Qəribə əhvalat
24-12-2024 02:38 / Bu xəbər 72 dəfə oxundu
Eldəniz Quliyev
Ssenarist və kinodramaturq
Günlərin bir günü xəbər yayıldı ki, ümid qəflətən ölüb...yəni başını və canını götürüb haqq dünyasına üz tutub.
Xəbər ildırım sürətiylə yayıldı və ölkəni bir-birinə vurdu: inanan kim, inanmayan kim... Ağlayan kim, gülən kim, sevinib-şadlanan, qəm-qüssəyə batan kim...
Əlqərəz, ayağı yer tutan məmləkət əhli bir başabaş şəhərin baş meydanına axışdı...
Hamıdan qabaq özünü yetirənlər vicdan, daha sonra, ümidin qan qohumları - arzu, istək və inam oldu. Az keçmiş, ümidin uzaq qohumları və yaxın tanışları - sevgi, mərhəmət, niyyət, səmimiyyət və ləyaqət də gəlib çıxdılar.
... Baş şəhərin boş meydanı göz önündəcə insan axınıyla dolub-daşdı...
Meydanda kimlər yox idi: cəsarətlilər, mübarizlər, mərdlər, müxaliflər, anti- müxaliflər, alın təri və əllərinin qabarıyla halal yaşayanlar, yaxşılıq və xeyirxahlığı özünə Alın Yazısı sayanlar, canım sizə desin, günün günorta çağı əlində çıraq, adam axtaranlar, bir qarın çörək üçün əlləşib-vuruşanlar, kasıblar, çarəsizlər, məzlumlar...
Amma bütün bunlara rəğmən, meydana gələnlərin arasında əks-qütbün nümayəndələri də az deyildi. Aralarında oğrusu, cibgiri, pulgiri, halalı harama qurban verəni, düzü əyriylə kəsəni, yaltağı, yalağı, pişiklənəni, quyruq bulayanı, alçağı, camaatın başında turp əkəni də, namərdi, riyakarı, yalançısı, dəyyusu, içverəni və sairə və ilaxırları da var idi. Bir sözlə, cəmiyyətin bütün spektri burada cəm olmuşdu.
Meydan dəniz kimi qabarıb-dalğalanır, uğuldayırdı...
Kimsə irəli çıxıb nəsə deməli, nəsə aydınlatmalıydı...
Nəhayət, haradansa "A"vari qatlama bir nərdivan gətirib, meydanın ortasında açdılar. Nərdivanın baş pilləsini vicdan, aşağı ayaqlarını isə ümidin yaxın qohum-əqrəbası tutdu...
Bəli, vicdan nərdivanın ən yuxarı pilləsinə qalxıb əllərini qaldırdı. Meydanı nənni tək ağuşunda yelləyən uğultu "xrıp" kəsildi.
Vicdan boğazını arıtlayıb xırıltılı bir səslə dilləndi:
- Həzarat, deyirlər bu gün biz ümidi...əzizimiz ümidi itirdik...
Vicdan sözünün ardını gətirə bilmədi, qəhər boğdu. Bir neçə dəfə udqunub köks ötürsə də, danışmağa taqəti olmadı, susdu...
Kimsə yanındakına:
- Vicdan susanda!..- dedi.
Yanındakı:
- Hə, yaman olur, səhv düşəndə yerimiz... - deyə cavab verdi.
Meydanın başqa səmtində, başqa birisi, sevinə-sevinə mücərrəd və konkret məna kəsb etməyən səsli bir söz, ya sözlü bir səs çıxartdı:
- Bahoo-vehyy!
Burada mütləq haşiyəfason bir şeyə çıxıb, bir zad deməliyəm: şəxsən mən, belələrini, yəni millətin ağrı-acısna laqeydlik göstərənləri vicdanını, vicdanıyla birgə ləyaqətini də küt baltayla qaşıyıb təraş eləyənlər fəsiləsinə aid edirəm.
"Bahoo-vehyy"dən ruhlanan, boydan, eləcə də şərəfdən ömürlük liliput qalan donbagöz bir "adam" hülqumunu qabağa verib ciyildədi:
- Vicdan əmi, bu necə olan şeydi...hi-hi... Bə deyirdilər, ümid ən sonda ölür... hö-höö... Bə nətəər oldu ki, ümid öldü, amma bizlər sağ qalmışıq?.. Buna cavab verə bilərsənmi?..Ha-ha...
Yüzlərlə, bəlkə də, minlərlə "adam" bu yersiz sualı sürəkli alqışlarla qarşıladı. (???) Eyni zamanda, onlarla, bəlkə də, yüzlərlə "adam" şit-şit hırıldayıb donbagözlə həmrəy olduqlarını bildirdilər.
Nərdivanın aşağı pillələrində qərar tutmuş arzu, istək və niyyət, qeyri-ixtiyari , yanıqlı hönkürtü çəkdilər...
