O xatırladır mənə
04-11-2023 14:53 / Bu xəbər 2844 dəfə oxundu
Ədəbiyyat estetik baxışların poetik və obrazlı inikasıdır. Son dövrlərdə yaranan əsərlər klassik irsdən qaynaqlansa da,onların ideya istiqamətində, ehtiva etdiyi məzmun və mündərəcədə fərqli cəhətlər özünü göstərməkdədir. Bu nöqteyi-nəzərdən yanaşdıqda son illərdə yazılan ədəbi bədii, ədəbi-publisistik və hətta, ədəbi-tənqidi nümunələrdə də fərqliliyi görmək çətin deyil.
...V.Belinski yazırdı ki, ədəbiyyat lövhələrlə düşünmək, varlığı şairanə dərk etməkdir.Doğrudan da, tənqidçinin bu fikri böyük mənalar ehtiva edir Böyük ədəbiyyat böyük düşüncənin, geniş dünyagörüşün məhsulu kimi epik, dramatik və lirik-psixoloji ovqatı özündə ifadə etmək iqtidarında olmalıdır.
Bu proses istər klassik,istərsə də son illərdə yazılan mənzum əsərlərdə müşahidə olunan ədəbi hadisədir. Lakin geniş mənada ədəbi proses təkcə sırf lirik növdə yazılan əsərlərlə məhdudlaşmır. Son illərdə qələmə alınan nəsr əsərlərində real həyat hadisələri əks olunmaqla bərabər, romantik, lirik amillər də gözə çarpmaqdadır.
Ədəbi əsərin gücü onun ideya və məzmun vəhdəti ilə müəyyənləşir. O, nəsildən-nəsilə ötürülərək ədəbi tərbiyə rolunu oynayır. Onun subyekti və obyekti insandır.
Dahilərdən kimisi ədəbiyyatı insanşünaslıq, kimisi də səhnələrdə oynanılan qəlbin həyatı adlandırmaqda doğru və dürüst fikirlər irəli sürmüşlər Məncə, belə fikirlər əsas verir ki, ciddi ədəbiyyat romantika ilə əhata olunmasına rəğmən, sırf həyat məsələsidir. Çünki həcmindən asılı olmadan hər bir ədəbi nümunədə bir proobraz özünü göstərməkdədir.Həmin proobraz əsərin ana xəttində durmağı bacaran insandır. Nəzakət Cavadovanın əsərində olduğu kimi.
Əslində, bədii nümunənin böyüklüyü onun həcmi ilə ölçülməməlidir. "London saatı” əsəri həm həcminə, həm məna tutumuna görə müasir ədəbiyyatımızda sanballı əsər təsiri bağışlayır.Əsərin baş qəhrəmanı Dəniz Azərbaycanın mübariz qadınının ümumiləşdirilmiş obrazıdır.Bu əsər qidasını klassik irsdən götürməsinə rəğmən, ideya məzmunu baxımından da yenilikçi ədəbi nümunə kimi diqqət mərkəzindədir.
Nəzakət Cavadovanın qələmə aldığı "London saatı” əsəri müasir dövr üçün uğurlu ədəbi hadisədir. Bu əsər ona görə uğurludur ki, məişət mövzusunda qələmə alınmaqla yanaşı, son otuz ildə Azərbaycanın ictimai həyatında ağır hadisə olan Qarabağ məsələsinə də qabarılmadan burada münasaibət əks olunur. Bu baxımdan əsərdə hadisələrin açılmasında açar kimi giriş rolu oynayan və özü görünməyən, lakin haqqında təsəvvürlər yaranan hərbçi şəhid ata Firudin surəti fikrimizi əsaslandırmağa imkan yaradır...
Doğrudur, "London saatı” əsərini ədəbi tənqid ən çox romantik məziyyətlərinə görə şərh etməyə səy göstərmiş, hadisələrin eşq fundamenti üzərində qurulduğunu verməyə çalışmışdır. Dənizlə Yanarın ilk sevgi cücərtiləri belə bir fikrin yaranmasına səbəb olur. İlk baxışdan bu elə təsir bağışlamaqdadır.Lakin hadisələrin daxilinə vardıqca əsərin mahiyyəti açılır.Bu sevgi böyük sevgiyə çevrilə bilmir.
Müəllifin qələmə aldığı hadisələrin ictimai,həyati məzmun kəsb etməsi qabarıq şəkildə təcəssüm edir. Nəzakət xanımın əsərinin dəyəri də ondadır.Bu əsəri eşq "dastanı” hesab edənlər,bəlkə də, yanılırlar. Məncə, bu əsər həyat hadisəsidir, onun süjet xətti olmuş əhvalatlar üzərində qurulmuşdur. Bir sözlə, burada yazıçı təxəyyülü müəyyən mənada özünü göstərsə də, əsər bütövlükdə real hadisələrin təsviridir. Bir faktı da qeyd etmək yerinə düşür ki, yazıçının dili müasir olmaqla, həm də oxunaqlıdır.
