Prezident fərmanı və yazıçı sözü
04-09-2023 12:44 / Bu xəbər 3816 dəfə oxundu
Çingiz Sultansoy
PREZİDENT FƏRMANI
Peru prezidenti Alan Qarsia öz fərmanını ləğv edib. Söhbət 2003-cü ilədək baş verən insan haqlarının pozulması faktlarının araşdırılmasının dayandırılması ilə bağlı fərmandan gedir.
Bəzi mənbələr onu fərman, bəziləri qanun layihəsi yazır. Nə isə, ləğv edilən fərman 80-ci illərdən başlayan bir müddət ərzində törədilən cinayətlərin xətm olunmasını nəzərdə tuturdu. O dövrdə Peru hakimiyyəti üsyançılarla silahlı mübarizə aparırdı.
Hakimiyyət qoşunları ilə solçu Sendero Luminoso qruplaşması arasında gedən bu mübarizə əslində vətəndaş müharibəsi idi. 70 minə yaxın insanın həyatına son qoyan bu müharibədə hakimiyyət qalib gəlib.
YAZIÇI SÖZÜ
Prezident Qarsia öz fərmanını məşhur Peru yazıçısı və ictimai xadimi Mario Varqas Lyosanın müraciətindən sonra ləğv edib. Yazıçı deyib ki, bu fərman insan oğurluğu ilə məşğul olan, əlləri işgəncə və qətllərə, qana bulaşıq hərbçilərin, xüsusi xidmət əməkdaşlarının "üstüörtülü amnistiyasıdır”.
Lyosa hesab edir ki, həmin fərman faktiki olaraq hərbçiləri törətdikləri cinayətlərin məsuliyyətindən azad edir. O cəsarətlə dilə gətirib ki, şübhəlidir - Qarsia nəinki tərəfdarlarını, həm də özünü qorumağa çalışır. Axı bu cinayətlər Qarsianın birinci prezidentliyi dövründə törədilib.
Fərmanın ləğv edilməsi üçün məşhur yazıçının bu sözləri kifayət edib.
DİŞİNİ AĞRIDAN QICAYAN YAZAR
Mario Varqas Lyosa mənim üçün təkcə məşhur perulu yazıçı və publisist deyil, o, həm də ötən əsrin ortalarında bütün dünyaya səs salan Latın Amerikasının ulduz nasirlərindəndir. Qabriel Qarsia Markesi Azərbaycanda az qala hamı tanıyır, Lyosanı isə yox. O, mənim sevimli yazıçılarımdan biridir.
Rusdilli oxucular arasında Lyosanın "Şəhər və köpəklər”, "Yaşıl ev”, "Kapitan Pantaleon və xeyirxah xidmətlər taqımı”, "Dünyanın sonunun müharibəsi” və başqa romanları yaxşı tanınır. "Şəhər və köpəklərr” SSRİ gəncliyi arasında ən çox oxunan bir kitab olub. Bu əsər SSRİ və ABŞ-da ekranlaşdırılıb.
"Yaquar” adlı sovet filmini o dövrün tanınan Çili rejissoru Sebastyan Alarkon çəkib.
70-ci illərdə, tələbə ikən Lyosanın "qızıl gənclik” haqqında "Küçüklər” povestini, müəllifin öz sevgi macərasını təsvir edən "Hulia xala və cızmaqaraçı” romanını necə maraqla oxuduğum, bu əsərdəki obrazları istədiyim, dünyada ən gözəl, sonralar ömür-gün yoldaşım olan qızla necə müzakirə etdiyimiz, cızmaqaraçı Pedro Kamaçoya necə güldüyümüz indi də yadımdadır. O vaxtdan az qala 40 il keçib. Bu illər nə tez ötdü-keçdi...
"Müharibə”ni bir on il sonra oxudum. Hansısa tənqidçi hələ gənc olan Mario Varqas haqqında demişdi ki, o, əsərlərini sanki dişlərini ağrıdan qıcayaraq yazır. Bu, həqiqətən də belədir. Onun bütün romanları sovet və Azərbaycan sovet ədəbiyyatının bizə təklif etdiyi formaca milli, məzmunca sosialist, sosrealizm çərçivəsində budanmış əsərlərdən kəskin şəkildə fərqlənirdi. Bu, böyük, işıqlı və rəngarəng, başlıcası isə çərçivə və məhdudiyyətlərdən azad olan dünyaya – bizim arzuladığımız və dərk etmədən can atdığımız dünyaya bir pəncərə idi...
