“O, Azərbaycanda yaşamazdı” - Asılmamış portret
13-06-2015 16:26 / Bu xəbər 3891 dəfə oxundu
Şəmşad Ağa: "Kamyuya bir az haqq da qazandırıram, çünki ölüm gələndə ondan nə vaxtı, nə də zamanı soruşdu”
Gəncliyində insanlara "Yad”laşan, "Çöküş”üylə həyatı absurd sayan, bəşəriyyəti "Taun” qorxusundan xilas etməyə çalışan, həyatı Sizif əməyinə bənzəsə də, susaraq "Üsyankar insan”a çevrilən, "Süqut”unun birinci ilində Nobel ödülü alan, dörd il sonra isə avtomobil qəzasında faciəli şəkildə həyatla vidalaşan bir yazıçı yaşayıb bu dünyada...
Söhbət Әlcəzair əsilli fransız yazıçı Alber Kamyudan gedir. Onun heç vaxt asılmayacaq portretini çəkməyi Şəmşad Ağaya həvalə etdik. O, fırçanı sözə batırıb Kamyunun rəsmini yad bir ölkənin sərhədləri içərisində çizdi. Azərbaycana gətirmədi. "O, Azərbaycanda yaşamazdı” deyib bizdən uzaqlara, bəlkə də, Oran şəhərinə, ya da "Yad”ında özünün həyat hekayəsini yazan "Kamyunun anası”nın qaldığı qocalar evinə apardı...

- Şəmşad Ağa, öncə Kamyunun portretini çəkin...
- Əgər qısa həyat yoluna nəzər salsaq, onda gərək Kamyunun doğuluşundan başlayaq: doğuluşu kimi ölümü də faciəvi idi. Şərqli kimi yanaşsaq, ana qayğısı görməyən bir uşaq olub. Məncə, bu da onun yaddaşında dərin iz buraxıb və gəncliyində insana, həyata "yadlaşma”sının əsas səbəblərindən biri, bəlkə də, elə budur. Uşaqkən həyatın ən ağır zərbələrini alıb. 1 yaşında atası müharibədə ölür, anası bu xəbəri eşidəndə lal olur, Kamyu isə nənəsinin himayəsində böyüyür. Yəni körpə ikən taleyinə bu qədər çətinliklər düşən, həyatın və insanların hər üzünü görən, ancaq bütün bunlara baxmayaraq, özünə qapanmayan, bir o qədər də ziddiyyətli həyat yolu keçən bir yazıçıdır. Əslində, öz portretini "Yad” əsərində çizib. Fikrimcə, bu povestin adı çəkilməyən əsas qəhrəmanı elə Kamyunun özüdür.

- Əgər rəssam olsaydınız, onun həyatından hansı cizgiləri silərdiniz?
- Heç nəyi silməzdim. Kamyu belə daha mükəmməldir. Təbiətinmi, yoxsa həyatınmı deyək, çizdiyi bir portretdən nəyisə silmək, əslində, ona natamamlıq gətirir. Bəlkə də, bir əlcəzairli uşağın böyüyüb Kamyu olması üçün məhz belə bir həyat yolu keçməsi, ağrılar yaşaması lazım imiş və yaşayıb. Bir də şəxsiyyətlərin həyatı redaktə olunmur, sadəcə, onların həyatı, fəaliyyəti təftiş və müzakirəyə çıxarılır, qiymət verilir. Hətta elələri var ki, həyatı mükəmməl bir əsərdir. Məncə, Kamyunun həyatını da - uşaqlıqdan ölənə kimi mükəmməl bir əsər saymaq olar.
|
"Azərbaycanda yalan artıq həyat tərzinə çevrilib”" |
- Sizcə, 46 yaş yazıçı üçün çox azdır?
- Həm də çox...
- Kamyu özü də deyir: "Madam ki, insan öləcək onun nə vaxt və nə zaman ölməsinin heç bir fərqi yoxdur”. Şəmşad Ağa üçün ölümün nə vaxt gəlməsinin bir fərqi var?

