Nail Nurəddinoğlunu niyə çox istəyirəm?
18-01-2015 01:43 / Bu xəbər 3924 dəfə oxundu
Xəyalə Zərrabqızı
Nail Nurəddinoğlu - Ley-pey Qəmbər...
Onu niyə bu qədər çox istəyirəm? Bəlkə də, izah edə bilməyəcəm. Bəzən çox dəyər verdiyin adamlara bəslədiyin böyük rəğbəti, sevgini balaca səbəblərlə bağlayıb izah etmək olmur. Nailin yazılarından bircə abzas oxuyun. Adam hər cümləsində özüdü; bircə hərf də özünü gizlətmir, başqa cür təqdim etmir, yaxşı adam obrazı yaratmağa çalışmır. Onu oxuyub duyduqca, iç dünyasının dərinliyini kəşf elədikcə, necə adam olduğunu anlayırsan...
Hər şeyi o qədər səmimi, içdən yazır ki, bu saf ürəyin sahibini sevməyə bilmirsən. Əslində, hər yazı insanın özünüifadəsidir. Nail böyük ürək sahibidi; aydın mövqeyi, cəsarətli sözü, həssas yanaşması, olduqca maraqlı müşahidələri və onu "Ley-pey Qəmbər” edən orijinal yumoru var.
Nail haqqında ən xoşuma gələn sözü böyük qardaşım İlqar Vəliyev dedi: "Bacım, bilirsən, filankəslərin bütün tayfası Nailin bir cümləsinə də dəyməz".
Vəssalam, İlqar birdənədi. Dedi, nöqtəni də qoydu.
…5-6 gün bundan əvvəl idi. Səhər Universitetə tez çatmışdım. Dərsimin başlamasına hələ 1 saat var idi. Vaxtdan yararlanmaq, kompyuteri yandırıb bir az oxumaq istədim. Səhifə açılan kimi gördüm ki, İlqar Vəliyev Nailin arxivindən maraqlı yazılarından birini paylaşıb. İlk cümləsindən diqqətimi çəkdi. Sevdiyim nəyisə oxuyanda, kiminsə içəri gəlməyindən və ya getməyindən xəbərim olmur. Bir də baxdım qonşu kafedradan olan bir müəllim başımın üstündə dayanıb:
-Pəəəəh! Sabahın xeyir, Xəyalə! Mən də səni ciddi adam bilirdim. Sənə dərs demişəm, başqa cür tanımışam səni. Gör sən səhərin gözü açılmamış kimləri oxuyursan, ay qızım. Sən də qoşulmusan bu lağlağılara?!
Gözündəki istehzanı görməmək mümkün deyildi. Əslində, içimdə gülürəm bu cür adamlara. İronik yanaşıram. Vallah, alim olmaqla deyil ki… Düşüncələrindəki dayazlığı görəndə yazığım gəlir hamısına. Amma nə qədər ironiya ilə yanaşsam da, sözü məni tutmuşdu. Təmkinlə bu "hörmətli cənabın” cavabını verməliydim, həm də özümə uyğun bir tərzdə.
- Bəli, müəllim, mən kifayət qədər ciddi adamam. Mövqeyim də, yolum da aydındır. "İtirilmiş nəslin adamları” kimi küləyin əsdiyi tərəfə yıxılmıram. Öz ağlım var, məntiqim var. İllərdi formalaşmış ədəbi zövqüm, estetik təfəkkürüm imkan verir ki, seçib yaxşı olanı oxuyum. Sevmədiyim adamın yanında su da içmirəm. Əgər kiməsə vaxt ayırıb oxuyuramsa, deməli, olduqca dəyərlidi mənim üçün. Prosesləri analiz eləməyi bacarıram, müəllim. Adamların daxili mahiyyətini, kimin "kim?", kiminsə "nə?" sualına cavab verdiyini yaxşı bilirəm. Bilin ki, bu "lağlağı" dediyiniz adamlar günümüzün ən azad təfəkkürlü gəncləridir. Bayrağa bürünüb meydanda şəkil çəkdirməklə deyil ee... Düşüncə bayrağın içində olmur, düşüncə başda olur ki, o baş da hamıda olmur...
- Nailin yazdıqlarından bircə cümlə oxumusunuzmu?
-Yox, oxumamışam. Adı bəs eləyir adama?
- Nə olub adına? Ley-pey Qəmbər nə deməkdi bilirsiniz? Mirzə Cəlilin Kefli İsgəndəri yadınızdadı? Yəqin oxumusunuz. Kefli İsgəndər "diri ikən ölü" mühitə meydan oxuyurdu. Amma nadan adamlardan ötrü İsgəndər kafir idi, dinindən dönmüş adamdı, cahil kütlə onun yox, Şeyx Nəsrullahın yanında idi.
