Olimpiada: avtoritarizmin demokratları aldatdığı məqam
05-08-2024 16:36 / Bu xəbər 1665 dəfə oxundu
Çingiz Sultansoy
Paris Olimpiadasında Azərbaycanın basketbol yığması ABŞ yığmasına qalib gələndən sonra frendlentimdə demokratik toplumun neçə nümayəndəsi bizim komandanın udmasına sevinir, bu ötəri, az sonra bilindiyi limi davamı olmayan qələbəni önəmli uğur kimi təqdim edirdi.
Niyə də sevinməsinlər, bizimkilər sonra dalbadal uduzsalar da, özündən güclü olan amerika komandasını məğlub etməmişdi?
İlk səthi baxışdan hər şey normal görünə bilər, bizim komandanın qələbəsidir, biz sevinməsək kim sevinəcək? Bu bir vətənpərvərlik məsələsidir, deməli, bu qələbəyə sevinmək gərəkdir, hətta borcumuzdur. Amma yalniz ilk və səthi baxışdan belə görünür, bir az dərinə gedəndə başqa, üstüörtülü mətləblər açılır.
Məlumdur ki, istənilən yarış, xüsusən də Olimpiada iştirakçılar arasında ən güclüsünü müəyyən etməklə yanaşı bu idman növünü təbliğ etmək, insanları onunla məşğul olmağa sövq etmək, bu yolla sağlamlaşdırmaq məqsədi güdür. Başqa məqsədlər də var, əlbəttə, məsələn, idman növünün səviyyəsini yüksəltmək, bütövlükdə idman mədəniyyətini və fəlsəfəsini təbliğ və inkişaf etmək, iştirakçıları bir-birnə yaxınlaşdırıb tanış və dost etmək, dost əlaqələri, sülh münasibətləri yaratmaq və b. belə məqsədlər.
Azərbaycan basketbol komandasının indiki mərhələdə və ya hətta lap finalda qələbəsinin ölkədə basketbolun inkişafına, idmanın yayılmasına və gənc nəslin sağlamlaşmasına xeyri, məlum kasıbçılıq səbəblərindən, ən çoxu 15-20% ola bilər, bəlkə daha az. Amma elə bu qələbənin Azərbaycanda avtoritarizmin təbliğatına və legitimləşməsinə, möhkəmlənməsinə töhfəsi 80-85% olacaq, beləliklə də ölkəmiz dünya inkişaf standartlarından daha da geri qalacaq.
Rəqəmlər şərtidir, əlbəttə.
Azərbaycan yığmasının Paris Olimpia Oyunları 2024-də qələbəsi Azərbaycanın, xalqının qələbəsindən xeyli daha çox xalqını əzən iqtidarın qələbəsidir.
Belə isə Azərbaycan komandasının olimpia qələbələrinə niyə sevinirik, müxalifətçi və/və ya demokratik düşüncəli, etirazçı dostlar?
Avtoritar hakimiyyətin möhkəmlənməsinə aparan hər bir olay sizdə niyə sevinc doğurur?
Niyə doğurmalıdır?
Nədən belə?
Dediyim yalnız kortəbii hiss və emosialardan əl çəkib, ayıq-soyuq başla bir qədər daha bəsirətli və uzaqgörən olmağa dəvətdir. Daha güləş və boks qarışıq cüdo, aykido, karate kimi əlbəyaxa döyüş növlərində çempion olandan sonra polisdə, təhlükəsizlik xidmətlərində işə düzələrək bizə divan tutan idmançıların qələbələrini demirəm.
Anlayıram, başqa dövlətlər üçün çox adi olan şeylərdən məhrum, həyatında az sevinc qalan bizim sıravi insanlar heç olmasa idman qələbələrinə sevinmək istəyir, müsbət emosia axtarır.
Bəs məntiq və rasional düşüncə?
Hər şey – statistik məlumat, rəsmi bəyanat, hüquq-mühafizə, media xəbərləri, seçki nəticələri saxtalaşdırılan bu dövlətdə vətənpərvərlik hissləri də saxtalaşdırılıb vətənşüvənliklə əvəz edilib. Satınalınmış medianın, başqa vətənşüvənlərin özlərinə necə əl qatdığını görmürsünüz?
