"Oğulların çiçək yaşda ölən vaxtına düşdük"
25-02-2021 01:22 / Bu xəbər 8187 dəfə oxundu
Arqument.az şair Səadət Cahangirin yeni şeirlərini təqdim edir:
***
Biz də masanın qırılan
qələm vaxtına düşdük,
silahların üstümüzə
gələn vaxtına düşdük...
baş açmadıq, oyundumu,
savaşdımı, cəngdimi,
oğulların çiçək yaşda
ölən vaxtına düşdük...
haqqımızı yeyən verdi
haqqımızda fərmanı,
çiynimizdəki borcların
sələm vaxtına düşdük...
ayrılıqdan bahar keçdi,
payız ötdü, qış oldu,
hüzün yağan mövsümlərin
bu qəm vaxtına düşdük...
***
Uzaqlardan əsən yel
orda dağlar qarmı, de,
yollar soyudu, yoxsa
gedib-gələn varmı, de.
Üşüyən qapıları
müjdələr açarmı, de,
yazıb rüzgara versəm,
məktublar çatarmı, de.
Yenə saatlar atlı,
yenə zaman darmı, de,
yollar ayrı düşüncə,
könül unudarmı, de.
***
Bu tutqun buludundandı,
bu hüzün havalardan,
bu çiskin pəncərələrə
səssiz ağlamalardan...
bu kədər can acısından,
bu ölüm davalardan,
bu fəryad budaq ümidi
kəsilən yuvalardan...
bu ah dörd divar içində
diz qucaqlamalardan,
bu qəm tənha bir qocaya
qısılan komalardan...
***
Dibçək gülləri kimi
gözlərin pəncərədə,
kim bilir günəş indi
hansı yarımkürədə?..
fikrindən axıb gedən
vaxtın izi ağ-qara,
bir rüzgar alıb uçmuş
quşları uzaqlara…
üşüyən fikirlərin
kim bilir ki, nə çəkər,
gecənin qar şəklini
gözlərin necə çəkər...
zamansız gedişlərin
qorxusu - ruhu sarsan,
uçurumun başından
bir qatar keçər,
necə nəfəsini tutarsan...
necə 100 il əvvəlin
tablosunda bir bahar-
hüzün dolu gözlərin
günəbaxan tarlasına
enən qüruba baxar...
dibçək gülləri kimi
günəş harda, sən harda?
qar yağar, üşüyərsən
bir yalançı baharda…