Bu ölkədə qanunlar işləmir, müəllim. Qanunların qılıncı işləməyən yerdə satiranın qılıncı iş görür. Mənəvi iflası, yaramazlıqları qanun açıb göstərə, tənqid edə bilməz. Qanun sürüşkən xislətli insanın mənəvi pozğunluğunu yox, cinayəti cəzalandırır. Qanunların, cəzanın dairəsindən kənarda qalan eybəcərliyi bu lağlağı dediyiniz oğlanlar tənqid edir.
Mənə qulaq asdıqca sifəti qızarırdı. Məntiqim sındırmışdı onu. Bu cür kəskin danışan adam deyiləm. Elə bil bir monoloq əzbərləmişdim. Əslində, belə adamlarla, ümumiyyətlə, heç kimlə polemikaya girməyi, söz güləşdirməyi sevən də deyiləm. Gülürəm bu mənasızlığa. Emosional davranmayım deyə Elşən həmişə mənə tapşırır: "Xəyalə, belə qozbelləri qəbir də düzəldən deyil. Despotik rejimlərdə yaşamağı həyat tərzi kimi qəbul edən kölə psixologiyalı adamların gözünə azad düşüncəli gənclik UNO kimi görünür. Bu adamlara enerjini sərf eləmə, Xəyalə. Quru ağacdan yay düzəltmək olmaz..."
Deyəcəyimi deyib ürəyimi boşaltmışdım artıq... Zəngə az qalıb, müəllim, gedək artıq, hərəmiz öz auditoriyamıza, gecikərik – deyib istədim ki, söhbətə elə burdaca nöqtə qoyaq. Qapıdan çıxanda birdən ağlıma nə gəldisə, dönüb soruşdum..
- Rəhmətlik Şahin bəyi tanıyırdınız? Şahin Ağabəylini deyirəm...
- Yox, tanımıram. Nəyindi ki? Bu gün rəhmətə gedib?
-Yox, bu gün yox... Nə isə... Sağolun, müəllim. Mən qaçdım...
- Dayan, qızım, Şahinin Nailə, bu söhbətə nə dəxli var idi?
- Yox idi dəxli, elə-belə soruşdum.
Ayrıldıq. Qarmaqarışıq düşüncələrlə auditoriaya tərəf gedirəm. Əgər fəlsəfə dediyimiz elm hikmət elmidirsə, düşüncə elmidirsə, onda bu adamların yeri yanlış... Çünki bu cür adamlar Nailin yanlız gülən tərəfini görə bilərlər... Nailin düşünən tərəfini, içində hamıdan gizlətdiyi kədərini, dərinliyini görmək üçün sadəcə bir az duyarlı olmaq lazım... Nailin düşünən və ciddi tərəfi gülən Naildən daha çoxdur, sadəcə, onu görməyi bacarmaq lazım...
Deyimmi, mən Nailin düşüncəsini harda görmüşəm?! 27 oktyabrda bütün saytlar, bütün televiziyalar, xəbərlər "Şaxsey-vaxsey gedirdi ha, onda..."
Birinin ağlı kəsmədi ki, həmin gün Şahin Ağabəylinin – Şahinimizin anım günüdü... Şahin gedişi ilə təkcə "Milli yol”umuzdan, milli düşüncəmizdən yox, hamımızın içindən nələrisə söküb apardı, içimizdə tüstüsü gözümüzə dolan kor bir ocaq qaldı... Həmin gün bu boyda ölkədə bircə Nailin və onun ətrafındakı dostlarının Şahini andığını gördüm. Bunu 27 dekabrda Şahinin doğum günündə də görmüşdüm. Mən həssas adamam, sakit-sakit müşahidə edə bilirəm hər şeyi... Atatürkün, Elçibəyin anım günündə də bu diqqəti Naildə görmüşəm!
Beləcə, bu da kütlənin Kefli kimi düşündüyü Adam... Bir arada imkanınız olanda özünüzə də baxın, Nail sərxoşluğunu etiraf edir. Buyurun, siz etiraf edin, görək kimsiniz?! Nə qədər ki, bu cahil kütlə Şeyx Nəsrullahlara iman gətirir, onda biz hələ də Kefli İsgəndər mövqeyində olacağıq... Kefli İsgəndər də gerçəyi deyirdi, amma kütlə Şeyx Nəsrullahın tərəfində idi. Gec də olsa, həqiqəti anlamışıq... O cür Şeyx olub rolda olmaqdansa, belə Kefli, Ley-pey olub, özün olmaq gözəldi...
