O qızları döyəkmi?

O qızları döyəkmi?

11-03-2021 14:01 / Bu xəbər 2543 dəfə oxundu

Əvəz Qurbanlı
Şair

Feministlər Bakıda hər dəfə aksiya keçirəndən sonra sosial şəbəkələrdə çoxluq onları təhqir edir, aşağılayır, linç edir. Polisin o qızlara qarşı davranışını müzakirə edənlərin sırası isə olduqca seyrəkdir.

Hörmətli oxucularda bu yazımın məqsədi haqda doğru-düzgün təsəvvür yaratmaqdan ötrü, öncə feminizm anlayışına olan fərdi baxışlarımı açıqlamaq məcburiyyətindəyəm.

Mənim fikrimcə, feminizm, bir hərəkat kimi ciddi məntiqi-ideoloji əsaslara söykənmir, xüsusilə Azərbaycan cəmiyyətində.

Birincisi, ona görə ki bütün canlılar kimi insan da cütlük olaraq yaradılıb və insan nəslinin davam etməsi üçün bu cütlüyün bir-birini ən azı, bioloji olaraq tamamlaması əsas şərtdir. Yəni qadın və kişi bir-birinə təbii olaraq möhtac yaradılıb. Bu baxımdan, onları qarşı cins olaraq siniflərə, təbəqələrə ayırmaq, qarşı-qarşıya qoymaq mümkün deyil. Təsəvvür edək ki, bütün dünya qadınları feminist olur və kişiləri "cəzalandırmaq” üçün onlarla hər hansı əlaqədən qətiyyətlə imtina edirlər. Nə baş verəcək? İnsan nəsli kəsiləcək – təkcə kişilər deyil, qadınlar da məhv olacaq. Bu xəyali eksperiment fikrimin fizioloji aspektdən isbatıdır...

İkincisi, ictimai münasibətlər baxımından feminist görüşün özünə ciddi bazis qazanması praktiki cəhətdən mümkün görünmür. Çünki matriarxal və ya patriarxal olmasından asılı olmayaraq, qədim zamanlardan müasir dövrümüzə qədər bəşəriyyətin yaşam tərzi və fəlsəfəsi təbii olaraq ailə formulu əsasında formalaşıb. İnsan üçün ailəsiz həyat, qısaca desək, mümkün deyil. Əlbəttə, söhbət ayrı-ayrı fərdlərin talesizlik üzündən uğradıqları təklikdən deyil, dünyada mövcud olan hər bir insanın nəzəri olaraq, təklikdə yaşaması variantından gedir.

Ailə - müasir cəmiyyətlərin əsas hərəkətverici qüvvəsidir, bütün ictimai münasibətlərin əsası ailə prinsiplərinə dayanır. Ailə - fərdin şəxsiyyətə çevrilməsi prosesinin A nöqtəsidir. Ailə üzvləri arasında olan doğmalıq hissi fitridir, sonradan qazanılan deyil: övlad sevgisi, ata-ana sevgisi, bacı-qardaş sevgisi və s. Əlbəttə, ailədaxili münaqişələr də dövrümüzün reallıqlarından biridir. Lakin bunun səbəbini ailə fəlsəfəsində deyil, elə dövrümüzün reallıqlarında axtarmaq lazımdır.

Yenə bir xəyali eksperiment edək: dünyadakı bütün valideynlər övladlarından imtina edir, bütün qardaşlar bacılara qənim kəsilir, bütün... Bütünlükdə belə vəziyyətin yaranmasının mümkünlüyü ehtimalı, əlbəttə, absurddur. İstisnalar isə həmişə var. Feminizm kimi təzahürlərin meydana çıxmasının bir səbəbi də belə istisnalarla bağlıdır.