PERU VƏ AZƏRBAYCAN
Deməli, yazıçı sözünün kəsəri, çəkisi elədir ki, prezidentin mövqeyinə bu dərəcədə təsir edə bilər?! Bu təəccüb, hətta heyrət doğurur. İstər-istəməz bu reallığı Azərbaycandakı vəziyyətlə müqayisə edirsən. Peru inkişaf etmiş demokratik ölkələrdən deyil. Bir də ki, demokratik ölkələrin heç də hamısında məşhur yazıçılarla bu dərəcədə hesablaşmırlar. Bəs bizdə belə olayın mümkünsüzlüyünün səbəbi nədir?
Demokratiya və demokratik təfəkkür çatışmır?
Ölkə başçısı kiminsə rəyi ilə hesablaşmaq üçün çox güclüdür, yoxsa yazıçılar çox zəifdir?
Zəifdirlərsə, niyə? Bəlkə ona görə ki, oxuculara lazım olanı yazmırlar? Bəs niyə lazım olanı yazmırlar? Yaza bilmirlər?
Bəlkə ona görə zəifdirlər ki, müxalifət zəifdir? Ya da əksinə, müxalifət ona görə zəifdir ki, bizim müstəqil yazıçılarımız gənclərin ruhuna sahib ola bilməyiblər?
Bəlkə ona görə ki, sovet və postsovet repressiyaları, beyinlərin böyük marksizm-leninizm təlimi ilə doldurulması insanların əksəriyyətində qul psixologiyasını formalaşdırıb? İndiki dövrdə isə bu proses heydərizm təliminin köməyilə davam edir?
Bəlkə ona görə ki, ölkədə hətta normal bazar, mülkiyyət münasibətləri yoxdur, faktiki bütün iqtisadiyyat və ticarət dövlətin və məmurların nəzarətindədir?
Bəlkə ona görə ki, katoliklər məmləkəti olan Perudan fərqli olaraq, sovet hökuməti Allahın yoxluğunu və ona görə hər şeyin, hər bir rəzalətin caizliyini, keçəri olduğunu insanlara əxlaqsızcasına aşılaya bilib?
Bəlkə ona görə ki, narazı qrupların əksəriyyəti güc hesabına susdurulub? Ya da kiçik ölkə üçün çox böyük olan neft pulları hesabına satın alınıb?
Bəlkə ona görə ki, yazıçıların özlərinin istedadı və populyarlığı, vətəndaş mövqeyi və cəsarəti yetərli deyil? Daldeylərdə daldalanmaqla söz və könüllər mülkünün sultanı olmaq mümkün işdirmi?
İSTEDAD + CƏSARƏT
Etiraz bildirməyə cəsarəti çatan ədəbiyyatçılar var, xüsusən də gənclər arasında, amma onların ədəbi kapitalı, tanınması, nüfuzu, bəzən isə bunlara nail olmaq üçün istedadı çatmır. Adlı-sanlı, ölkə hüdudlarından kənarda da tanınanlar var, təəssüf ki, onların əksəriyyətində vətəndaş mövqeyi, cəsarəti çatışmır. Onlar öz konformizmini əsaslandırmaq üçün bir çox bəhanələr tapır və özlərinə bəraət qazandırmaq üçün vaxtaşırı dilə gətirirlər, bir də həqiqi oxucu azlığından şikayət edirlər...
Susmaq üçün, kişilik göstərməmək üçün indiki Azərbaycanda həmişə kifayət qədər səbəb və bəhanə var. Bunu kinayəsiz deyirəm. Cağdaş dövrlə heç bir əlaqəsi olmayan tarixi roman yazmaq, stalinizm dəhşətlərini və ya nakam məhəbbət iztirablarını təsvir etmək üçün sanballı əsas və səbəblər.
Təkcə Mario Varqas Lyosa yoxdur.
Yarım əsr bundan əvvəl Soljenitsın deyib: "İndiki zəmanədə tarixi roman yazmaq ayıbdır”.
Bu sözlər kəsərini indi də itirməyib.
TƏK MARİO YOX
Amma Azərbaycanda da məşhur yazıçılar var ki, susmamağa cəsarətləri çatır. Çingiz Hüseynov var, dəfələrlə etiraz səsini ucaldıb. Rüstəm İbrahimbəyov var.
Məsələn, Rüstəm İbrahimbəyov təqribən iki ay bundan qabaq prezident İlham Əliyevə məktubla müraciət edib və ondan cinayət sahibi olmayan blogerlər Emin Milli və Adnan Hacızadənin azad olunmasını xahiş edib.
Prezident bu müraciətə indiyəcən cavab verməyib.
Yazıçı sözü ilə hesablaşan Alan Qarsia ikinci dəfə Peru prezidenti ola bilib, özü də böyük fasilədən sonra...
Bir də görəsən, prezident fərmanını ləğv edəndən sonra onsuz da oxunan Mario Varqas Lyosanın romanları və publisistikası necə oxunur?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Azadlıq Radiosu, 2010