Ürəyim dolub, birini də deyəcəm... IV kursda oxuyurdum. İstedadlı bir yazıçının yaradıcılığı haqqında diplom işi yazırdım. Sağ olsun, özü də mənə xeyli material vermişdi ki, əziyyət çəkməyim. Haqqında yazılan ədəbi-tənqidi məqalələri ardıcıl oxuduqca dəhşətli bir məqamla rastlaşdım; adamın ən yaxın dostu bildiyim tənqidçi onun əvvəlcə bəh-bəhlə təriflədiyi romanı 6 ay sonra elə yıxıb sürüyür ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs bu guya əsər Murakamidən plagiat imiş. Hə, universiteti bitirməyimə az qalsa da, uşaq idim, qəbul edə bilmirdim belə şeyləri. Yəni necə ola bilər ki, o boyda kişi 6 ay qabaq yazdığını inkar edə...
Məndə də "tormoz” tutmur axı))) - nəyi harada demək olar, harada olmaz? Belə şeyləri başa düşən deyiləm. Qəzetləri götürüb getdim birbaşa yazıçının yanına. Adam mənə çox sakitcə qulaq asdı. Sonra dedi ki, qızım, incitmə özünü belə şeylərlə. Mən onun araq qonaqlığını yaxşı verməmişəm deyə inciyib elə yazır. Bu qədər sadə izahı var. Anladım. Amma həmin gün bir şeyi də başa düşdüm ki, araya "vodka" girəndə ədəbiyyatın fatihəsi oxunur. Vodkanın qradusuna uyğun yazılan tərifin, tənqidin ömrü onu yazanın ömründən çox qısa olur. Yəni deməyim odur ki, şəxsi przimadan, münasibətlər müstəvisindən yanaşmayın. Ortada olana – yazılana dəyər verin. Əgər bacarırsınızsa...
Yeri gəlmişkən, bir məqamı da xatıladım: doktoranturaya qəbul imtahanında bir oğlanla yanaşı oturmuşduq. Nəticələrimizi gözləyincə çay fasiləsində maraqlı müzakirəmiz oldu. Bu adamda işıq gördüm. Sonra izləyirdim yazılarını. Sosial-psixologiya, fəlsəfə və ədəbiyyatı bilirdi və maraqlı mövzulara toxunurdu. Bu yaxınlarda ədəbi mühitdəki gənc yazarlarla bağlı bir resenziya yazmaq istəyirdim. Bir xeyli can dostumuz rəhmətlik Zərdüşt Şəfini düşündüm. Sonra gözümün nuru, ürəyi gözlərindən, saflığı yazılarından görünən qağamdan yazdım - Mahmud Ağakişioğludan və s. kimdən, kimdən... Birdən ağlıma bu oğlan gəldi. Düşündüm ki, istedadlı adamdı, borcumdu ki, bir abzas da olsa, ondan yazım. Emailinə yazıb son yazılarını göndərməsini xahiş etdim. Bir də baxdım ki, mənə nə yazıb: "Xəyalə xanım, mən özümü bu kütləyə layiq görmədiyim üçün ingilis dilində yazıram daha. Bilmirəm, siz oxuyub başa düşə biləcəksinizmi?"
Elə bildim, Yer kürəsi durub, mən fırlanıram onun başına. Yəni insan özünə qarşı azacıq diqqətdən niyə bu qədər tez dahilik sindromuna, ulduz xəstəliyinə tutulsun ki? Yazdım ki, bəy, o ingiliscədən minimum imtahan yadınızdadı? Orda bir balaca qız vardı ha "Jeyn Eyre"ni, "Cəsur ürək"i azərbaycanca danışırdı. Bax mən oyam. Randal Vallası, Şarlotte Bronteni və s. "Nadir Qafarzadənin ana dili”nə çevirməyə çalışmışam. İndi bütün bacarığımla çalışaram ki, sizi də oxuyum başa düşəm, buyurun göndərin yazdıqlarınızı. Adam 90 dərəcə çevrildi, etiraf elədi ki, ingiliscə-zadca yazmır. Sən demə, havays atırmış... Amma gec idi. Yəni ümumiyyətlə, nəyə lazım idi özünü bu dərəcədə yuxarıdan tutmaq. O nə itirdi bilmədim, amma mən ağlımdakı yaxşı insan obrazlarından birini itirdim. Yəni istedada azacıq kibr, təkəbbür qatdınsa, məhv oldun. Sadəcə, səmimi olmaq lazım idi. Mənim adamlarda tək sevdiyim və axtardığım bu: dürüst, olduğun kimi görünmək və səmimi olmaq...
İndi bildiniz, Naili niyə çox istəyirəm, həm də bu qədər çox... Çünki Nail özüdü - heç kimə bənzəməyən özü...
Və bir də məddahlığı özünə peşə edən bir toplumun arasında öz təmizliyini qorumaq, nə qədər çətin olsa da, müəllim bunu bacarır. Eşq olsun!
P.S. Nail Nurəddinoğlunun yazdıqlarından, etiraf elədiklərindən bircə cümləsini etiraf edə bilsək... Biz həmişə özümüzdən qəhrəman obrazı düzəltməyi xoşlamışıq...