Onlarla bir sırada, bir dəstədə, bir səbətdə olmaq sizə yaraşarmı?
Siyasətdən kənar olmalı idman, özəlliklə olimpia hərəkatı çoxdan siyasi alət olub. Gerçəklik budur! Məsələn, Ukrayna ilə müharibə aparan Rusiyanın prezidenti Putinin Paris Olimpiadasında iştirak etmək niyyəti, onun bu arzusunu gözündə qoyan Beynəlxalq Olimpia Komitəsinin qəti rədd cavabı siyasət deyildi?
Olimpia Oyunlarının açılışında aparıcının Azərbaycana qərəzli və həqarətli münasibəti, şikayətimizin hələ də təmin olunmaması siyasət deyil? Burada bir sıra amillər var, əlbəttə, aparıcının və Fransanın ermənipərəstliyindən tutmuş bizim ölkənin avtoritar, getdikcə sərtləşən idarəetməsinə, insan haqlarının kütləvi pozulmasına, siyasi mənbuslar ordusuna qədər, amma bu da siyasətdir...
1970-ci illərdə Çexoslovakiya hokkey yığmasının SSRİ-yə qarşı oynamağını görənlər məni, fikrimi və sualımı daha tez anlayar – o oyunlar idman görüşü idi yoxsa döyüş? Dava-dalaşlara görə demirəm, yox, hərçənd, o da olurdu.
Hokkey oyunlarının gərginliyini, hiddət, şiddət və qəzəbini deyirəm – çexlərin qəzəbi və hiddəti 1968-də Sovet qoşunlarının Çexoslovakiyaya girməsinə, demokratia istəyən "Praq Baharını” qırmasına, axıdılan qanlara və həbslərə görə idi.
1956-cı il Macar İnqilabı və barrikadalarından sonra macarların, 1981-83-cü illər Polşasında hərbi vəziyyətdən sonra polyakların SSRİ-yə qarşı futbol və istənilən idman oyunları da eləcə...
Siyasət sürətlə hətaın bütün sahələrinə daxil olduğu kimi İdmana da qatılıb, sportun siyasətdən kənar olması ancaq kağızda qalıb. Elə isə, bizə, həyatımıza birbaşa bağlı, bizi əzən hakimiyyət siyasətinin qələbə çaolmasına niyə sevinirsiniz? Bəlkə, heç ölkədə dəyişikli, ağ günə çıxmaq istəmirsiniz, elə indiki kimi əzilən zümrə qalmaq istəyirsiniz?!
İnanmıram, sadəcə bu məsələyə önəm vermədiyinizi, dərinə getmədiyinizi, kortəbii hisslərə uyduğunuzu düşünürəm.
Bütün totalitar-avtoritar dövlət başçıları idman, olimpia qələbələriylə xalqının gözünə kül üfürür, manipulasion edir, hamiyyətlərini legitimləşdirmək və uzatmağa çalışırlar. Yoxsa xalqına 190 manat pandemia yardımı, uşaq pulu qıymayan adamlar idmana, legionerlərə bir belə çox, AŞ, AŞPA, ABŞ, Almaniyada və b. satılan siyasətçilərə verilən rüşvət qədər pul niyə xərcləsin ki?
İdmanı niyə bir belə təbliğ etsin?
Xalqının sağlam və idmançı olmağını istəyən hakimiyyət əvvəlcə onu ac saxlamaz, qarnını tox edər ki, güclü olsun, zirək olsun. Səhiyyəsini və tibbini düzəldər ki, sağlam olsun!
Ac və xəstəhal xalqın arasından idmançı gənclər çıxacaq?
İdman kütləvi olanda xalq arasında çoxlu gələəcək dünya və olimpia çempionları yetişir. Bunu mən demirəm, məlum və köhnə, sovet vaxtından məlum həqiqətdir.
Bəlkə bu gedişlə on-on beş idən sonra olimpia yığmamızda legioner sayı 40-45% yox, 60-70% oldu? Bəs iyirmi-otuz ildən sonra necə?
Bu normal inkişaf tendensiyadır? Bunu görmək, anlamaq beləmi çətindir?
Hakimiyyətin fitvasına getməyin, əziz dostlar, azca düşünün və ayılın!
Gəlin vətənşüvənlikdən əl çəkib vətənpərvər olaq!