Musa Yaqub özünə oxşayırdı
11-05-2021 01:44 / Bu xəbər 2910 dəfə oxundu
Cəmil Həsənli
Onun sözü də özü kimi sadə və səmimi idi. Min illik poeziya tarixində özünəməxsus bir cığır açmışdı. Heç kəsə oxşamağa çalışmırdı, özünə oxşayırdı Musa Yaqub. Həzrəti Musa kimi sehirli çubuğu olmasa da, təbiətin sözdə ifadə olunan möcüzəsi kimi çoxlarını öz sözünün sehrinə sala bilmişdi.
Onun şeirlərindən quşların səsi, yarpaqların pıçıltısı, çayların, bulaqların zümzüməsi gəlirdi. Sözləri də özü kimi dağların qoynuna sığınmışdı.
Sözdən söz düşmüşkən, Musa Yaqub sözü cilalamadan, ram etmədən, onu öz poetik süzgəcindən keçirmədən, öz lirik düşüncəsinə doğmalaşdırmadan ona meydan verməzdi.
Onun bir-birindən gözəl əsərlərində söz-sözü çəkir, nizamı pozulmuş dünyadan fərqli olaraq hər söz, hər kəlmə, hər ifadə öz yerini bilir, sözün qüdrəti heyrətamiz şəkildə poetik ifadə formasında təcəlla edir.
Musa Yaqub örnək ola biləcək qədər maraqlı bir şəxsiyyət, tamahsız bir ziyalı, təmənnasız bir şair idi. Nəinki maddi, heç poetik təmənnası da yox idi Musa Yaqubun. Ölkədə bütün ədəbi və mədəni mülkiyyət özəlləşdiriləndə Musa Yaqub da sözü özəlləşdirdi.
Ona görə şeirləri heç kimin şeirlərinə, yaşayışı heç kimin yaşayışına, dərdi heç kimin dərdinə bənzəmirdi. Onun dərdinin də ayaqları var idi və qarabaqara onu izləyirdi.
Bir çox Azərbaycan "xalqçıları" hökumətdən bütün imtiyazları alandan sonra Fəxri Xiyaban üçün "işləyir" və bu "elitar" dəfn yerinə prezident aparatından etibarlı qəbz alandan sonra arxayınlıqla "axirətə" qovuşurlar. Təbiətin qoynundan çıxmış Musa Yaqub bu baxımdan da cəmiyyətə örnək verdi.
Çoxlu görüşlərimiz, söhbətlərimiz olmuşdu Musa Yaqubla. Onun şeirlərini öz dilindən eşitməyin ayrı bir gözəlliyi vardı. Çünki o şeirlər dərdini o, hamıdan yaxı bilirdi, onun qəlbindən doğan hər kəlmənin ahəngini, cizgilərini, sözün ləngərini və rəngini, eniş-yoxuşunu onun özü kimi heç kim ifadə edə bilmirdi.
Səsli-küylü Bakıda da, təbiətin incisi olan Buynuzda da Musa Yaqubun həmişəyaşar söz incilərini biz onun öz dilindən eşitmişik və bu incilər poetik yaddaşın həzin bir səsi, isti bir nəfəsi kimi tək təbiəti deyil, cəmiyyəti də isindirəcək, sözün səhəri kimi açılacaq və hələ uzun müddət çoxlarını sözün sehrinə salacaq.