Maraqlı süjet xəttinə malik olan "London saatı” romanının mərkəzində vətəndən uzaqlarda Londonda ali təhsil alan yüksək inellektual səviyyəli ziyalı olan Azərbaycan qızı Dəniz obrazı durur. Əsərin əsas qəhrəmanı da odur və bütün hadisələr onun ətrafında cərəyan edir. Dəniz ağıllı,düşüncəli bir insandır. O, ağlının diktəsi ilə hərəkət edir, heç kəsin yalanlarına qulaq asmadan öz qərarlarını verir.O, həyat mübarizəsində qətiyyətli olur.
V.Belinski yazır: "Mübarizə həyat şərtidi, mübarizə bitəndə həyat da ölür...”
17 yaşlı Dəniz də mübarizlik yolunu seçir. Leylanın qəzadan əvvəl ona dediyi məktub barədə düşünməyə başlayır. Komadan ayıldıqdan sonra məktubun izi ilə gedərək onun üçün qaranlıq qalan iki bacının əzab dolu hekayəsini öyrənməyə müyəssər olur.7 yaşlı Leylanın yaddaşındakı xatirələr bağlı sirlərin açılmasına şərait yaradır. Dəniz bacısı Leylaya zahiri görkəmdə çox bənzəsə də, övladlığa götürüldüyü ailələr onları təbiətcə fərqli insanlar kimi böyütmüşdülər.Leylanın əziyyətlə dolu həyatı Dənizin kübar həyatından çox fərqlidir.
Leyla qəzada həyatını itirdikdən sonra onun bacısı olduğunu bilən Dəniz sarsıntılar keçirsə də, Leylanın ilk və yeganə övladının sağ qaldığını öyrənəndə təskinlik tapır. O, qızı uşaq evindən övladlığa götürmək üçün çalışır və məqsədinə nail olur.Bu xeyirxah işdə qarşısında duran maneələrə mətinliklə sinə gərir və dəf edə bilir.
Nəzakət Cavadova iki bacının ailə-məişət fonunda həyat fəlsəfəsini bədii sözün qüdrətilə açaraq özünə və əsərinə maraqla yanaşan, hər nasirə müyəssər olmayan geniş oxucu auditoriyasını qazana bilmişdir.Bu, deyə bilərəm ki, yazıçının gənc olmasına rəğmən, onun qazandığı uğurdur.
Dəniz ədəbi dünyamızda qələmə alınan qadın obrazlarından yeniliyi ilə fərqlənir. O, ağır taleyin burulğanından çıxmaq üçün daim ağlının səsini dinləməyi bacarır.Coşqun təbiətli olmasına rəğmən, hər şeyi düzgün qiymətləndirə bilir.Əxlaqi-etik dəyərləri öz aləmində bacarıqla dəyərləndirməyi bacara bilir.Bu cür dəyərlər onu oxuculara sevdirə bilir.
Acı zaman Dənizin ata-ana mehriylə dolu uşaqlıq illərini əlindən almışdı. Kəndə ata evinə gedən gənc tələbə qız babasıyla görüşəndə də bir sıra sirlərə vaqif olur.Doğmaca valideynləri ilə keçirdiyi və heç cür yadında qalmayan xəyali xoşbəxt anlar gözləri önündə canlanır...
Dənizin böyüklüyü ondadır ki, onu övladlığa götürən, tərbiyə edən ata-ananı, həqiqəti ondan gizlətsələr də, bağışlaya bilməsidir.
Dəniz onu başa düşməyən Yanarı ürəyində sevsə də, qüruru və qadın qətiyyətinin ucalığı onu geri qayıtmağa qoymur.Çünki telefonda söylənilən təhqiramiz sözlər onun saf, ülvi ləyaqət və duyğularına yad idi. Dəniz bu cür təhqirləri heç vədə qəbul edə bilmir. Doğrudur,
Yanar: "Hətta günəşdə də, ayda da ləkə var, Şahzadəm.Bu dünya qüsurlular üçün yaranıb.Qüsursuz heç kim yoxdur, Şahzadəm!” - deyərək səhvini etiraf etsə də, artıq gec olur, bu, Dənizin qürurunu sındıra bilmir. O, övladlığa götürdüyü körpə ilə uzaq Londona uçur.
"London saatı” əsərini oxuyanda bir daha əminlik yaranır ki, əsərlər yazılanda orada gözəlliklərlə yanaşı həm də anti-gözəlliklərdən də söhbət gedə bilər.Bu yöndə yaradıcı şəxsin təsvir və münasibətləri daha önəmli olur.Bu baxımdan Nəzakət Cavadovanın münasibətləri və bu səpkidə yaratdığı obrazlar maraq doğurur.
"London saatı” əsəri qəhrəman üçün xoşbəxt sonluqla bitir. Bu, oxucu qəlbini ehtizaza gətirir...
Nəzakət Cavadovanın "London saatı” əsəri Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Bu əsəri ədəbi cameədə sevilən əsər sayır, müəllifə yeni-yeni uğurlar arzulayıram.
Qədiməli Əhməd
AYB-nin üzvü, şair,
R.Rza və Prezident mükafatları laureatı