- Kamyu ümumiyyətlə "Sizif əfsanəsi” əsərində insanın mövcudluğunu mənasız, bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyi ilə müqayisə edirdi. Yəni yaradıcılığında ziddiyyətlər çox idi. Sualdakı fikir də, əslində, onun məşhur "absurd” fəlsəfəsindən doğub. Hətta bu fikrinə görə tənqidə də tuş gəlib. Mən isə ölüm-qalım məsələsinə bir qədər fərqli yanaşıram: bir var yaşamaq uğrunda ölmək, bir də var ölmək üçün yaşamaq...
Kamyunun ziddiyyətli həyatı və yanaşması haqqında danışanda əsərlərinə də diqqət etmək lazımdır. Yəni ola bilməz ki, bir yazıçının həyatı onun hər hansı bir əsərində və ya qəhrəmanının timsalında özünü büruzə verməsin. Diqqət eləsən, görərsən ki, "Yad”ı yazan Kamyudan "Taun”u yazan Kamyu tamamilə fərqlənir. Sənin sualının cavabı həm də bu əsərlərdə var. "Yad”ın ilk cümləsi ilə həm əsərin, həm də qəhrəmanın bütün mahiyyətini açılır: "Bu gün anam öldü. Bəlkə də, dünən ölüb, bilmirəm”. Gör, nə qədər yadlaşıb, biganələşib ki, hətta anasının bu gün və ya dünən öldüyünü xatırlamır. Əslində, bunun onun üçün əhəmiyyəti belə yoxdur. Ancaq "Taun”da tam fərqlidir; dava sərvət, mənsəb davası deyil, mənfi bir qüvvə ilə - taunla "döyüş”ürlər, həyat uğrunda, yaşamaq uğrunda ölüm-dirim savaşı gedir, əsərin qəhrəmanlarının Oran şəhərini tərk etmək imkanları olduğu halda belə, insanları taunun cəngində qoyub getmirlər, yəni bu savaş bir az da vicdani məsələyə çevrilir. Düzdür, taunu daha çox Avropanı bürüyən faşizmin simvolu hesab edirlər, ancaq bütün hallarda Kamyu bunu cəmiyyətin, belə desək, bəşəriyyətin qəsdinə durmuş fəlakət, pislik və mənfilik kimi təsvir edir. Ölümə gəlincə, ona bir az haqq da qazandırıram, çünki ölüm gələndə Kamyudan nə vaxtı, nə də zamanı soruşdu (gülür).
|
"Sartr, bəlkə də, Avropada Kamyunun ölümünü içdən duyan, hiss edən, ağrıyan yeganə adam idi” |
- Kamyu indi Azərbaycanda yaşasaydı, kim olardı?
- Kamyu indi Azərbaycanda yaşamazdı.
- Bəs nə edərdi?

- Bəlkə də, Azərbaycan haqqında "Taun”dan da möhtəşəm bir əsər yazardı, ancaq mənə elə gəlir ki, o, heç vaxt Azərbaycanda yaşamazdı... Azərbaycanda yalan artıq həyat tərzinə çevrilib. Kamyu isə Nobel nitqində deyirdi ki, yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq lazımdır. Hələ sağlığında ona "Qərbin vicdanı” deyirdilər. "Üsyankar insan” essesində totalitar rejimləri kəskin tənqid edirdi.
- "Bu dünyada yalnız dünyanın bir hissəsindən imtina etməklə yaşamaq mümkündür” deyə Kamyu yazırdı. Ümumiyyətlə, imtina etmək çox asandır?