Ümumiyyətlə, taleyindən narazılıq kompleksinin psixoloji inkişafının nəticəsi kimi meydana çıxan halların günahı çox vaxt fərdin özündə olmur; onu yetişdirən ailənin uşaqla düzgün olmayan rəftarının, yanlış tərbiyəsinin "məhsulu” olaraq qəbul edilməlidir. Bir qız uşağı daim atası və ya qardaşı tərəfindən əsassız yerə ifrat təzyiqlərə məruz qalırsa, əlbəttə, bu, anormal haldır və əksər hallarda faciəvi sonluğa aparır. Kəsinliklə pislənməlidir. Belə hallara, təəssüf ki, dövrümüzdə çox rast gəlinir. Bunun da bir çox səbəbləri var ki, məqsədimiz mövzunu şaxələndirmək olmadığından, o səbəbləri  burada şərh etmək istəmirik. Lakin doğma ailə üzvləri arasında baş verən belə hallar, o halların qurbanları olan ayrı-ayrı ailələrdən çıxan fərdlərin cinsə görə birləşməsi və qarşı cinsə savaş açmasının məntiqi əsası yoxdur. Axı bütün dünyada bütün ata və qardaşlar, bütün qız və bacılara qarşı eyni münasibət sərgiləmir. Demək, problem fərdidir və fərdi şəkildə həll olunmalıdır. Əgər hüquq pozulması baş veribsə, bunu məhkəmə tənzimləməlidir.

Təcrübə göstərir ki, hüquqi mexanizmlərin işlək olduğu bütün quruluşlarda insan haqlarının pozulması hallarına daha az rast gəlinir.

Burada sual yarana bilər ki, axı feminizm kimi təmayüllər, ilk olaraq, elə hüquqi mexanizmlərin işlək olduğu cəmiyyətlərdə meydana çıxır, bəs bu necə olur? Axı prinsipcə, o cəmiyyətlərdə məişət zorakılığı halları daha az baş verməli idi?

İstənilən predmeti müzakirə edərkən detallara diqqət etmək önəmlidir. Məsələn, obyekt feminizmdirsə, biz bunu ən azı, iki versiyada müzakirə etməliyik: ölkəmizdə və xaricdə feminizm.

Müqayisə zamanı meydana çıxacaq ki, Azərbaycanda və məsələn, ABŞ-da olan feminizm təmayülləri fərqlidir. ABŞ-da mövcud olan variant hüquqi mexanizmin işləməsindən asılı olmayaraq, Azərbaycandakı variant isə hüquqi mexanizmin işləməməsindən qaynaqlanır. Maraqlıdırmı? Bu, necə ola bilər?

ABŞ-da ailə institutu Azərbaycandakından fərqlidir. ABŞ kimi ölkələrdə cəmiyyətlər möhkəm ailə formulu əsasında formalaşmır. Amma əvəzində, o cəmiyyətləri işlək qanuni mexanizmlər idarə edir. Belə cəmiyyətlərdə ailə instutunun zəif olması bir çatışmaz cəhətdirsə də, qanun ictimai münasibətləri tənzimlədiyi üçün bu kimi problemlər çox da qabarıq görünmür. Görünən budur ki, dövlət qanuni tənzimləmə ilə öz işini bitmiş hesab edir. Halbuki dövlətin əsaslarını formalaşdıran cəmiyyətin möhkəm təməllər üzərində qurulmasını təmin etmək üçün ailə strategiyasının düzgün formalaşmasına dəstək də elə dövlətin vəzifəsidir. Dövlət təkcə sosial rifahı təmin etmək üçün deyil, həm də mənəvi inkişafa cavabdeh olmalıdır.

Azərbaycan kimi ölkələrdə isə qanuni mexanizmlər işlək olmadığından son zamanlar tez-tez eşidilən "patriarxal qaydalar”ın hökmranlığı daha qabarıq görünür. Lakin çoxəsrlik ənənələrimizdən gələn bir çox müsbət dəyərlərimiz qanunsuzluq şəraitində belə, çulumuzu sudan çıxarmaqda israrlı görünür.

Ziddiyyətlər aşkardır.

Feminist təmayüllərin ölkəmizdə daha qabarıq görünməsinin digər bir səbəbi də toplumsal təfəkkürümüzdə özünə yer tapmış ciddi bir problemdən – təqlidçilikdən qaynaqlanır. Bəli, təəssüf ki, belədir: "Filankəsdə varsa, məndə niyə olmasın?”, "Filan yerdə varsa, bizdə niyə olmasın?”.

