"Putinizmin vaksini mütləq tapılacaq" - Elman Fəttah

06-12-2016 15:45 / Bu xəbər 3266 dəfə oxundu

Müsavat başqanının müavini: "Azərbaycan tipik müsəlman ölkəsi deyil”

Krımın işğalı ilə nəticələnən 2014-ci ilin Ukrayna hadisələrindən sonra Müsavat başqanının müavini Elman Fəttah bəyan etmişdi ki, "Ənənəvi təhlükəsizlik sistemi çöküb”, yəni 1945-ci ildən qurulmuş dünya təhlükəsizlik sistemindəki bir balans, istənilən bir qanuni-hüquqi zəmin yox olub. Əgər belədirsə, nə etməli, hara üz tutmalıyıq?

Bu və digər suallarla Elman Fəttaha müraciət etdik:

– Bəli,  ənənəvi təhlükəsizlik sistemi çöküb. Dünya ikiqütblü dünyadan yeni düzənə keçidin xaosunda – "müəmma dövrü”ndədir. Biz isə hazırda bu keçidin "sürətləndirilmiş transformasiya”sını yaşayırıq.  Bu səbəbdən  nəinki dünya liderləri, hətta nüfuzlu düşüncə mərkəzləri belə aydın vizion və strateji cızmaqda çox aciz görünürlər.  Üzrlü sayın ki, bu sualın cavabını bir az genişləndirməli olacağam.

SSRİ-nin dağılmasından sonra, xüsusilə də 2000-ci illərin ikinci yarısına doğru biz avrointeqrativ proseslərin necə sürətlə və qətiyyətlə getdiyini izləyə bilirdik. Qitənin inteqrasiyası və Şərqə doğru genişlənməsi sanki çox əmin addımlarla irəliləyirdi. Halbuki böyüyən AB mövzusu heç də həmişə birmənalı qarşılanmayıb. 2004-cü ildə birliyə birdən-birə10 üzvün qəbul edilməsinə Almaniyanın "Die Velt” qəzetinin bazar nüsxəsi olan "Velt am Sonntaq””Roma İmperatorluğu: İkinci Sınaq”  başlıqlı bir analitik yazı dərc etmişdi. Yazıda AB-nin dünyanın ən böyük iqtisadi blok halına gətirildiyi vurğulanır və üzv sayının  15-dən 25-ə çıxmasının, bu ani genişlənmənin yaradacağı problemlərdən bəhs edilirdi. Əsas sitat isə Almaniya xarici işlər naziri Joska Fişerin "Roma İmperatorluğundan belə böyük” sözləri idi.

İndiki dövrdən baxanda genişlənən Avropanın inteqrasiya hədəflərində arzulanan məsafəni qət edə bilmədiyi qənaətləri həqiqətə daha yaxın kimi görünür.  Bütün Avropanı daxili inteqrasiya problemləri bürüyüb.

Bu mənada dünyada nə baş verdiyini ən aydın göstərən hadisə "BREXİT” gerçəyi oldu. Böyük Britaniyasız Avropa Birliyi faktı,  nəinki Avropanın,  bütün dünyanın indiki xaotik düzəninə həlledici dərəcədə təsir edəcəkdir. Bu təsir  AB-nin mövcudluğunun hansı parametrlərə enəcəyindən və ya yüksələcəyindən asılı olacaq. Daxili inteqrasiya təbəddülatları birliyin siyasətində prioritetliyini qoruduqca qonşu qitənin avtoritarizmlə mübarizə aparan  cəmiyyətlərinə qərbin töhfəsi də yetərsiz qalmağa davam edəcəkdir. Bu qənaət, eləcə də Azərbaycana münasibətdə ciddi fərqlilik göstərməyəcək. Bir sözlə, qeyd olunan problemlərin həllində ciddi nəticələr əldə olunmazsa, Şərqə doğru genişlənmə "Strateji səviyyə”dən, "Teoriya səviyyəsi”nə geriləyə bilər ki, bu da öz növbəsində "müəmma dövrü” sonrası dünya düzənində AB timsalındakı ən ciddi liberal axının qlobal aktor olma imkanlarını xeyli məhdudlaşdırar.

