Nazirin ailə biznesinə aid olan şirkət milyonluq tender udub

Nazirin ailə biznesinə aid olan şirkət milyonluq tender udub

29-06-2024 00:28 / Bu xəbər 796 dəfə oxundu

Tender Satınalma portalında qeyd olunmayıb

Bu həftə "İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifə və hüquqların həyata keçirilməsində məsləhət xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib. 

Satınalma portalının məlumatına görə, tenderin qalibi "Omni” QSC adlı şirkət olub.

Qalib şirkətlə 1.491.500 manat məbləğində müqavilə imzalanıb.

Portalda qeyd olunub ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). 

Satınalan təşkilat qeyd edib ki, bu satınalma təcili tələbat xarakteri daşıyır. Bu da müəyyən şübhələr yaradıb ki, bu məqalə həmin şübhələri ortaya çıxarmaqda sizə kömək edəcək.

"Omni” QSC şirkəti haqqında

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, "Omni” Qapalı Səhmdar Cəmiyyəti 2000.00 AZN nizamnamə kapitalı ilə 2003-cü ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. 

Hazırda qanuni təmsilçisi Roman Alloyarov Valentinoviç olaraq göstərilir. 

Şirkət hüquqi məsləhət xidmətləri sahəsində fəaliyyət göstərir.

Şirkətin sahibi kimlərdir?

Rəsmi saytlarında qeyd olunduğuna görə firma 2002-ci ildə Ceyhun Bayramov, Roman Alloyarov və İsmayıl Zərgərli tərəfindən yaradılıb. 

"Abzas Media”nın "Xarici işlər naziri Ceyhun Bayramovun ailə sərvəti” adlı araşdırmasında sübut olunur ki, şirkətin səhmlərinin 30%-lik hissəsi hələ də ozamanki təhsil naziri, hazırki XİN rəhbəri Ceyhun Bayramovun ailə üzvlərinə, daha dəqiqi həyat yoldaşı Aygün Hüseyn qızı Bayramovanın adına keçirilib. ​ 

Bu da onu deməyə əsas verir ki, nazir "Omni” şirkəti ilə əlaqələrini tam kəsməyib.

Dövlətin təşkil etdiyi satınalmalarda davamlı uğurlu iştirak

Əlimizdəki məlumatlara əsasən, hüquqi məsləhətlər verən şirkət 2013-cü ildən başlayaraq mütəmadi qaydada dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi elan olunur, bir çox vaxtda bu haqda məlumatlar dövlət satınalmaları portalında dərc edilir. Bəzən isə, elə son dəfə olduğu kimi bu tenderlər dövlət satınalmalarının onlayn portalından kənar elan edilir. 

Ehtimal olunur ki, "Abzas Media”nın araşdırmasından sonra daha tədbirli şəkildə davranaraq çox səs-küy yaranmamasına çalışırlar.

Meydan TV məsələyə nazirin münasibətini öyrənmək üçün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə yazılı sorğu göndərsə də, cavablandırılmayıb. 

Prezident İlham Əliyev nə deyir?

Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında dövlət qurumlarında rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi və sistemli mübarizə aparıldığını bildirib. 

Bir neçə dəfə də tenderlərlə bağlı danışarkən məmurlara, yaxud onların yaxınlarına aid olan şirkətlərin tender müsabiqələrində qalib gəldiyini bildirərək, rüşvətxorluq və mənimsəmə halları barədə danışıb, dövlət büdcəsinə dəyən böyük ziyanla bağlı çıxışlar edib.

Azərbaycan qanunvericiliyinə görə

Azərbaycan Respublikası Konstitusiyasının 122-ci maddəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri, yəni nazirlər heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Araşdırmalara görə cəzalandırılanlar kimlərdir?

Dövlət məmurları və rəsmilərin korrupsiya əməllərini araşdırdıqlarına görə "Abzas Media”nın 6 əməkdaşı hazırda həbsxanalardadır. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. 

Jurnalistlər ittihamları rədd edir, həbslərini "Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. 

Bir çox yerli və beynəlxalq təşkilat bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.


Xalid Bağırov, 
Foto: Meydan TV

Bəs hüquqşünas nə deyir?

Hüquqşünas Xalid Bağırov bildirir ki, şirkətin dövlət satınalmaları portalından kənar elan edilməsi qanun pozuntusudur: "Bu, şəffaflığın pozulmasıdır. Qalib şirkətin nəticələri və detallarının portalda yerləşdirilməməsi aşkarlıq prinsipinin pozulmasıdır. Çünki satınalmanın dörd əsas prinsipi var: şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik. Bu dörd prinsip təmin olunmalıdır. Bunlardan biri yoxdursa, bu satınalma artıq qeyri-qanunidir. Biri əgər sənin yaxın qohumundursa, burada rəqabətlilik prinsipi pozulur. Əgər sən bunu gizlin edirsənsə, portala yerləşdirmirsənsə, aşkarlıq prinsipi pozulur. Şərtləri, detalları bilmiriksə, burada şəffaflıq prinsipi pozulub. Əgər biri daha yaxşı şərtlə müsabiqəyə qatılıbsa, sən ondan zəif şirkəti qalib elan etmisənsə, burada ədalətlilik prinsipi pozulub. Yəni bütün bu dörd əsas prinsipə əməl olunmalıdır”.

Hüquqşünas deyir ki, o ki qaldı araşdırmalara görə yanlış cəzalandırılanlar məsələsinə, Azərbaycanda demokratik mühit, azad məhkəmə olmadığı üçün hüquq-mühafizə sistemi də azad və ədalətli deyil: "Yəni bunlar sırf siyasi rejimin xidmətində olan qurumlardır, onlar da "seçici ədalət mühakiməsi” ilə məşğuldurlar. Yəni kim onlar tərəfdədirsə, məsuliyyətdən kənarda qalır, kim siyasi rejimin əleyhinədirsə, onların fəaliyyətini təftiş edir, araşdırırsa onlar məsuliyyətə cəlb edilirlər”.

Mənbələr:​

https://fed.az/az/tenderler/portaldan-yayinmis-14-milyonluq-tenderlerin-qalibi-melum-oldu-202994
https://www.omnilawfirm.com
https://abzas.org/2023/7/xarici-islr-naziri-ceyhun-bayadcbdaba-3