Qazi balam Hüseynə
08-12-2020 17:18 / Bu xəbər 882 dəfə oxundu
Hikmət Sabiroğlu
Üzüm gülmür, Hüseyn. Sən – bitməyən Qarabağ davasının bu payızdakı döyüşünün qalibi – buna inanmazsan, amma quyunun dibindən çıxmağımız da təsəlli olmur.
Yurdumuzda güllədən yayınıb 28 il 6 ay hər gün dəlmə-deşik olmağın yanğısıdır. Şuşa 10410 gün işğalda olub, Hüseyn, o günlərin birinə də yaşamaq demirəm: şəhid ruhundan, qazidən utanmaq; dost-düşmən içinə çıxmaq əzabı; balaların gözünə baxmaq müşkülü. Bir gün yox, 10410 gün.
…Sən hərb sənətini seçəndə atan Elxan çox inanırdı: Şuşaya bayrağı Hüseyngil sancacaq!
Tankçı zabit kimi ön cəbhədə idin. Bilirdim düşmən xoşluqla çəkilən deyil. Döyüş qaçılmaz olduqca yanırdım: mənim yayındığım güllə balalara dəyəcək.
Sənə də pay düşdü. Ağır yaralandın. Hələ də yatırsan.
Sentyabrın 27-dən ən qaynar nöqtələrdən birində – Ağdərə cəbhəsində pələng kimi döyüşmüsən. Düşmənə ilk zərbələrdən birini baş leytenant Hüseyn Ələkbərlinin komandirlik etdiyi bölük vurub.
Bir vaxt yurdumuza qanı tökülmüş Elxanın taleyində oğluna qardaş olmaq varmış – qazi qardaşlığı.
Şuşa yoluna qan bahasına çıxdıq, Hüseyn, üzüm gülmür, bu, bir savaş mahnısında deyilən kimi, göz yaşı içində Qələbədir.
Yenə balaların gözünə baxmaq müşkülü var.
…Atanın dediyi oldu: Şuşa yolunu siz açdınız. O, sənin yurdundur, Hüseyn. Əsgərimin Vətəni.
Şuşanın bir içim suyunda, bir udum havasında gözüm yoxdur, Hüseyn. Əsgərimə baş əymək istəyim var yalnız…
1995-ci il təvəllüdlü Hüseyn Ələkbərlinin tankı sentyabrın 29-da düşmən mərmisinə tuş gəlib, o, ağır kontuziya, çoxsaylı qəlpə yaraları alıb. Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında, Mərkəzi Gömrük Hospitalında müalicə olunub, hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yatır.
Hüseyn Ələkbərli ehtiyatda olan polis mayoru, 1988-1994-cü illərdə Qarabağ cəbhəsində döyüşmüş, 1991-ci ildə Şuşanın Nəbilər kəndində başından güllə yarası almış Elxan Ələkbərovun oğludur.
Novator.az