Putin Donetsk və Luqansk “respublikalarının” müstəqilliyini tanıdı

Putin Donetsk və Luqansk “respublikalarının” müstəqilliyini tanıdı

22-02-2022 12:56 / Bu xəbər 966 dəfə oxundu

Nazir: "Ərazilərə rəsmi status verməklə bağlı istənilən addım təhlükəli eskalasiya sayılacaq”

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də televiziya ilə yayımlanan çıxışında qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR)  müstəqilliyini tanıdığını deyib.

O bildirib ki, bu qərarı daha öncədən verməli idi.

Çıxışında Ukraynanın Rusiya tərəfindən yaradıldığını deyən Putin Lenini Ukraynanın "müəllifi və qurucusu” adlandırıb.

O, Ukraynanı təhdid edərək deyib ki, Rusiya "həqiqi dekommunizasiyanın (kommunizimsizləşdirmə – kommunizmin qalıqlarından yaxa qurtarma) necə olduğunu sizə göstərməyə hazırdır.

Putini ən çox narahat edən məsələ Ukraynanın NATO-ya üzv olmasıdır.

Televiziyadakı açıqlamasında da bildirib ki, bunun baş verməsi Rusiya üçün təhlükəni artıra bilər.

Fevralın 21-də Donbasdakı qondarma "DXR” (Donetsk Xalq Respublikası) və "LXR”-in (Luqansk Xalq Respublikası) liderləri ərazilərinin müstəqilliyinin tanınması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Ötən həftə isə Rusiya Dövlət Duması Ukraynanın şərqində separatçıların nəzarətində olan iki bölgənin müstəqiliyinin tanınması üçün Putinə müraciəti qəbul edib.

Həmin vaxt Putin bildirmişdi ki, deputatlar xalqın əhval-ruhiyyəsini hiss edirlər.

Duma deputatları isə bildirirdilər ki, prezidentə rəsmi müraciətin edilməsi onun üçün separatçı bölgələrin müstəqilliyini tanımasını texniki baxımdan asanlaşdıracaq.

Separatçı lider Denis Puşilin Putinə müraciətində ondan  "DXR”-i müstəqil, demokratik, hüquqi və sosial dövlət kimi tanımağı xahiş edib:
"İstəyirik ki, "DXR” və Rusiya arasında müdafiə sahəsi də daxil olmaqla, dostluq və əməkdaşlıq müqaviləsinin bağlanması məsələsinə baxasınız”.

Leonid Paseçnik də Putinə müraciətində bildirib ki, əhalisinin qırğınına yol verilməməsi üçün "Luqansk Xalq Respublikasının” suverenliyi və müstəqilliyini tanısın.

"Respublikanın 300 min nəfəri Rusiya vətəndaşıdır” – deyə, o bildirib.

Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk düşünür ki, Rusiyanın Moskvayönlü separatçıların nəzarətində olan əraziləri genişləndirmək cəhdi Ukrayna ilə genişmiqyaslı müharibə deməkdir.

"Həmin bölgələrdə insanların nizamlı həyat sürdüyü şəhərlər var. Həmin əraziləri işğal etmək üçün istənilən cəhd Rusiyanın Ukraynaya birbaşa zorakı təcavüzü sayılar və müharibəyə gətirib çıxarar”, – Zaqorodnyuk bildirib.

O düşünür ki, bəzi hücumlar, müqavimət, ölümlər, itkilər ola bilər.

Bütün bunlar gələcəkdə Putini hərbi cinayətkar kimi məhkəmə önünə çıxaracaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə "Twitter”də separatçı bölgələrin rəsmi tanınmaması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

O, BMT Təhlükəsizlik Şurasının üzvlərindən "eskalasiya” və "Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün praktiki addımları” müzakirə etməyi xahiş edib:
"Ərazilərə rəsmi status verməklə bağlı istənilən addım təhlükəli eskalasiya sayılacaq”.

Qərb Ukrayna ərazisindəki separatçı bölgələrin tanınmasının beynəlxalq qanunun kobud şəkildə pozulması kimi qəbul ediləcəyini bildirir.

Bu baş verəcəyi təqdirdə işğal sayılacaq deyir və Rusiyaya qarşı ağır sanksiyaların tətbiq olunacağını bəyan edirlər.

Bu günədək Moskva Qərbin Rusiyanın Ukraynanı işğal etməsini planlaşdırması ilə bağlı ittihamlarını rədd edirdi. Hətta ötən həftə bölgəyə göndərdiyi 100 mindən çox əsgərin bir hissəsini geri çəkdiyini bildirmişdi.

Qərb isə bu addımların heç birinə inanmayıb və Rusiyanı hücuma haqq qazandırmaq üçün üsyançıların nəzarətində olan ərazilərdə insident planlaşdırmaqda ittiham edib.

Moskva isə öz növbəsində Kiyevi əraziləri güc yolu ilə geri almağa cəhd etmək üçün eskalasiya planlaşdırmaqda günahlandırıb.

Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.