Naməlum istiqamətdən açılan atəş

Naməlum istiqamətdən açılan atəş

11-04-2021 12:54 / Bu xəbər 5549 dəfə oxundu

Gülər Sahib

(Hekayə)

Qız sevdiyi oğlanın elçi gələcəyini deyəndə atasını sanki ilan vurdu: - mənim onlara verəcək qızım yoxdur, - deyə səsini tonunu qaldırdı.

 Sonra da vaxt itirmədən əmisi oğluna xəbər gönədərdi ki, yubanma, elçilərini göndər. 

Günlər bir-birini qovmağa macal tapmamış elçilər qapıda göründü: darvazanın önündə tank boyda iki cip dayandı. 

Əlidolu gələn elçiləri görən ata 3-5 kəlmə kəsəndən sonra dedi: 
- Qismətdən qaçmaq olmaz, Allah sizi məsləhət bilibsə, mən nə nəkarəyəm, qız sizindir. 

Sözarası üzünə salıb başlıq pulu da istədi. 

Heç anasının "qız razıdırsa, olar" deməsinə də imkan vermədi. Ata artıq kürəkənindən gələn var-dövləti hesablamağa başlamışdı. Çox keçmədi ki, qızın sevdiyi oğlanın elçiləri qapıda peyda oldu, amma sən saydığını say, gör qızın atası nə sayır. 

Ata yeni gələn elçilərin "Allahın əmri” deməsinə imkan vermədən sözlərini kəsdi, - qızı artıq vermişəm, - dedi.

O gündən sonra qızın öz otağına keçib zülm-zülm ağladığı günlər başladı. O, sevmədiyi oğlanın üzüyünü barmağına taxmaqdansa, kəndiri boğazına taxmağı seçdi. Amma Allahmı istəmədi, yoxsa bəxtimi gətirdi – o qalın ip qızın nazik bədənini saxlaya bilmədi. Ölə bilmədi qız...

Bundan sonra belə ata qızının sevgisini görməzdən gəldi: "Ya qohumuna gedəcəksən, ya da torpağın altına", - dedi. 

Ailəsinin toya hazırlaşdığını görən qız sevdiyilə qaçıb, başqa bir şəhərdə evlənməyə qərar verdi. Onlar 2 gecə dostlarından birinin kirayə mənzilində qaldılar. Səhəri gün başqa şəhərə getmək üçün hazırlıq görürdülər. Bir də gördülər ki, nə pulları var, nə də sənədləri...

Onların evə qayıdıb, gizlicə bir az pul və sənədləri götürməkdən başqa yolları yox idi. Atasının onları tapmayacağı, xoşbəxt ailə qura biləcəkləri hansısa bir şəhərə gedəcəkdilər. Evə gedib sənədlərini götürüb sevdiyile görüşəcəyi yerə çatanda, atasını küçənin başında görən qız donub qaldı. Yolun qarşı tərəfindən gələn oğlan qızın atasını görüb özünü itirmədən qıza tərəf qaçmağa başladı. 

Amma hardansa, necəsə bir güllə qopdu: bu bircə güllə bəs elədi sevənlərin birini öldürüb, digərini canlı ölüyə çevirməyə. Oğlan qızın dizləri üstə can verdi. Heç kim bilmədi ki, o gülləni kim atdı, hardan atdı, niyə atdı...

Bu dəhşətdən sonra qız lal oldu, dinib-danışmadı daha. Aylar sonra rəfiqəsinə: "Mən gedirəm, getsəm, xoşbəxt olacağam yenidən”, - dedi.

Getdi qız. Hara getdi, necə getdi, niyə getdi bilinmədi. Nə ölüsü tapıldı, nə dirisi. Bəlkə də sevdiyinə getdi, demişdi axı getsəm, xoşbəxt olacağam...