Əlbəttə, bu bir qədər pessimist baxış kimi görünə bilər.  Ancaq strateqlər və akademik çevrə heç də optimist proqnozlara meylənmirlər. Məsələn, Sinqapur Universitetinin  qlobal strateji uzmanlarından  Parak Kahanna  "Yeni Dünya Düzəni ” kitabında Corc Oruelini haqlı çıxaracaq şəkildə "Gələcəkdə üç böyük dünya gücünün  mövqeyi (aralarındakı birlik və rəqabət axtarışları çırpıntıları ilə)  tez-tez  dəyişərkən sülhdən bəhs etmək mümkün olmayacaq” yazır. Əlbəttə, söhbət  ABŞ, AB və Çindən gedir. Zbigniew Brzezinski isə Kahannanın bu  kitabına: "Gələcək Prezidentlərimizin mütləq üz-üzə gələcəyi problemlərdən bəhs edilir”, - qeydini  yazıb.

Təbii ki, vurğulamaq istədiyimz nüans ABŞ və AB-nin timsalında çağdaş  dəyərlərə münasibətdə prinsipial yanaşmanıın diplomatiyaya qurban verilib verilməyəcəyi məsələsidir. Yəni, beynəlxalq münasibətlərdə insan haqları "Milli Maraqlar”, "Dövlət Maraqları” və  "Suverenlik”  terminin altına itələnməyə davam edildikcə azadlıqların möhkəmlənməsi ləngiməyə davam edir. Dünyanın indiki xaotik və təhlükələrlə dolu vəziyyəti bir həqiqəti, əslində  hər kəsə aydın şəkildə göstərib. Nə güclü ordu, nə güclü bürokratik sistem, nə də həddi hesablana bilinməyən maliyyə imkanları dünyamızda daimi stabilliyin, davamlı imkişafın təminatçısı ola bildi. Hamıya aydın oldu ki, güclü dövlətlərin təminatçısı insani dəyərlərdir. Gerçək güclü dövlət ləyaqətin barometrə çevrildiyi cəmiyyətə tabe olan dövlətdir. Bir sözlə, daha yaxşı, yoxsa daha pis dünyaya doğru getdiyimizi, məhz insan hüquqlarını hansı ölçüdə "Dövlətüstü Hüquq”a çevirə biləcəyimizi müəyyən edəcək.

– "Qərb tərəfdarı” kimi deyə bilərsinizmi ki, Azərbaycanın hələ də NATO-ya üzv qəbul olunmasına tələbat varmı? Axı ABŞ-kı ilginc seçkilərdən və Türkiyədəki teatralaşdırılmış hərbi çevrilişdən sonra belə çıxır ki, bu blokda ən güclü orduya Tramp nəzarət edir, blokun ikinci ən böyük ordusunu isə Ərdoğan idarə edir? Onlar Putin və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınından (rusca ОДКБ) necə yaxşı ola bilər?

- "BREXİT”, "DARBE GİRİŞİMİ”,  "TRUMP” – bütün  bunlar  "müəmma dövrü”nün fəsadlarıdır. Azərbaycanın NATO-ya daxil olması isə hər zamankından daha çıx zəruridir. Ənənəvi təhlükəsizlik siteminin işlədiyi zamanlarda suverenliyini qazanmış ölkələr üçün BMT üzvlüyü səviyyəsində (TŞ timsalında) ciddi şəkildə işləyən beynəlxalq təminat vardı. Bunun bariz nümunəsi kimi İraqın Küveytə müdaxiləsi və ya elə o sistemin köçməsini Krımı ilhaq etməklə aşkara çıxaran Putin Rusiyasının Krım ilhaqından cəmi bir neçə il öncə Tiflisin 50 km-dən geri qayıtmağa məcbur olmasını göstərə bilərik. İndi isə sistem çöküb və artıq suverenliyə beynəlxalq təminat yox kimdir. Bu halda, Azərbaycanın suverenliyinə qarşı nəzəri (həm də teoloji) olaraq cənubdan, real olaraq şimaldan yaxınlaşan ilhaq təhlükəsi qarşısında həqiqi müdafiə paktına ehtiyacı var. Bu, məsələn Türkiyə ilə qarşılıqlı müdafiə haqda müqavilə ola bilərdi. Ancaq bir tərəfdən müstəqilliyin 25-ci ildönümündə hələ də ortada belə bir təminat müqaviləsi yoxdur. Digər tərəfdən isə,  bizə real təhlükə Türkiyə ilə beynəlxalq  müstəvidə mürttəfiq kimi (müvəqqəti də olsa)  görünən Putin Rusiyasıdır. Bu halda müdafiəmizin yeganə real təminatı ABŞ və ya NATO-nun çətiri ola bilər. Bilirsiniz, əslində, bu, Azərbaycana bütün mənalarda lazımdır. Biz inkişaf etmək istəyiriksə, bütün imkanlarımızı, xüsusilə də bütün maliyyəni  iqtisadiyyatın inkişafı sərmayəsinə yönəltməliyik. Bunun üçün isə bizə qəti və etibarlı təhlükəsizlik təminatı lazımdır. Bu təminatı NATO-dan başqa heç bir pakt verə bilməz.

