"Qəbələ" mediaya "qol gücü" göstərdi - ŞƏRH

19-10-2016 01:20 / Bu xəbər 2665 dəfə oxundu

Ötən gün mediada məlumat yayıldı ki, yenicə həbsdən azadlığa buraxılan və jurnalist Rasim Əliyevin ölümündə günahlandırılan (cinayəti bilib xəbər verməmə maddəsi ilə ittiham olunan) futbolçu Cavid Hüseynov yenidən "Qəbələ” ilə anlaşıb.

Bu barədə məlumatı isə klubun rəsmi saytı yaymışdı. Xəbərdə Hüseynovun klubla cari mövsümün sonuna qədər müqavilə imzaladığı vurğulanır, həmçinin sentyabrın 18-dən etibarən məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacağı bildirilirdi.

Maraqlıdır ki, mediada bu xəbər o qədər də diqqət çəkmədi. Medianın niyə bu məsələni diqqətdə saxlamamasını, hansı maraqlardan çıxış etməsini konkret faktlarla izah etmək çətindir. Bu məsələyə müxtəlif akspektdən yanaşıb, şərh vermək olar. Amma məsələnin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfləri də var. Bu haqda bir qədər sonra... 
 
Bildiyimiz kimi, 2016-cı il aprelin 1-də  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə jurnalist Rasim Əliyevin qətlində iştirak edən şəxslərə hökm oxundu. Belə ki, məhkəmənin hökmü ilə qətldə iştirak edən E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edildi. 

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrıldı və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərildi. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum etdi. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verdi.

Qeyd edək ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salındı. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi oldu. Daha sonra C.Hüseynov kassasiya şikayətini geri götürdü. 

Bir qədər sonra Bakı Apellyasiya Məhkəməsində Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olundu və C.Hüseynov azadlığa buraxıldı. Bu qədər bəsit... 

Məsələnin hüquqi tərəfinə gəlincə, əgər Cavid Hüseynovun cinayətlə heç bir əlaqəsi yox idisə, onda onunla bağlı 4 il həbs qərarı çıxaran məhkəmə qanunları ciddi şəkildə pozub və ona hökm oxuyan hakim əsassız qərar verdiyi üçün cəzalandırılmalıdır. Hər halda məntiq bunu deyir. 

Hadisə ilə bağlı ortada olan dəlillər isə Rasim Əliyevin ölümündə Cavid Hüseynovun məsuliyyət daşımasını açıq şəkildə göstərir. Baxın, Rasim Əliyevin son müshibəsində dediyi sözlər, Cavid Hüseynovun bibisi oğlu ilə vatsap yazışmaları bu cinayətin qabaqcadan törədiləcəyi barədə futbolçunun məlumatlı olmasını birmənalı ortaya qoyur. 

Hüquqşünas Ələsgər Məmmədlinin də bir neçə gün öncə hadisə ilə bağlı şərhi kifayət qədər ciddi mətləblərdən xəbər verirdi. Onun sözlərinə görə, Cavid özü də etiraf edir ki, guya belə bir hadisənin baş verməməsi üçün öz qohumlarına bir neçə dəfə xəbərdarlıq edib: "Nəyə görə xəbərdarlıq edirdi? Demək, onların Rasimi döymək, "cəzalandırmaq" istədiklərini bilirdi. Bu isə bilavasitə Cinayət Məcəlləsinin 25-ci maddəsində (Maddə 25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur) dolayı təqsirdir".

Ə. Məmmədli olayla bağlı daha ciddi bir məqama da toxunub. O qeyd edir ki, Rasimin Cavidin qohumları ilə görüşməsində futbolçunun da rolu olub. 

"Amma Rasim özü demişdi ki, Cavid ona: "Get, onlar səndən üzr istəyəcək, üzrxahlıq edəcəklər və iş bağlanacaq və s.", - deyə təkid edib", - hüquqşünas bildirib.

Bütün bunlar məsələnin hüquqi tərəfləridir və istintaqın obyektiv aparılmadığı da uzun müddətdir ki, müzakirə olunur. Görünən odur ki, Cavidi bu prosesdə müdafiə edən "görünməz əl" daha güclü oldu və qanunları öz iradəsindən asılı sala bildi. 

"Qəbələ" futbol klubunun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun olduğunu da nəzərə alsaq, məsələ gün kimi aydın olur. Deməli, işin hüquqi tərəfinin niyə dalana dirənməsi açıq ortadadır...

İndisə gələk məsələnin mənəvi tərəfinə... 

Məsələnin mənəvi tərəfi budur ki, Cavid ən azından qohumlarının etdiyi bu hərəkətə görə həbsdən azad olunan kimi Rasimin valideynlərindən üzr istəməli, bir müddət gündəmdə olmamlı idi. Bunu etmədi. Çünki arxasında duran qüvvə artıq onu həbsdən xilas edə bilmiş, qorxusu keçmişdə qalmışdı. 

"Qəbələ" futbol klubu isə bir müddət futbolçu ilə müqavilə bağlamamalı, mediaya və cəmiyyətə qol gücü göstərmək niyyətini açıq sərgiləməməli idi. Amma "Qəbələ"nin atdığı bu addım və Cavidlə bağlı xəbərin nümayişkaranə şəkildə mediada yayılması bir daha sübut etdi ki, jurnalistin qanını batıranlar indi də onun ruhundan qisas almağa cəhd edirlər. Məsələnin hüquqi tərəfini öz xeyirlərinə həll edənlər, heç olmasa mənəfi cəhətdən az da olsa, utanmadılar, əksinə, az qaldı "düz eləmişik" desinlər. Hər halda görüntü budur...

Günahsız yerə öldürülən isə arxasında heç bir güc dayanmayan adi bir vətəndaş, jurnalist idi... 

Məsud TURAN
Arqument.Az