Niderland da çempionatı yarımçıq bitirmək istəyir
07-04-2020 23:05 / Bu xəbər 1596 dəfə oxundu
Ayaks və AZ Alkmar razıdır, Feyenord etiraz edir
Belçika, Avropada ilk ölkə olaraq çempionluqla bağlı qərar verdi: mövsüm başa çatdı, Bruqqe çempiondur, heç kim aşağı liqaya yuvarlanmır. Amma UEFA bunu bəyənmədi. Birliyin prezidenti Alexander Çeferin ertəsi gün məktub ünvanlayaraq Belçikanın Avropa kubok yerlərini riskə atacağına işarə etdi. UEFA mövsümün avqustun 3-dək bitirilməsinin vacibliyini qeyd edib.
Ancaq təhdidlərə baxmayaraq, Belçika ideyasını Hollandiyanın bir neçə klubu dəstəkləyir - Hollandiya Kral Futbol Birliyi (KNVB) isə UEFA-nın tərəfini tutur.
Mövsümün yarımçıq bitirilməsi ideyasının müəllifi "Ayaks”dır. Klub təklif edir ki, "Ayaks" çempion elan olunsun, Avropa kuboklarında yerlər mövcud olan turnir cədvələ uyğun müəyyənləşdirilsin və heç bir klub aşağı diviziona düşməsin.
"Ayaks”ın idman direktoru Mark Overmars qeyd edir ki, mövsümü bu cür şəraitdə davam etdirmək barədə düşünmək xəsisliyin təzahürüdür. Onun sözlərinə görə bu ilki Erediviziya artıq ölüb. Bu, ikinci Dünya Müharibəsindən bəri ən böyük böhrandır:
"UEFA və Kral Hollandiya Futbol İttifaqının mövqeyi mənə bir həftə əvvəl iqtisadiyyatın koronavirusdan daha vacib olduğunu söyləyən ABŞ prezidenti Donald Trumpın sözlərini xatırladır. Oyan! Hollandiyada hər gün yüzdən çox insan koronavirusdan ölür”.
"La Liqa, Premyer Liqa, Serie A və Bundesliqadan fərqli olaraq, Eridiviziya TV gəlirlərindən o qədər də asılı deyil. Düşünürəm ki, böyük ölkələr UEFA-ya təzyiq göstərirlər ki, nəyin bahasına olursa olsun oynamağa davam etsinlər. UEFA-ya həm də sərfəlidir, çünki Çempionlar Liqası olmadan yüz milyonlarla avro itirilir", - deyə Overmars qeyd edib.
PSV və AZ Alkmar "Ayaks”ı dəstəkləyir.
"Bunun çox çətin bir qərar olacağını yaxşı başa düşürük. Lakin koronavirusla bağlı vəziyyət o qədər narahatdır ki, azarkeşlərsiz oynamaq bizim üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir. Koronavirusun necə inkişaf edəcəyini bilmirik, amma indidən çempionatın yenidən başlaması barədə qərar qəbul edirik. Bu qəribədir”, - bunu AZ Alkmar klubunun Baş Direktoru Robert Eynhorn bildirib.
Turnir cədvəlin son sıralarında yerləşən dörd klub - "Zvolle", "Fortuna Sittard", "Den Haaq" və "Valveyk" belə formada çempionatın bitirlməsinə etiraz etmirlər.
Feyenoord çempionat oyunlarını davam etməsini tələb edir. Dik Advokatın komandası noyabr ayından bəri çempionat oyunlarında məğlub olmayıb və qalan 9 tur ərzində nəinki Çempionlar Liqasına düşə bilər, həm də çempionluq uğrunda mübarizə apara bilər.
"Marca" nəşrinin yazdığına görə, cədvəlin ortasında olan klublar da mövsümün sonuna qarşıdır. Hətta kiçik yayım gəlirləri də onlar üçün çox əhəmiyyətlidir.
Ünlü futbol mütəxəssisi Lui van Qal da bu ideyaya etiraz edib. "Ayaks" və AZ Alkmarın keçmiş çalışdırıcısı 25 turdan sonra çempion elan edilməsinin mümkünsüzlüyünü bildirib.
"Koronavirusdan öz xeyrinə istifadə edən klublar var. 25 turdan sonra Ayaks çempion elan oluna bilməz. AZ Alkmarın hesabın da da eyni sayda xal var və çempionatın cəmi 3/4-ü geridə qalıb. Bəyəm bunun fərqi yoxdur?” – Lui van Qal fikrini belə ifadə edib.
Van Qal əmindir ki, Avro-2020-nin gələn ilə təxirə salınması klublara iyun və iyul aylarında oyunlar keçirmək üçün şans yaradıb.
Bu gün Hollandiya Futbol İttifaqının Erediviziya və İkinci Divizion klubları ilə görüşü olacaq. Məlumatlara görə, futbol birliyinin mövsümü davam etdirməsinin 2 ssenarisi var.
Təfərrüatlar hələ bilinməsə də Futbol İttifaqının mövsümün yarımçıq saxlanılması və Erediviziyanın gələn il 20 komandaya genişləndirilməsi kimi bir ssenarisi var. Baxmayaraq ki, İttifaq rəsmiləri açıq şəkildə mövsümü bitirməsinin vacibliyini vurğulayırlar.
Nizami Bağırov