Prezident xaricdən gətirilən malların dəyərini 10 mindən 1000 dollara endirdi - YENİLƏNİB

Prezident xaricdən gətirilən malların dəyərini 10 mindən 1000 dollara endirdi - YENİLƏNİB

14-01-2016 01:51 / Bu xəbər 6272 dəfə oxundu

Prezident İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Sənədə əsasən, "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.

Qeyd edək ki, fərmanın 1-ci hissəsi belə idi: "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir”.

Natiq Cəfərli: "Bu qərarın həyata keçməsinə şübhələrim var"

Qaynar.info prezidentin fərmanı ilə bağlı ekspertlərin rəyini öyrənib. İqtisadçı-ekspert Natiq Cəfərli bunları deyib: "Bu qərarın başqa tərəfləri var:

1. Ölkədə ticarət dövriyyəsi azalıb, dükanlar bağlanır, əgər bu qərar şəyata keçsə, qızına cehiz, evinə mebel, texnika alan heç kim ölkədə almayacaq. Qonşu ölkədən gətirəcək ki, bu da yerli ticarətçiləri daha çətin vəziyyətə salacaq, obyektlər daha tez bağlanacaq, işsizlik daha da artacaq.

2. Ölkədə valyuta qıtlığı var, manat "üzə bilməyəcək", dəyərdən düşəcək. Bu qərar ölkədə valyuta axınını daha da gücləndirəcək.

3. Bu qərarın həyata keçməsinə şübhələrim var".

Azər Mehtiyev: "1000 dollaradək rüsumdan azadetmə - bərpa olundu"

Ekspert Azər Mehtiyev isə xaricdən gətirilən və gömrüyə düşən malların dəyərinin 10 min dollardan 1000 dollara endirildiyini bildirib: "Bu gün president.az saytında belə bir fərman yerləşdirilib. Həmin fərmanla ötən il oktyabrın 22-də verilən "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" fərmanın 1-ci bəndi ləğv olunub. Yəni ölkənin gömrük ərazisinə gətirilən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalentindən artıq olmayan malların gömrük rüsumundan azad edilməsi ləğv olunub. Yəni, 22 oktyabradək olan qayda - 1000 dollaradək rüsumdan azadetmə - bərpa olundu".

Zöhrab İsmayıl: "Hökumət düşünülməmiş qərarlar verir"

Ekspert Zöhrab İsmayıl isə bunları deyib: "Bu onu göstərir ki, hökumət düşünülməmiş qərarlar verir, sonra da onu ləğv etməyə məcbur olur. Bi artıq üçüncü bir qərardır. Daha öncə Mərkəzi Bank banklara kursu sərbəst müəyyən etmək icazəsi vermişdi, sonra ləğv elədi. Eləcə də, spirtli içkilərin yalnız kartla satışına dair qərar verilmişdi, bu da ləğv olundu. Bu qərar da ölçülüb-biçilməmiş bir qərar idi. Bütün bunlar göstərir ki, hazırda Azərbaycanda hökumət nə etdiyini və hansı qərarlar verməli olduğunu bilmir".