O əjdahadan bizdə niyə yoxdur?

O əjdahadan bizdə niyə yoxdur?

17-08-2020 16:45 / Bu xəbər 2875 dəfə oxundu

Nizami Bağırov

Belarusda 9 avqust prezident seçkilərindən sonra 9-ci gündür ki, mütəşəkkil dinc aksiyalar davam edir və yəqin ki, artıq "sezonun finalıdır”. 

Bu etirazlardan ilhamlanaraq feysbuk məkanımızda qırğın müzakirələr başlayıb və çoxunu bir sual maraqlandırır: "O əjdahadan bizdə niyə yoxdur?” 

Buna bir çox səbəblər göstərilir, təhlillər aparılır. Məncə, bunun sadə səbəbləri var və özümüzdə "gizlənir”. 

Bir çoxları Belarus hadisələrini təhlil edərkən iyulun 14-15-də baş tutan Qarabağa dəstək yürüşünü misal gətirib – xalq olaraq lazım olduqda toplana, təşkilatlana bilmək bacarığımızı vurğulayırlar. Gəlin Qarabağ yürüşü ilə toplanmanın seçkidə səslərin qorunmasına qalxan hərəkatın fərqini çox bəsit formada bildiyim qədər izah edim. 

Gəlin bir anlıq uşaq və ya yetkinlik yaşlarımıza qayıdaq. Ailə üzvlərinə, eyni sinifdə oxuyan qıza kimsə söz atardısa və ya məhlə uşağının kimsə xətrinə dəyərdisə, nə baş verərdi? Təbii ki, dava-qırğın, qanlı bıçaq. 

Azmı sinif-sinifə, məktəb-məktəbə, məhəllə-məhəlləyə davalarda iştirak etmişik? Bizim üçün bu uşaqlıqdan qeyrət, şərəf məsələsi olub, genimizdə oturub. Nəsildən-nəsilə ötürülən tərbiyə ilə bağlı olub. Məhz Qarabağ məsələsi də bizim toplum üçün qeyrət, namus, vicdan, şərəf məsələsidir. Baxmırsan, sənin qabağında güclü dayanıb və ya zəif, qarşındakı təkdir və ya çoxluq təşkil edir, mübarizəyə həmişə hazır olursan.

Toplum olaraq biz həyatımızın bir çox hissəsini qanunsuzluqlarla, saxtakarlıqla ayaq-ayağa getmişik, rüşvət verib rüşvət almışıq. Yaxşı uşaq baxçasına və orta məktəbə yazdırmağa, yaxşı müəllimənin sinifinə keçirməyə, orta məktəbdən sonra təhsil ocağına (universitet, teknikum, kollec və s.) qəbula, semestr qiymətlərinin yazılmasına, diplom almağa, hərbidən yayındırmağa və ya yaxşı hərbi hissəyə düşməyə, daha sonra həmin hərbi hissədə yaxşı vəzifə almağa, hərbidən sonra işə qəbula, vəzifə artımına və daha nələrsə görə rüşvət verib, "hörmət" etmişik. 

Heç vaxt fikirləşməmişik ki, bu qanunsuzluq, saxtakarlıq, iyrənclikdir. Hansısa layiqli namizədin yerinin tutmaq, kiminsə haqqına girməkdir. Digər cəmiyyətlər üçün bu qəbuledilməz "həyat tərzidirsə” (izlədiyimiz Belarus) bizim üçün bu normal haldır, yaxınımızın həyatında "təkan” verməkdir, hətta belə "təkan” verməyənə pis baxırlar, onu sevməməkdə günahlandırırlar. 

İndi isə keçək seçkiyə. İndi, özü və yaxınlarının həyatı boyu qanunsuzluq və saxtakarlıq edən, lakin bunun normal hal kimi qəbul edən şəxs seçkidə saxtakarlıq gördükdə öz səsini çıxaracaqmı? "Səsimi oğurladılar”, - deyəcəkmi? Seçki saxtakarlığının qanunsuz, anormal, şərəfsizlik olduğunu dərk edib buna etirazını bildirəcəkmi? Xeyr, çünki ən azı şüuraltı belə hallar seçdiyi və əməl etdiyi "həyat tərzində” normal davranış sayılır, kiminsə kiməsə bir "təkan” olduğunu düşünür. Cəmiyyət olaraq ilk növbədə zərərli və normaya çevrilmiş "həyat tərzindən”, davranışlardan əl çəkməyincə, yaxşılardan örnək götürüb pisləri həyat tərzimizdən silməyicə, inkişafa gedə bilmərik.

Görünür ki, çox işlər görməliyik, çox şeylər öyrənməliyik. Daha sonra seçkiyə gedib səsimizi qorumağı bacarmalıyıq...
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.