Qərblə Şərq arasında vurnuxmamaq, demokrat olmaq...
11-10-2021 13:52 / Bu xəbər 731 dəfə oxundu
Hüseynbala Səlimov
Bəli, ədəbiyyat və bir də sülh sahəsində Nobel mükafatları həmişə mübahisə yaradır. Ədəbiyyat aydın məsələdir – bu, təkcə etik və estetik hadisə deyil, həm də zövq məsələsidir.
Sülh sahəsində mükafatlara gəldikdə isə, burada daim sətiraltı siyasəti duymaq və sezmək mümkündür. Bir sözlə, bu il sülh üzrə Nobel alanlardan biri də rusiyalı jurnalist Dmitri Muratov oldu. Dərhal qeyd edək ki, bu, Anderey Saxarovdan və Mixail Qorbaçovdan sonra üçüncü belə hadisə idi.
Doğrusu, mükafatçının jurnalist olması bizim üçün ikinci sevindirici hadisə idi. Ona görə ki, ədəbiyyatçılar bir şeydən xoşlanmayanda "Jurnalistikadır!” deyirlər. Hətta ötən illərdə ədəbiyyat üzrə Nobeli belaruslu bir qadın alanda hamı onun yazıçı yox, daha çox jurnalist olduğunu deyirdi. Amma zaman keçdickə ədəbiyyat haqda da təsəvvür dəyişir. Əgər mükafatı bard-musiqiçi ala bilirsə, jurnalist niyə almasın?
Sülhə gəldikdə, əgər mükafatı Aleksey Navalnı alsaydı, buna qəti təəccüblənməzdik. Son illərdə o, Rusiyanın siyasi və ictimai gerçəkliyini dəyişməyə çalışan yeganə ictimai və siyasi fəaldır.
Vaxtilə Andrey Saxarov mükafatı məhz buna görə almışdı. Amma görünür, Nobel komitəsinin özünün də arqumentləri var – lap əvvəldə nahaq yerə demədik ki, sülh üzrə Nobel mükafatı daha çox siyasi hadisə hesab olunur.
Amma bütün hallarda mükafat yeni Rusiyanın təmsilçisinə verilib. Bir daha deyirik ki, bu ənənə Saxarovun vaxtından başlayıb. Bəli, hər bir Nobel laureatı ümumi işə öz töhfəsini verib. Amma biz mükafatın Muratova verilməsini eşidəndə təkrar olaraq internetdə onun siyasi və ictimai bioqrafiyasına baxdıq. Dərhal gözə bir detal dəyirdi: əlbəttə ki, Saxarov deyil...
Üstəgəl, o, heç də bitərəf jurnalist də deyil, hətta söz azadlığının cəngavəri də sayılmır, Rusiya mediasında ondan da cəsarətlillər və qüdrətli qələm sahibləri var. Həm də o, hakimiyyətə qarşı nisbətən loyal olan "Yabloko”nun üzvüdür.
Bütün hallarda, o, ölkənin aparıcı qəzetlərinin birinin redaktoru kimi Rusiya mediasında və siyasətində yeni xəttin təmsilçisi hesab olunur.
Məşhur kimyaçı İ. Priqojinin (o, da Rusiya mənşəlidir və Nobel mükafatı laureatıdır) maraqlı əsəri vardı: "Yaranandan mövcud olana qədər”. Bəli, Priqojin sinergetika ilə çox məşğul oldu, demək olar ki, özünütəşkil haqdakı bu elmin əsasını qoydu.
Onun terminologiyasını yeni Rusiyaya tətbiq edərək demək olar ki, Rusiya da yaranmaqda olan fenomendir.
Bütün hallarda, Muratov konservator slavyanofil deil, Qərb düşüncəli və yönümlü adamdır. Üstəlik, hesab edirik ki, mükafat alandan sonra onun fəallığı bir az da artacaq.
Rusiya çox mürəkkəb ölkədir. Yadımıza gəlir ki, hələ V.Jirinovski reklam roliklərindən birində Rusiyanı tərs eşşəyə bənzətmişdi. Həqiqətən də Rusiyanın böyük ətaləti-inersiyası var və onu hərəkətə gətirmək üçün böyük enerji tələb olunur. Bu ölkədə islahatçıların işi həmişə çətin olub - onları daim təqib edir və öldürürdülər...
Tendensiya bu gün də davam edir: burada reformatorları satqınlara bərabər tuturlar və hesab edirlər ki, Rusiyanın özünün inkişaf və təkamül yolu var. Amma gec-tez Rusiya gerçəkliyi də dəyişəcək. Başqa yol yoxdur. Fəqət o, hələ yaranış və oyanış mərhələsindədir. Hamıya aydındır ki, Rusiyanın demokratiyaya yolu uzun olacaq.
Rusiyalı müəlliflərin özlərinin fikrincə, ölkə on doqquzuncu əsrin ikinci yarısına qədər quldarlıq dövründə yaşayıb. Amma ABŞ-da da quldarlıq olub və amerikalıların öz əlilə ləğv olunub.
Hazırda ABŞ ən demokratik ölkə və hətta demokratiyanın etalonu hesab olunur. Biz burada geosiyasi məqamlara toxunmuruq. Bəzən insanlar soruşur ki, bəs demokratiya dünyaya nə verib? Dərhal deyirik ki, ABŞ kimi demokratiya monstırını!
Ona görə də bir məqamla razılaşmaq lazımdır: Qərb və Şərq arasında vurnuxmaq yox, hətta ikibaşlı qartal da yox, Rusiya kimi ölkələri yalnız demokratiya və Qərb dəyərlərini qəbul etmək xilas edəcək. Üstəgəl, bu ölkələrdə Muratov kimi adamın olması əlavə ümid verir. Düşünürsən ki, cəhd etmək lazımdır, cəhd olanda hər şey alınır...
Mənbə: Qaynar.info