTO
13-01-2021 16:44 / Bu xəbər 1227 dəfə oxundu
"Şeyx Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin Təbrizdə ana dilimizdə nəfis tərtibatda nəşr edilməsinə vəsilə olduğum üçün özümü xoşbəxt sayıram. Böyük Nizaminin əsəri dərc olunmuş kitabda öz adımı da görmək, ayrıca bir zövq verdi".
Bunu şair Əvəz Qurbanlı feysbuk səhifəsində yazıb.
Əvəz Qurbanlı
O bildirib ki, əsər Azərbaycan dilində, lakin fars əlifbası ilə Təbrizdə dərc edilib: "Tərcüməsi mərhum nizamişünas və tərcüməçi, ustadımız Mircəlal Zəkiyə məxsus olan bu kitabın təqdimatını pandemiya səbəbindən Bakıda keçirə bilməsək də, Təbrizdə Beynəlxalq Kitab Sərgisində nümayiş olunduğuna sevinirik".
Qurbanlı kitabın ərsəyə gəlməsinə yardım edənlərə də təşəkkür edib: "Bu işdə böyük zəhmətləri olan təbrizli dostlarım Qulamrza Rəzmiyə və Mürtəza Səlmaniyə çox-çox təşəkkür edirəm. Eyni zamanda, dəyərli məsləhətlərini təbrizli dostlarımızdan əsirgəməyən Məryəmxanım Zəkiyevaya da (Mircəlal Zəkiyevin qızı) dərin minnətdarlığımı bildirirəm".
Mircəlal Zəki
"Bunu da qeyd etməyi vacib sayıram ki, Mircəlal Zəkiyevin tərcüməsi əvvəlki tərcümələrdən fərqli olaraq, əsərin bir sıra orijinal xüsusiyyətlərini özündə daşıyır: mütərcim bu əsəri orijinalda olduğu kimi - əruz vəzninin *səri* bəhrində, bir çox yerlərdə qafiyələri saxlamaqla, bəzi yerlərdə hətta bədii ifadə vasitələrini daha da zənginləşdirməklə tərcümə edərək, Azərbaycan ədəbiyyatına böyük töhfə verib", - Əvəz Qurbanlı bildirib.
Nizamişünas, şair Mircəlal Zəki 2019-cu ilin mayın 17-də Bakıda vəfat edib və doğulduğu Maştağa qəsəbəsində dəfn edilib.