 MDB?! Lap qısa deyək: Bu qurum Azərbaycana bir şeydə təminat verə bilər: Rusiyanın 22-ci respublikası (Ramzan Əmirliyi) olmaq.

Məhz bu səbəbdəndir ki, hələ 1918-ci ildə M.Ə.Rəsulzadə başda olmaqla qurucu atalarımız Müsavat Partiyası öndərliyində yoxdan var etdikləri Azərbaycan dövlətini mütləqiyyət anlayışından uzaq, demokratiya ideallarını alternativsiz məqsəd kimi seçərək Cümhuriyyət şəklində təsis etmişdilər. Bu böyük şəxsiyyətlərin yüksək ideallarla qurduqları dövlətin əsas amalı ənənəvi şərq monarxizmindən uzaq hürriyətçilik, istiqlalçılıq, demokratiklik, çağdaşlıq sütunlarına söykənən cümhuriyyət  idi. Göründüyü kimi, ən müasir ideyaları, bütün vətəndaşların hüquq və imkan bərabərliyini, əsas insan hüquq və azadlıqlarını, bir sözlə qərb dəyərlərini cümhuriyyətin quruluş fəlsəfəsinə yerləşdiriblər. Bu mənada, sizin təbirinizlə desək, bizim üçün  "qərbçi” olmaq bir tərəfdən müsavatçılığın və cümhuriyyətçilik amalının təməl prinsiplərindən olmaqla bərabər, həm də siyasi istiqamət mənasında  Azərbaycanın alternativsiz strateji seçimidir.

– Siz ultrasağçı qüvvələrin bütün dünyada 1945-ci ildən arzusunda olduqları total revanş barədə nə deyə bilərsiniz? Bu qeyd etdiyimiz Rusiya, Türkiyə və ABŞ ilə yanaşı, həm də Avropaya aiddir. Artıq əhəmiyyətli ölkələrdə, Almaniyada Alternative für Deutschland, Fransada isə madame Le Pen öz Front National partiyaları artıq artıq əhəmiyyətli nüfuza malikdirlər.

- Təəssüf ki, vəziyyət çətindir. Rusiya, hətta Ərdoğan Türkiyəsi onsuz da heç zaman mütərəqqi dünyanın layiqli təmsilçisi kimi görünməyib. Amma hamı əmin idi ki, Avropa yaşadığı iki dünya savaşından sonra çox böyük dərs alıb. Əlbəttə, indi sizin vurğuladığınız vəd olunan potensial ultrasağ təhlükənin yuxarıda qeyd etdiyimiz ölkələrlə müqayisəsi yersiz olar. Ancaq ciddi narahatçılıq yaradan konkret faktlar təəssüf ki, var.

Az öncə də bu mövzuya toxunmuşduq. BREXİT kampaniyasında baş şüar suverenlik idi. Təsəvvür edin ki, dünyanın hegomon ölkələrindən birində  üzvü olduğuAB-nin "Avropa Birləşmiş Ştatları”na çevrildiyi iddiaları özünə bu qədər yer tuta bilib. Bəli, ultrasağçılıq o qədər ciddi məsafə qət edib ki, Brexitçilər AB-dən ayrılmaqla Britaniyanın "Üzərində günəş batmayan imperatorluq” günlərinə geri dönəcəyinin vədlərini verirdilər.

Avropada məşhur bir deyim var: "Hamımız fərqli mənşələrdən, dillərdən, dinlərdən və mədəniyyətlərdən gəlirik. Amma hamımız Romalı keçmişimiz səbəbiylə bərabərik"

Nə bilmək olar, bəlkə, həqiqətən də, bütün yollar "Roma”ya aparır—Uğurlar da, çöküşlər də.