Meydana qəribə pərtlik çökdü...
Kütlənin arasından kimsə kimlərdənsə soruşdu:
- Bilmirsiniz, ədalət hardadı, gözə dəymir axı?..
Ətrafdakılar çiynlərini çəkdilər:
- Yoxdu.
- Görməmişik.
- Harda olsa, gəlib çıxar...
...Vicdanın əng əzələləri oynayırdı.
O, donbagözün kinayəli atmacasına alqış və hırıltıyla dəstək verənlər tərəfə baxdı və bu dəfə zəhmli səslə:
- Nadanlar! Əbləhlər! - dedi. - Ümidin haqq dünyasına qovuşması hələ o demək deyil ki, sizlər və sizinkimilər sağdır!.. Əslində, rəhmətlik ümid sizin kimi vicdansızların badına getdi...
Gördü ki, camaatın başına açılan oyunlar heç vecinizə də deyil, çox vədə bu oyunları qurub-qoşanlar da elə sizlərsiz. Mərhum neynəməliydi?! Nə qədər özünü oda-közə vurmaq olar axı?! Daha nə qədər sizə kömək eləmək, nə qədər rüşvətə, günaha batmış o murdar əlinizdən tutub sizi dürüstlüyə, saflığa, paklığa sarı dartmaq olar?! Axırda gördü ki, nə illah eləyir, nə qədər əlləşib-vuruşursa, xeyri yoxdu - qıdığınlz gəlmir ki, gəlmir!..Gördü ki, siz diriykən ölüsünüz... Binəva axırda yoruldu, bezdi, təngə gəldi... Yeganə yolu Haqq dünyasına üz tutmaqda gördü, - başqa nə çarəsi vardı ki?!..
Bayaq ədaləti soruşan narahat adam ətrafa boylanıb dodaqaltı gileyləndi:
- Bu ədalət harda qaldı, ee?.. Zalım balası, elə bil bu boyda həngamədən xəbəri yoxdu...
...Bu vaxt meydanın yaxınlığında hayı gedib, vayı qalmış, "quluşiteli" xarab, üstəlik, yan-yörəsi abstrakt rəsm qalereyasını xatırladan rəngbərəng "şpaklyovkalı" köhnə bir 011 "Jiquli" maşını dayandı. Dayandı və "quluşitelindən" çıxan atəş səsləriylə dissonans yaradan bippiltili bir siqnal verdi.
Sürücü kütlənin diqqətini özünə cəlb elədiyinə əmin olandan sonra, şəstlə maşından düşdü. Üzünü hamıya və heç kimə tutaraq qışqırdı:
- Ehheyy, ay camaat! Ümid ölməyib! Xəbər yalandı, feykdi! Ümid sağ-salamatdı! Onu, sadəcə, tutublar, həbs eləyiblər, türməyə salıblar!..
- Harda?
- Niyə?
- Kim tutub?
- Nə vaxt?
- Nəyə görə?
- Neynəyib ki?
- Günahı nədir?
- Aaa... başımıza xeyir, bu da təzə çıxdı?..
- Boyy?..
- Ta tutmağ özgə bir zad tapmadılar?..
Təəssüf və heyrət dolu suallar tennis şarları kimi meydanın hər tərəfində atılıb- düşdü...
Sürücü qoltuq cibindən əzik bir kağız parçası çıxarıb oxudu:
"Salam! Məndən nigaran qalmayın. Güman ki, anlaşılmazlıq olub...Qismət olsa, Yeni ildə görüşərik, İnşallah! Ümid."
Vicdan və ümidin qan qohumları camaatı yara-yara 011-ə tərəf tələsdilər...
Meydan yavaş-yavaş seyrəlməyə başladı...Camaat, əli ətəyindən uzun, deyinə-deyinə, mızıldana-mızıldana, donquldana- donquldana, başlarını qaşıya-qaşıya, habelə, sevinə-sevinə, gülə-gülə, kövrələ-kövrələ və s. meydanı tərk elədi...
Nəhayət, meydanın tən ortasında bircə nəfər qaldı - ədaləti axtaran narahat adam...
O da elə hey ətrafa boylanır və öz-özünə pıçıldayırdı:
- Zalım balası bu ədalət gəlib çıxmadı da... Bir tikə əppək olub qeybə çəkilib, elə bil!.. Belə də ədalət olar?..
Və o, qəfildən sancılanmış adam kimi, donub qalır; elə bil, birdən-birə ürəyinə daman "nədənsə"dən özü də xoflanır...
- Eeyy... Dadi-bidad, olmaya... deyirəm, birdən... onu da tutarlar, ya Allah eləməmiş, ölüb eləyər, xəbər tutmarıq, - biyabır olarıq... Kiş-kişlər olsun!