Omonim, sinonim, antonim və "dostları"

Omonim, sinonim, antonim və

25-01-2024 01:24 / Bu xəbər 2144 dəfə oxundu

İmarət Cəlilqızı

Dildəki sözlərin leksik baxımdan seçilmiş qrupları icərisində omonim, sinonim, antonim, paronim kimi terminlərə daha sıx rast gəlirik. 

Bu qruplar içərisində hiponim hiperonim adlanan söz qrupları da var. Bəs hansı sözlər hiponim və ya hiperonim adlanır?

Hiponim (yun. ὑπό "altında, aşağıda” , όνομα "ad” deməkdir) müəyyən bir varlığı başqa, daha ümumi səciyyə daşıyan bir varlıqla münasibətdə ifadə edən anlayışdır. Məsələn, belə bir ardıcıllığa diqqət edək: 

- bitki - taxıl - buğda. 

Burada "buğda" taxıl sözünün, "taxıl" da "bitki" sözünün hiponimidir. 

Bəs hiperonim nədir?

Hiperonim (yunan dilində ὑπερ "yuxarı", όνομα "ad" deməkdir) daha geniş mənalı sözdür, o, obyektlərin, xüsusiyyətlərin, atributların çoxluğunun adını ifadə edir, necə deyərlər, orijinalın üst çoxluğunu əks etdirən bir anlayışdır. Məsələn, yuxarıda misal cəkdiyimiz sırada "bitki" sözü "taxıl" sözünün, "taxıl" da "buğda" sözünün hiperonimidir

Başqa misallara baxaq: 
heyvan - təkdırnaqlı - at.

Bu sırada heyvan sözü təkdırnaqlı sözünə, təkdırnaqlı sözü isə at sözünə nəzərən hiperonimdir. Və ya əksinə: "at" sözü təkdırnaqlı sözünə, təkdırnaqlı sözü isə heyvan sözünə nəzərən hiponimdir.

Daha bir neçə misal göstərək: 
1) bitki - tərəvəz - kələm; 
2) meyvə - giləmeyvə - çiyələk;
3) parça - paltar - don.

Verilmiş nümunələrdə "bitki", "meyvə", "parça" sözləri daha ümumi anlayışlar olub obyektlərin üst çoxluğunu əks etdirir və üçü də hiperonimdir.

"Tərəvəz", "giləmeyvə", "paltar" sözləri isə "bitki", "meyvə", "parça" sözlərinə nəzərən hiponim mövqeyində, müvafiq olaraq "kələm", "çiyələk" və "don" sözlərinə nəzərən isə hiperonim mövqeyindədir. 

Beləliklə, hiperonim məntiqi ümumiləşdirmənin nəticəsi olaraq, hiponim isə bir növ məhdudlaşdırmanın nəticəsi olaraq meydana gələn anlayışdır.

Yazı üzərində işlədikcə yada düşən bir məqamı da əlavə edək: yəqin, bəzilərimiz qan təzyiqi ilə bağlı hipertonik hipotonik sözlərini eşitmişik, bu sözlərin tərkibindəki hiper hipo sozləri də hiperonim hiponim sözlərinin tərkibindəkilərlə eynidir.

Qan təzyiqi yuxarı olan şəxslərə hipertonik, aşağı olanlara isə hipotonik deyilir. 

Hamınıza cansağlığı, xoşbəxtlik və normal qan təzyiqi diləyilə "-nimlər” "sülaləsinin” iki nümayəndəsi haqqındakı qeydləri burada yekunlaşdırırıq.