Paşinyana qarşı etiraz aksiyasına çağırış edilib
23-05-2023 23:54 / Bu xəbər 1315 dəfə oxundu
Mayın 22-də Dağlıq Qarabağ "parlamenti”nin fövqəladə iclası keçirilib.
Toplantıda Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı bəyanatı müzakirəyə çıxarılıb.
Dağlıq Qarabağ "parlamenti” müzakirədən sonra yaydığı bəyanatda Paşinyanın Ermənistanın Konstitusiyasını kobud şəkildə pozduğunu qeyd edib:
"Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini və Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı hər hansı sənədin qəbulunu qadağan edən Konstitusiyasını kobud şəkildə pozur. Bizim üçün Nikol Paşinyanın "Artsax”ın (ermənilər Qarabağı belə adlandırır) suverenliyinə, xalqımızın öz müqəddəratını təyinetmə hüquqlarına məhəl qoymayan hər hansı bəyanat qəbuledilməz və faydasızdır. Artsax heç vaxt seçdiyi yoldan əl çəkməyəcək”.
Ermənistanın keçmiş prezideni Serj Sarkisyan, həmçinin Dağlıq Qarabağın keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan da Baş nazirin bəyanatını qəbuledilməz sayıblar.
Ancaq onlardan fərqli olaraq sabiq prezident Robert Köçəryan: "Dağlıq Qarabağ parlamenti”nə "Nə baş verdiyini indi başa düşdünüzmü?” - deyə sual edib.
R.Köçəryan daha sonra qeyd edib: "Mən öz növbəmdə prezidentlərə ünvanlanan ultimatum tələblərini yersiz və təhqiramiz hesab edirəm. Bu qədər sadəlövhsünüz? Son iki ildə Qarabağın açıq təslim olduğunu görməmək mümkün deyildi. Biz bu haqda ictimaiyyətə danışmışıq. Qarabağ Milli Məclisi (dörd deputat istisna olmaqla) çoxluğu ilə və onların rəhbərləri bizim xəbərdarlıqlarımıza heç bir reaksiya vermədilər”.
Erməni müxalifəti yaxın günlərdə aksiyalar keçirməklə bağlı çağırışlar da edib.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Говорит Москва” radiostansiyasında Baş nazir N.Paşinyanın açıqlamasına reaksiya verib.
O deyib ki, Azərbaycan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanətlə bağlı bəyanatlara fikir verməyəcək: "Ən yaxşı halda Azərbaycan guya erməni əhalisi ilə hansısa ədəb-ərkan normalarını qoruyub saxlamağa hazırlaşacaq və deyəcək ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əgər qəbul etmirlərsə, o ərazini tərk etməlidirlər. Heç kim heç bir dövlətə öz vətəndaşlığını təbliğ etməyi qadağan edə bilməz, amma vətəndaşlıqdan çıxdığı halda əcdadlarınızın yaşadığı ərazini tərk etmək təklifi edilirsə, bu, deportasiyadan başqa bir şey deyil”.