Məncə, bu gedişatı çoxları görür və ümid edirik ki, üfiqdə  görünən bu arzuolunmaz gözləntilərin reallaşmaq imkanları yoxdur. Ümumiyyətlə isə yalnız cəmiyyətlərin reaksiyası, mütərəqqi insanların fəallığı bəşəriyyətin inkişafının həqiqi istiqamətini müəyyən edir. Necə deyərlər, İstənilən cəmiyyətdə demokratiyanın çöküşü üçün çox az şey lazımdır. Bunun üçün yaxşı adamların susması kifayət edir. Avropa canlıdır. Yaxşı adamlar susmurlar. Susmağın təhlükəli olduğunun fərqindədirlər. Ona görə də "müəmma dövrü”nün fəsadlarının uzun çəkəcəyini düşünmürəm. Çox yaxın zamanda real demokratiyanın, liberal axının növbəti dalğasını yaşayacağıq. Putinizmin vaksini mütləq tapılacaq.

– Yaxın Şərqdəki vəziyyətə gələk. Son beş il ərzində Azərbaycanın lap yaxınlığında, cəmiyyətdəkidərin  problemlərin nəticəsi kimi real cəhənnəm yaşanır. Maraqlıdır ki, Suriyada bizim əliyevlərə çox oxşayan Əsəd ailəsi hakimiyyətdə idi. Orda da güc strukturlarından olan ata (bizimkindən fərqli olaraq o, ordu generalı idi) ölkəni öz "dəmir pəncəsinə” keçirmiş, özünün psevdo-dünyəvi rejimini "xarici düşmənlə qarşıdurma” ideologiyası altında möhkəmləndirmiş, öz səriştəsiz siyasəti nəticəsində itirdiyi torpaqlarıı geri alacağını vəd edirdi. Sonra eynən bizdəki kimi,  onun işini oğlu davam etdirdi, taxta çıxdıqdan sonra isə bunun nə ilə nəticələnməsinin şahidiyik. Necə düşünürsünüz, bu dəhşətli paralellər davam edə bilərmi və indiki böhranı nəzərə alaraq, baş verə biləcək faciənin qarşısının alınması yolları varmı?

Əsəd ailəsinin varislik tərixçəsi ilə Əliyevlər ailəsinin zəncirvari  "layiqli davamçı” müqayisəniz o qədər  doğrudur ki, əlavə nəsə deməyə ehtiyac qalmır. Ancaq bu iki oxşar hakimiyyətlərin "məchul” günləri qətiyyən bir birinə bənzəməyəcək.

Qısa izah etməyə çalışsaq: Əslində BƏƏS də  elə KQB-nin doğma məhsulu idi. İlk baxışdan qəribə gələ bilər: İraqda azlıqda olan sünnilərin Səddam Hüseynin timsalında sekulyar qanlı  diktaturası, Suriyada isə azlıqda olan şiələrin Hafiz Əsədin timsalında sekulyar qanlı diktaturası. Amma sonrakı hadisələr göstərdi ki, KGB maşını hər iki ölkəyə basdırdığı BƏƏS bombası  ilə bu gün izlədiyimiz məzhəb zəminindəkiböyük partlayışın saatını dəqiq qurub.  Konkret olaraq Suriyada Əsədin inadkarlıqla duruş gətirə bilməsinin, orada amansız vətəndaş müharibəsinin bu qədər uzun çəkməsinin iki mühüm səbəbi var. Birincisi, Əsədin komandası rəhbərindən nəfərinə qədər şiələrdən ibarətdir. Əsədə qarşı çıxanlar isə uzun illərdir, Əsəd ailəsinin qanlı zülümlərini görmüş sünnilərdir. Yəni Əsədin komandası ya son nəfəsinə qədər Əsədi müdafiə edib ölməlidir, ya da Əsəd gedərsə, sünnilər onları məhv edəcək. Bu səbəbdən orada müharibə həm də sağ qalmaq uğrunda gedir. Digər tərəfdən isə Əsədin alternativləri kimlərdir? Demokratlar? Əlbəttə, yox. Əsədin özündən daha radikal dini qruplar. Bu baxımdan da, əslində, Əsədə qarşı mütərəqqi dünyanın dəstəyindən məhrumdurlar. Mən bu hissəni "bir cümləlik izahlar” şəklində çox qısa deməyə çalışdım.

Azərbaycanda isə vəziyyət çox başqadır. Əvvəla, böyük hərflərlə qeyd etməliyəm:
 
1. AZƏRBAYCAN ƏNƏNƏVİ ŞƏRQ ÖLKƏSİ DEYİL!

2. AZƏRBAYCAN ƏNƏNƏVİ MÜSƏLMAN ÖLKƏSİ DEYİL!

Bilirsiniz, bu çox mühüm məsələdir. Təəssüflər olsun ki, biz bir sıra avropalı siyəsət mütəxəsislərindən (şəxsən məni çox hiddətləndirən) təəssüflə qarşıladığımız yanaşmalar görürük. Azərbaycana münasibətdə ənənəvi şərq və müsəlman prizmasından yanaşma. 

