Müsavat Şuşaya “İsgəndər-M” raketinin atılması ilə bağlı bəyanat yaydı

Müsavat Şuşaya “İsgəndər-M” raketinin atılması ilə bağlı bəyanat yaydı

02-04-2021 17:08 / Bu xəbər 1631 dəfə oxundu

Müsavat Partiyası Şuşaya "İsgəndər-M” raketinin atılması ilə bağlı bəyanat yayıb.

Bu barədə arqument.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. 

"Bu fakt Rusiyanın Azərbaycana qarşı birbaşa hərbi aqressiyasının sübutudur”, - Müsavat belə hesab edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhəri ətrafında "İsgəndər” raketlərinin qalıqlarını aşkarlayıblar.

Həmin raket qalıqlarının Rusiyanın Ermənistana verdiyini rəsmən açıqladığı "İsgəndər-E” modifikasiyasına deyil, raket komplekslərinin daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən "İsgəndər-M” versiyasına aid olduğu ortaya çıxıb.

Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin ixracı 1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanan "Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə ziddir.

ANAMA raketin identifikasiya nömrəsini və düşdüyü ərazinin coğrafi koordinatlarını da açıqlayıb. Bu identifikasiya nömrəsinin məhz Rusiyanın istifadəsində olan "İsgəndər-M” raket komplekslərinə aid olduğu həm Azərbaycanın, həm də Rusiyanın hərbi ekspertləri tərəfindən təsdiqlənib.

Müsavat Partiyası bu faktı Rusiyanın Qarabağ müharibəsində nəinki Ermənistana hərbi-siyasi dəstək verdiyinin, hətta hərbi əməliyyatlara bilavasitə qoşularaq Azərbaycana nöqtə zərbələri endirdiyinin – hərbi aqressiyanın sübutu kimi qiymətləndirir.

Müsavat Partiyası hesab edir ki, Azərbaycan hakimiyyəti rəsmi Moskvdan izahat tələb etməklə yanaşı, 44 günlük Qarabağ müharibəsində Rusiyanın qadağan olunmuş silahlarından Azərbaycana qarşı itifadə olunması faktları ilə bağlı beynəlxalq təşkilatlara rəsmi müraciət etməli, Qarabağ nizamlanması prosesinin Rusiyanın monopoliyasından çıxarılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.

Partiya Azərbaycan ictimaiyyətini və siyasi qüvvələri bu məsələdə həmrəylik nümayiş etdirməyə, ölkənin maraqlarına uyğun olaraq prinsipial mövqe ortaya qoymağa çağırıb.