Qarabağı Azərbaycanın ərazisi sayanların məsuliyyətə cəlb edilməsi təklif olunur

Qarabağı Azərbaycanın ərazisi sayanların məsuliyyətə cəlb edilməsi təklif olunur

04-07-2023 14:15 / Bu xəbər 820 dəfə oxundu

Ermənistanda bununla bağlı imzatoplama kampaniyasına başlanılıb

Ermənistanda qanunvericiliyə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutan düzəlişin edilməsi təklif edilir.

"Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, imzatoplama kampaniyasına başlayan "Ayakve” adlı qrupun təşəbbüsünə siyasilər, mədəniyyət xadimləri, keçmiş məmur və deputatlar da qoşulub.

Onlar hesab edir ki, bu addımı atan vəzifəli şəxsə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilməlidir.

Qrupun koordinatoru Avetik Çalabyan təkliflər barədə danışarkən deyib ki, birinci bənd Ermənistan adından Dağlıq Qarabağın başqa dövlətin bir hissəsi kimi tanınmasını özündə ehtiva edir: "İkinci bənd isə Ermənistan adından Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasından imtinanı cinayət məsuliyyətinə cəlb edir”.

A.Çalabyan niyə məhz bu iki maddəni üzərində dayanmasını belə izah edib: "Çünki bu iki məsələ 1990-cı il avqustun 23-də qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsində birbaşa milli məqsədlər kimi qeyd olunur. Beləliklə də, Ermənistanın konstitusiya quruluşunun əsasıdır”.

Qeyd olunur ki, Konstitusiyanın tələbinə görə, əgər 50 min nəfərin imzası toplansa, məsələ parlamentin gündəliyinə salına bilər: "Parlament bunu təsdiq etməsə, o zaman layihənin referenduma çıxarılması üçün 300 min imza tələb olunacaq”.

Avetik Çalabyanın sözlərinə görə, hətta Baş nazir Nikol Paşinyan şəxsən Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını desə də, parlament çoxluğu ona dəstək versə də, bunun heç bir hüquqi əsası yoxdur: "Çünki müqavilə bağlanmayıb. Söhbət həm də heç bir hüquqi gücü olmayan şifahi bəyanatdan gedir. Biz də bu təşəbbüsü ona görə başladıq ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması prosesini dayandıraq”.

Qrupun koordinatoru Avetik Çalabyan 2022-ci ilin avqustunda müxalifətin aksiyalarına tələbələri pulla cəlb etmək ittihamıyla həbs edilmişdi.

O, 15 milyon dram girov müqabilində həbsdən azad olunmuşdu.

Müxalif "Vətən” Partiyasının sədri  Artur Vanetsyan təşəbbüsə dəstək verdiyini açıqlayıb.

"Mən çox vacib hesab edirəm ki, mümkün qədər çox vətəndaş rayon bələdiyyələrinə gəlsin və öz imzaları ilə "Artsax”a (Qarabağ) dəstək olsun. Bütün dünyaya açıq şəkildə bəyan edirəm ki, "Artsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq".

Ermənistanda başlanan təşəbbüsü Meydan TV-yə şərh edən konfliktoloq Arif Yunus bu təklifin yeni olmadığını bildirib.

Arif Yunus deyir ki, xalqların passionarlıq dövrü olur, bu barədə rusiyalı alim Lev Qumilyovun araşdırması da var: "Ötən əsrin 80-ci illərinin sonunda Ermənistan və Azərbaycan cəmiyyətləri SSRİ-nin 70 illik əsarətindən sonra inandılar ki, onlardan da nəsə asılıdır. Hər iki respublikada yüz minlərlə insanın qatıldığı mitinqlər başladı və ardını da bilirsiniz”.

"İndi tamam başqa şərait və dövrdür, həm də passionar insanlar da yoxdur, ilk növbədə Ermənistanda. Elə Azərbaycanda da əvvəlki etiraz əhval-ruhiyyəsi yoxdur. İkincisi, Ermənistan cəmiyyətində Qarabağla bağlı yorğunluq var, ona görə bu cür təşəbbüslərin real nəticəsi olmayacaq”, – deyə o bildirib.