Əliyevlər hakimiyyəti Azərbaycanda hansısa məzhəbi təmsil etmirlər. Əliyevlər hakimiyyətinə qarşı mübarizə aparan sistemli müxalifət hərəkatı da hansısa məzhəbi təmsil etmir. Azərbaycan xalqı da daha çox avropalıdır, nəinki ənənəvi Şərqin məzhəb camaatı...
Azərbaycan müxalifəti isə xüsusilə də Müsavat Partiyası aydın siyasi konsepsiayaya, iki əsri əhatə edən ardıcıl siyasi ənənələrə, demokratik vərdişlərə sahib, bütün ölkə üzrə strukturlaşmış dünyəvi siyasi partiyadır. Onun nə üzvləri,  nə də tərəfdarları dinc mübarizənin kənarında heç nəyi yaxına buraxmır. Belə bir şərəaitdə, idarəetmə imkanları tükənən Əliyevlər hakimiyyətinin əvəz edilməsində dinc transformasiya üçün kifayət qədər daxili şərtlər (geopolitik şərtlər bir başqa mövzudur) mövcuddur. Dolayısı ilə Əliyevlər sonrası Azərbaycanın taleyini Suriya ilə yox, daha çox  Gürcüstanla və ya Şərqi Avropa ölkələrindəki avtoritarizmdən xilas periodu ilə müqayisə etmək doğru olardı.

– Azərbaycanda mövcud ictimai-siyasi və idarəçilik böhran göz qabağındadır, buna rəğmən hakimiyyət sanki heç nəyi görmək istəmir, hərçənd artıq hamıya aydındır ki, belə davam edə bilməz. Sizcə, bütün bunlar nə ilə nəticələnə bilər və sizlərin – ölkənin liberal qüvvələrinin – vəziyyəti əldə çıxmaması üçün planı varmı?

Həqiqətən, ölkədə vəziyyət çox çətindir. Elə bu günlərdə enerjinin və qazın istehlak qiymətləri qaldırıldı. Ölkənin büdcəsi son 3 ildə iki dəfədən çox çikilib. 2013-cü ildə dövlət büdcəsi 24 milyard dollar idisə, ötən il 9 milyard dollara düşüb. Hökümət isə heç bir tədbir görmək qabiliyyətində deyil. Şanlı hökümətimizin fərsizliyi sayəsində gəlib çatdığımız  indiki iqtisadi  vəziyyət isəartıq böhranüstü vəziyyətdir. Əgər indiyə qədər rejim qəbul etdiyi qərarlarla vəziyyətdən çıxış yolları təqdim etməsə də, idarəetməyə hakim olduğunu nümayiş etdirə bilirdisə, indidən sonra rejim bu yeganə resursunu da itirəcək. Yeni situasiya ondan ibarətdir ki, rejimin özünü hadisələr idarə edəcək.

Böhran müəyyən mənada özündə vəziyyətdən çıxış yolları imkanlarını, yəni proqram – paketlərin tətbiq imkanlarıını saxlayan neoproqressiv hal – bizim  bir il öncəki vəziyyətimiz idi. Çöküş isə bütün imkanların itirildiyi, "zero-ecenomy” haldır. Ona doğru gedirik. 

Repressiv siyasətin "bel sütunu” olan maliyyə tükəndikcə xofun və mifin çöküşünü, rejimin demontajını izləyəcəyik. Təəssüflər olsun ki, xalq rejimin bu demontaj prosesini ağır maddi çətinliklər içində izləyəcək.

Hər gün daha çox insan anlayır ki, belə davam edə bilməz. Etməyəcək.

Prosesləri izləyirik. Aydın görünür ki, davam edən maliyyə-iqtisadi böhran  yaxın zamanlarda siyasi müstəviyə də transfer olunacaq. Biz ölkənin gələcəyi ilə baglı çox narahatıq. Hakimiyyət dəyişikliyinin zəərurətə çevrildiyi indiki geopolitik uyğunsuzluq şəraitində proseslərin dinc müstəvidə cərayan etməsinə nail olmaqbir nömrəli məsələdir. Xalq olaraq buna nail ola biləcəyikmi? Əminəm ki, biz bunu bacaracağıq!

Söhbətləşdi: Elmir Mirzəyev, Meydan TV

Ruscadan çevirdi: Azər İsmayıl, Bastainfo.com