Qaranlıqda şərqi söyləmək, yoxsa çıxılmazlıq?..

Qaranlıqda şərqi söyləmək, yoxsa çıxılmazlıq?..

17-11-2024 01:56 / Bu xəbər 348 dəfə oxundu


Əhməd Məmmədli

Çoxdandır ki, haqqında yazmaq istədiyim kitablardan biri yazıçı və qadın haqları müdafiəçisi Zümrüd Yağmurun "Qaranlığa şərqi söyləmək" əsəridir. 

Kitab insanı dərin bir boşluğa aparır, həm çıxmaq istəyirsən, həm də qalıb sonunu görmək...

Açığı, əsərdə gördüyüm obrazları çox da yadırğamadım. Sadəcə, hiss etməyə çalışdım. Bu isə açığı desəm, kitabı oxuduqca mənə əzab verirdi. Amma bu, işgəncəyə bənzər bir əzab deyil. Bu etmək istədiklərimizlə edilənlər arasında, görmək istədiklərimizlə görünənlər arasındakı pərdənin açılması idi.

Çalışdım ki, kitabı hər gün hissələrə və fəsillərə bölərək oxuyum. Onsuz da birnəfəsə oxumaq mümkün deyil. Müəllifin də baş verənlərin ağrı-acılarına şərikliyi adamı fasilə etməyə, dayanıb nəfəs almağa və yaxın keçmişi düşünməyə vadar edir. 

Düşündükcə fikirlər adamı əsərin qəhrəmanı Çağlar kimi çarmıxa çəkir, onu ittiham edən insanlar səni də ittiham edir. Bu ittihamlardan qaçıb canını qurtarmaq istəyirsən, özünü Fərid obrazı kimi hiss edirsən bəzən.

Fərid hara getsə də, tək deyil, anasının qanlı örpəyini apardığı hər yerdə əzabkeşlik onun yaxasından daha bərk yapışır. Uşaqkən susmaqdan və ölü müşahidədən kənara çıxa bilməyən göz günahlarımız, görəsən, necəsə təmizlənərmi?

Kim təmizləyə bildi bunu? Uşaq vaxtı lağa qoyulub böyüyəndə qatilə çevrilən Kərimmi? Yox, heç kim təmizləyə bilməz gördüyü çirkabı. Sadəcə, təsəlli tapmaq üçün çalışa bilər. Gözlərinin yenə başqa simalarda eyni səhnəni görməməsi üçün daha çox çalışa bilər. 

Bəs cəmiyyət necə? Onu şər dövlətindən qorumaq üçün çağırışlar edən Çağları qoruya bildimi? 

Güllələndikdən sonra döyə-döyə öldürdükləri Fərailin haqqını istəyə bildimi, heç olmasa onu yad etdimi?  

Bu sualları əsəri oxuyarkən də özümə ünvanladım və sonra xatırladım Çağların məhkəməsi kimi onlarla məhkəmədə iştirak etmişəm. 

Hansı məhkəmədə uğrunda fədakarlıqlar edilən insanlar məhkəmə zallarını doldura bilmişdi? 

Əksər məhkəmə zalları yarı-boş vəziyyətdə qalırdı. Xüsusilə müxalifətin belə ehtiyatla yanaşdığı insanların məhkəmələrində... 

Həyatını hakimlərə rüşvət təklif etməklə deyil fədakar insanların pulsuz vəkilliyini edən Aytunu, dövlətin xalqdan oğurladıqlarını ifşa edən Əsnayın da adını çəkməsəm, olmazdı.  

Bəs Ruqiyyə ana? 

Nə qədər ana həbs edilən övladını məzəmmət etmək əvəzinə onun kimi qürur duyur, onun mübarizəsini xadimə işlədiyi yerdə belə cəsurca müdafiə edir? 

Suallarım çoxdur, amma cavabsız deyil. Sadəcə, düşünmək və daha çox nəticə çıxarmaq üçün şablon cavablara yox, fərqli prizmadan verilən suallara ehtiyacımız var.

Əgər sual verməsək və sorğulamasaq, qəhrəmanlarımızı hələ çox ya məzara, ya da məhbəsə yola salacağıq. Amma ölənlərlə birlikdə qorxularımızı dəfn edə bilmirik, onları ölənin üzərində ucaldırıq, məhbəsə gedənin əzablarıyla da bəsləyirik. 

Qaranlıq aydınlanacaqmı, bilmirəm. Bəlkə, qaranlıq olduğunu da bilmirik hələ...