Natiq Cəfərli: "Azərbaycan iqtisadi artım tempini itirib"

Natiq Cəfərli:

12-05-2023 17:33 / Bu xəbər 1270 dəfə oxundu

"Biz susaq, rəqəmlər danışsın..."
 
"Cənubi Qafqaz respublikalarının 1-ci rüblə bağlı makro-iqtisadi göstəriciləri açıqlanıb, biz susaq, rəqəmlər danışsın:
- Azərbaycanda ÜDM cəmi 0,4% artıb, 
- Gürcüstanda ÜDM 7,1% artıb,
- Ermənistanda 12,2% artıb". 

Bunu iqtisadçı Natiq Cəfərli yazıb.

O qeyd edib ki, Azərbaycanda iqtisadi aktivlik tendensiyası da ürəkaçan deyil: "2023-cü ilin yanvar-aprel aylarını götürsək Azərbaycan iqtisadiyyatının artım tempi 0,4%-dən 0,1%-ə düşüb".

"Obyektivlik naminə deyim ki, Ermənistan və Gürcüstanda iqtisadiyyatın artımı daha çox Rusiya ilə, oradan qaçan/gələn insanların xərcləri, Rusiyaya qarşı Qərb sanksiyalarından yan keçmək üçün həmin ölkələrin iştirakı ilə daha çox bağlıdır", - deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, tendensiya təhlükəlidir: "Azərbaycan iqtisadi artım tempini itirib, impuls itib, deməli, artıq köhnə iqtisadi-siyasi model tükənib, yenisinin təsisi artıq qaçılmaz olub. Bu gedişlə Azərbaycanın neft-qaz sektoru ölkənin artan xərclərini ödəməz olacaq, real sektorun inkişafına mane yaradan isə indiki sistemdir".