- Buna imtina da, inkarçılıq da demək olar. Bu həm də qətiyyət tələb edir. Nihilizmin absurd anlayışının əsasını Kamyu qoymasa da, onun yayılmasında böyük rol oynayıb. Kamyu "Həyatın bir hissəsindən imtina etməklə yaşamaq” fəlsəfəsini "Taun”da Taru obrazının timsalında mükəmməl təsvir edib. Bunu bir dəfə yazmışam. Taru məhkəmədə hakimdən bir çoxlarının ölümünə oğlunun gözü qarşısında "başı kəsilsin!” hökmünü tələb edən və dövlətin ədalətsizliklərinə ortaq olan bir məhkəmə vəkilinin oğlu idi. Ən dəhşətlisi isə bu idi ki, atası sənətini oğluna da sevdirmək istəyirdi, ancaq Taru bu həyatı qəbul etmədi və "həyatın bir hissəsindən imtina etməklə” yaşadı. Hətta Taru hansısa bir "müqəssir”ə belə atasından çox rəğbət bəsləyirdi. Əslində, bu problem Turgenevin "Atalar və oğullar” əsərində daha kəskin qoyulub. Ona görə də Taru bir az da Bazarovu xatırladır: Atalar və oğullar qarşıdurması...
Ona görə də bunu həyatın bir hissəsindən imtina və özündən əvvəlkilərin inkarı hesab etmək olar. "Asandır, yoxsa çətindir” məsələsinə gəlincə, qətiyyətdən əlavə, həyatda elə şeylər var ki, onlardan imtina etmək insanın özündən də çox, situasiyadan asılı olur.
- Sartrla Kamyu arasında gedən ideoloji savaş sonda iki dostun münasibətlərinin korlanmasına gətirib çıxardı. Bu savaşda Şəmşad Ağa kimin yanında durur?
- Heç birinin... Kamyu həyatın hər üzünü görmüşdü, uşaqlıqdan faciələr içərisində böyümüşdü, ancaq özünə qapılmamışdı. Sartrla ideoloji fərqlərə gəlincə, o, ekzistensializmi pessimizm dünyagörüşü və yanlış nəticələrə gətirib çıxaran cərəyan hesab edib ondan uzaqlaşdı. Kamyu deyirdi ki, "var həqiqətlər, hərənin özününkü”. Doğru, yanlış - fərq etməz, o, öz həqiqətləri ilə yaşayırdı. Bax, Kamyu ilə Sartrın münasibəti "Üsyankar insan” əsərindən sonra pozuldu. Bu əsərdə sovet rejimi, onun cəza düşərgələri, həyata keçirdiyi repressiyalar kəskin tənqid olunurdu. "Üsyankar insan” solçular arasında ciddi rezonans doğurdu, Kamyu kəskin tənqidlərə məruz qaldı. Düzdür Sartr da böyük şəxsiyyət idi, ancaq Kamyudan fərqli olaraq SSRİ kimi "xalqlar həbsxanası”na çevrilmiş bir rejimi dəstəkləyirdi. Baxmayaraq, Qərb mətbuatı kifayət qədər SSRİ-də baş verən repressiyalara yer verir, bütün çılpaqlığı ilə işıqlandırırdı. Yanaşmaya gəlincə, əslində, Sartr da həyatı absurd sayırdı, ancaq o həm də inqilab tərəfdarı idi. Kamyuda isə bir qədər fərqli idi, o, "hərənin özününkü” deməklə, yanaşmanı bir az fərdiləşdirirdi.
|
"Bir var yaşamaq uğrunda ölmək, bir də var ölmək üçün yaşamaq...”
|

Təsəvvür elə Kamyunun aldığı Nobel mükafatından bir neçə ilə sonra Sartr imtina etdi və çoxları bunu belə əsaslandırdı ki, Sartr Kamyunun ondan əvvəl mükafat almasını həzm edə bilməyib. Ancaq Sartr sonralar - ölümündən əvvəl verdiyi müsahibələrin birində deyirdi: "Kamyu, bəlkə də, mənim sonuncu yaxşı dostum idi”.
Ona görə də belə savaşlarda kiminsə yanında olmaq şərt deyil, hadisələrin düzgün müşahidəsi, doğru nəticələr çıxarmaq və mövqe sərgiləmək önəmlidir.
- Ancaq Sartr Kamyu haqqında nekroloqda bunları yazır: "Heyf ki, o danışmadı... Danışsaydı, hansı yolla getdiyini öyrənə, bəlkə də, onu anlaya bilərdik... Ancaq bizim kimi qərarsız və təcrübəsizlər o dühanı yaxşı anlaya bilmədi”.

- Bu məsələdə Sartr haqlıdır, çünki Kamyu danışmadı, danışmağa vaxtı çatmadı. Sartr, bəlkə də, Avropada Kamyunun ölümünü içdən duyan, hiss edən, ağrıyan yeganə adam idi.
- Çizdiyiniz bu portreti kimsə sizə təqdim etsə, kirayə qaldığınız evin bir küncündə asarsınız?
- Bu sual da Kamyunun ölümü qədər ağrıdıcıdır.
Ramin DEKO
Xüsusi olaraq musavat.com üçün