Ədəbiyyatımızdan tutmuş incəsənətimizə qədər, postmodern əsərlərdən tutmuş yamsılayan seriallara qədər təqlidçilik girdabındayıq. Televiziya verilişlərimizin əksəriyyətinin ideyası oğurluqdur. Yeri gəlmişkən, oğurluğun özü də təkcə yaşam ehtiyaclarından qaynaqlanan əməl deyil, həm də xəstə təfəkkürün ortaya çıxardığı faktordur. Acından ölən birisinin çörək oğurlaması ilə milyardları olan birisinin çörək zavodunu oğurlaması ayrı-ayrı şeylərdir. Mətləbdən uzaqlaşmayaq. Elə Azərbaycandakı feminizm öz mövcudluğunu həm də bu təqlidçiliyə, ideya oğurluğu xəstəliyinə borcludur: Qərbdə varsa, bizdə niyə olmasın?..

Zənnimizcə, feminizmin Qərbdə və Azərbaycandakı təzahürlərinin müqayisəsini bitirib, əsas mətləbə qayıtmağın vaxtıdır; qoy Qərb feministləri güclü olmaq üçün bir təşkilatda birləşsinlər, bizdəkilər isə tutaq ki, lap qrant almaq naminə QHT-lərdə bir araya gəlsinlər. Konu bu deyil.

Gəlin belə bir sualın da cavabını axtaraq: bəs müzakirə etdiyimiz problemi (feminizmi) bu iki cəmiyyətdən hansında daha tez həll etmək mümkündür?

Məncə Azərbaycanda. Çünki Azərbaycanda olan feminizm, qeyd etdiyimiz kimi, daha çox qanun mexanizminin işlək olmamasından qaynaqlanır.

Demək, biz bu mexanizmi işlək vəziyyətə gətirə bilsək, bir çox problemlər tədricən aradan gedəcək, feminizmin əldə bayraq etdiyi "qadın hüquqları” problemi (halbuki feministlər ölkədə kişi hüquqlarının vəziyyətinin qadın hüquqlarının durumundan yaxşı olduğunu heç nə ilə isbat edə bilməzlər) də bunların içində. Böyük ehtimalla belədir.

Yazının girişində qoyduğumuz fikri xatırlayaq: nəyə görə sosial şəbəkələrdə çoxluq feminist qızların aksiyasına dözülməz reaksiya göstərdi? Əcəba, çoxluq haqlı idimi? Görəsən, Konstitusiyamızın əsas müddəalarından biri olan "Sərbəst toplaşma azadlığı”nın polis tərəfindən pozulması nədən bu qədər ilgi çəkmədi?

Vurğulamaqda fayda var: mənim fərdi dünyagörüşüm feminist baxışları qətiyyən dəstəkləmir. Lakin sual budur ki, doğrudanmı, bizdə fərqli düşüncəyə olan təpki insan haqlarına hörmətdən daha üstün olmalıdır? Axı çoxluğun linç etdiyi o qızlar əxlaqsızlıq etdiklərinə görə deyil, etiraz etdiklərinə görə zor tətbiqinə məruz qaldılar. Nəyə etiraz ediblər, bu etirazda haqlıdırlarmı – bu, nəticəyə təsir edəcək suallar deyil. Bizim Konstitusiyamız vətəndaşların öz fikirlərini ifadə etmək üçün sərbəst toplaşma azadlığını təminat verir. Bu azadlıq vətəndaşların əsas qanunumuzda – Konstitusiyada təsbit edilmiş təməl hüquqlarından biridir.

Vətəndaşların hüquqlarını qorumaq isə adından göründüyü kimi, hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir. Polis də hüquq-mühafizə orqanıdır.

Yaxşı, bəs nədən ictimai qınaq polisin Konstitusiyanı pozmasına deyil, bir qrup fərqli düşünən zərif cins mənsublarına qarşı yönəldi?

Bu, öz hüquqlarını açıq meydanda tələb etmək cəsarətsizliyinin yaratdığı kompleksdirmi? Bəlkə də, hə.

Amma təkcə o da deyil.

Başlıca problem düşüncə ilə bağlıdır. Cəmiyyət olaraq bütün problemlərimizin kök səbəbi də budur.

Düşünməliyik. Düşünmək beyni hərəkətə gətirir, beyin də insanı mütəhərrik edir. 

İbn Xaldun deyir: "İnsan beyni dəyirman daşı kimidir, içinə bir şey qoymasan, özü-özünü üyüdəcək”.

Bizim beyinlərimiz artıq özü-özünü üyütmək mərhələsinə çatıb. İçinə bir şey qoymasaq, yəni düşünməsək, aqibət çox faciəvi olacaq.

Düşünməliyik!

Mütləq düşünməliyik!

Düşünmək barədə düşünməliyik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.