Professor Saleh Məmmədova cavab - Natiq Cəfərli

Professor Saleh Məmmədova cavab - Natiq Cəfərli

09-09-2015 23:58 / Bu xəbər 1689 dəfə oxundu

Natiq Cəfərli 

"Yeni Müsavat" qəzetində hörmətli professor Saleh Məmmədovla müsahibə dərc edib. Maraqla oxudum, Saleh müəllimə böyük hörmətim var, amma görünür ki, uzun illər ölkədən ayrı qalmağı reallıq hissini zəiflədib, bəzi rəqəmləri və tezisləri, yüngül desəm, təəccüb doğurur. Hətta rəqəmləri belə yanlış söyləyir. 

Saleh müəllim deyir ki, ölkənin 50 mlrd. dollar ehtiyatı var, halbuki son rəqəmlərə görə 40 mlrd. dollardan bir qədər çoxdur, hörmətli professor deyir ki, ölkənin cəmi 6 mlrd. dollar borcu var, amma konsalidə edilmiş borc, yəni dövlət şirkətlərinin, dövlət zamanəti ilə aldığı borcla, dövlətin özü tərəfindən alınmış borclar 15 mlrd. dollardan çoxdur. Tək SOCAR-ın 7 mlrd. dollar civarında borcu var. 

Keçək tezislərə:

1) Saleh müəllim təklif edir ki, ölkə ciddi borclansın, hətta 100 mlrd. dollara yaxın borc götürmək üçün imkanımızın olduğunu deyir. Sitat: "Bu il 10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək”. Heyrət içindəyəm, ölkəmizə son 10 ildə 110 mlrd. dollar investisiya qoyulub, pis idarəetmə, korrupsiya, nəzarətin zəifliyi nəticəsində bu vəsait ölkənin heç bir fundamental problemini həll etmədi. Bəli, 2700 məktəb tikildi, təmir edildi – paralel olaraq təhsilin keyfiyyəti düşdü, keçid balı minimuma endi, 500-dən çox xəstəxana tikildi, təmir edildi – səhiyyənin vəziyyəti lap pisləşdi, insanlar müalicə üçün İrana – Turana getməkdə davam edirlər. 2000 km-dən çox yollar çəkilib – amma iqtisadiyyatda mal və xidmət dövriyyəsi sürətlənməyib. Bir sözlə, 110 mlrd. dollar investisiya ölkənin heç bir fundamental problemini həll etmədi, çünki sistemdə olan problemlər öz həllini tapmadı. İndi isə hörmətli professor idarəetmə sistemində olan problemləri görmədən, bunları dəyişməyi təklif etmədən, ölkəni yeni borc bataqlığına sürükləməyi təklif edir. Bir anlıq düşünün ki, təhsili və sağlamlığı yaxşı olmayan, gəliri-xərcini düzgün idarə edə bilməyən, bədxərc bir insan təsadüfən əlinə düşmüş böyük məbləğdə vəsaiti xərcləyib bitirir, sonra da ciddi şəkildə borca girir. Əgər həmin insan həyat tərzini dəyişməsə, təhsilini, sağlamlığını düzəltməsə, bədxərcliyini azaltmasa aldığı borcu da "yandıracaq”, puç edəcək. Nəticədə həmin insanın övladları uzun illər boyu işləyib borcları qaytarmalı olacaq. Saleh müəllimin təklifi çox təhlükəlidir, iradəetmə sistemi dəyişməsə, ölkənin borclanması gələcəyinin də oğurlanması deməkdir.

2) Növbəti tezis: "Alınan borclar dövlətin nəzarəti altında iri layihələrə ayrılmalıdır”. Mən bildiyim və tanıdığım Saleh müəllim həmişə liberal, rəqabətli bazar iqtisadiyyatının, dövlətin iqtisadiyyata müdaxiləsinin əleyhinə olub, indi nə baş verdi?! Dövlət iqtisadiyyatda ən pis menecerdir, bunu dünyanın inkişaf tarixi dəfələrlə sübut edib. Dövlət ədalətli və rəqabətli sistem qurmalı, ədalətli hakim rolunu, "startup” rolunu oynamalı, vergi və gömrük alətləri ilə iqtisadiyyatı stimullaşdırmalı, biznesin işinə müdaxilələrə son verməlidir. Dövlət iri layihələrin sponsoru, maliyyə qaynağı ola bilər, amma: a) İxracata yönəlik layihələrdə, b) Biznesin qurulması mərhələsində - vəssalam, sonra idarəetməyə, biznesdə subyekt olmağa çalışmamalıdır.

Hörmətli Saleh müəllimin tezisləri və yanaşması ölkəmizin gələcəyi üçün ciddi təhdid yaradır, çünki, indiki hökumət böyük məbləğlərdə borclanmaya getmək, bununla cari problemləri həll etmək istəyir. Bu yol Yunanıstan yoludur, bu borcları sonra millət qaytarmalı olacaq, bu borcları növbəti normal hökumət – bizlər qaytarmalı olacağıq. Saleh müəllim öz yaş nəslinin, bizm yaş nəslimizin günahlarını, səhvlərini gələcək nəsillərə - övladlarımıza yükləməyi təklif edir. Bu, yolverilməzdir.

cumhuriyyet.org