Not dəftərinə köçən ömür...

Not dəftərinə köçən ömür...

01-02-2024 17:15 / Bu xəbər 1391 dəfə oxundu

Azər Əli

Bir sevgi şairi də aramızdan getdi. Səssizcə. Kimsəni incitmədən...

Dostlarından, uzaq qohumlarından xəstələnməyini, ağrı-acı içində olmağını gizlədirdi. Sanki bu vəziyyətinə görə utanırdı,- axı onu daim deyib-gülən, baməzə söhbətlər edən, zarafatından qalmayan biri kimi tanıyırdılar. Ölümünü də beləcə gizlətmək istədi. Bundan çox-çox qabaq vəsiyyət etmişdi: 

Ölsəm ağlamayın, ay oğlum, qızım,
Sağ ikən özümü çox ağlamışam...

Mən ilk dəfə Həsən Bilalovu İmişlidə keçirilən "Qızlar baharı” bədii-musiqili kompazisiyanın aparıcısı kimi görmüşəm. Onun auditoriya qarşısında özünü sərbəst aparmasına, bulaq kimi çağlar nitqinə, zəngin söz ehtiyatına heyran qalmışdım. 

Amma üstündən bir neçə ay ötəndən sonra Həsəni mazutlu fəhlə paltarında yerli "Qızıl ulduz” qəzetinin mətbəəsindən çıxdığını görəndə təəccübləndim. Öyrəndim ki, iki dəfə ali məktəbə qəbul olunsa da, təhsilini başa vura bilməyib.   

Həsən Bilalovu

Diplomu olmamağına görə Həsən ömrünün sonunadək əziyyət çəkdi, layiqli bir işdə çalışa bilmədi. Amma qələmi də əlindən yerə qoymadı. Sevgi dolu ürəyi boşalmaq bilmədi... 

Baharımı qış etmisən,
Məni dərdə tuş etmisən,
Gözlərimi yaş etmisən,
Gəlmirsən, gülüm, niyə?

Həsənin dillər əzbəri olan bəndlərindən biridir. 30 ildən çoxdur ki, onun sözlərinə yazılmış "Firuzə” "Dağlarda çiçəksənmi sən?”, "Yar, səndən ayrılanda”, "Qara zülfünü darayım”, "Sevə bilməz”, "Gülüm, qayıt, geri dön”, "Səni kimdən sormalıyam?” və başqa mahılar çoxsaylı müğənnilər tərəfindən oxunub. Hələ sözlərini öz adına çıxanlar da olub. 

Həsən Bilalovun bir faciəsi də budur ki, dərc olunmuş əsərlərini, əlyazmalarını toplayaraq kitab halında nəşr etdirməyib. Hətta nəşriyyat rəhbəri olan dostu bunu öz hesabına etmək istəsə də, Həsən razılaşmayıb. 

1990-cı ilin "Qara yanvar” günlərində yazılan, o vaxtdan bəri dillərdən düşməyən xeyli sayda bayatı var ki, onların müəllifinin Həsən Bilalov olduğunu çox az adam bilir.

Mən Həsəni sevgi şairi kimi təqdim etdim. Heç şübhəsiz, onun ən böyük sevgisi "bir günüm olmasın, olmasın sənsiz” deyə xitab etdiyi Azərbaycan idi:

O tayım- tək canım, düşməz dilimdən,
Bir xəbər gələydi Təbriz elindən.
Həsrətin əlindən, qəmin əlindən
Bir ötən quş olam çölünə, Vətən!

Həsən Bilalov sanki saf sevginin xilası üçün doğulmuşdu. O, bu sevgini soyuq və isti müharibələrdən, tikanlı məftillərdən, qanlardan, qadalardan, nadanlıqdan qorudu. Ürəklərin get-gedə daşlaşdığı, bioloji silahlarla üzərimizdə eksperiment aparıldığı, süni intellektə meydan verildiyi bir vaxtda bu sevgiyə daha çox ehtiyac var.
 
Mənim qədər heç kəs, heç kəs,
Gülüm, səni sevə bilməz - deyirdi Həsən. 

Üzləşdiyi bütün məhrumiyyətlərə, acılara baxmayaraq o, sonadək əhdinə vəfalı oldu:

Üzdü məni, üzdü hicran,
Dönəcəksən, yar, nə zaman?
Bu sevdanı mən başacan
Ömür kimi vurmalıyam.

Həsən Bilalov zəngin ədəbi irs qoyub getmədi. Gələcək nəsillərə bir not dəftərinə sığa biləcək qədər sözləri çatacaq. Amma əminəm ki, o, az sözü ilə hələ çox ürəyə yol tapacaq, nəsillər tərbiyə edəcək, zövqlər formalaşdıracaq. O, haqlıdır: "Bu sevdanın sonu yoxmuş”...