Qloballaşmanın dillərə təsiri və özləşmə prinsipi

Qloballaşmanın dillərə təsiri və özləşmə prinsipi

04-04-2024 00:12 / Bu xəbər 1919 dəfə oxundu

Kamilə Hamil qızı Ağayeva
Bakı Dövlət Universitetinin nəzdnində İqtisadiyyat və Humanitar
Kollecin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi


Xülasə: Qloballaşan dünyada mədəniyyətin bir çox sahələri kimi dillər də ümumi axının gətirdiyi kənar təsirlərə məruz qalır. Belə ki, internet və texnologiya əsrində yaradıcı dillər daha çox təsiredici imkanlara malik olur. Şübhəsiz ki, dünyada mövcud olan bütün aktiv dillərin bir-birinə təsiri vardır, amma yeni söz yaratmaq imkanı olan dillər daha geniş coğrafiyaya yayılmaq imkanı qazanır. Təsirə məruz qalan dillərin isə mövcud coğrafiyası getdikcə məhdudlaşmağa başlayır. 
Dil canlı orqanizmdir və özünün qanunauyğunluqlarına görə inkişaf edir. Yəni qloballaşan dünyada hansı dil texnologiya əsri ilə uzlaşdırsa və daha doğrusu, texnologiya dilinə çevrilirsə, o dil bütün dünya dillərinə təsir edir. Bu halda dillərin yad təsirlərdən əsas qorunma vasitələrindən biri də dilin lüğət tərkibinin milli sözlərin hesabına zənginləşməsidir. 

Birinci məqaləmizdə də vurğulamışdıq ki, dilin lüğət tərkibinin zənginləşməsi yollarından biri kimi kənar dil elementlərinin təsiri dedikdə dilin öz təbii inkişafı, daxili tələbatı ilə əlaqədar qəbul edilən alınmalar başa düşülməlidir. Orada qeyd etmişdik ki, başqa dillərdən sözün alınmasının əsas səbəblərindən biri onun ifadə etdiyi hadisə və əşyanın adının xarici dildə olmamasıdır. Belə ki, əvvəl məlum olmayan predmet və hadisələrin adlandırılması zərurəti başqa dildən sözalmanın səbəbinə çevrilir. Qeyd olunduğu kimi, sözalma mürəkkəb diaxronik prosesdir. Ona görə də bu halda dildə özləşmə prinsipinin aktuallığı önə çıxır(1, s. 628 ). 
Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli özləşmə, yəni daha sadə desək, özününküləşdirmə adlanır. Özləşmə prinsipi müasir Azərbaycan dilinin lüğət tərkibində 1960-cı illərdə aktuallaşmağa başlayıb. Düzdür, bu meyillər həmişə özünü doğrultmayıb, amma ədəbi dili etnik yaddaşına qaytarıb başqa dillərin təsirinə məruz qalmaqdan bu və ya digər dərəcədə qoruya bilir. Şübhəsiz ki, özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülməməlidir. Bu daha çox mövcud olan alınma sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir.

Bu baxımdan dildə özləşmə prosesi üç yolla gedir:
1) Hər hansı bir söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə;
2) Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı ―söz partlayışı‖ yolu ilə;
3) Türk dillərinin təsiri ilə. Azərbaycanda alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də olmuş və bu günə qədər işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə yaranmışdır.
4) Son vaxtlar da həmin qayda ilə bir sıra leksik vahidlər meydana çıxmışdır: çimərlik, duracaq, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir. (2, səh.179)

Yeri gəlmişkən, özləşmə bir imtina amili kimi başa düşülməməlidir, bəzən dilçilər bunu inkar və imtina etmək prinsipi kimi təqdim etməyə çalışırlar, lakin bu, daha çox uyğunlaşdırma prosesdir və məhz bu cür də anlaşılmalıdır. 

Bu prosesin ötən əsrin 60-cı illərdində dilə qayıtması da təsadüfi deyil, çünki həmin dövrdə 60-cılar ədəbi nəsli milli ədəbiyyat və mədəniyyətin ciddi əsərlərinin əsasını qoymuşlar. 

Aydın görünür ki, burada bir elm sahəsi kimi dilçiliklə yanaşı, yaradıcı şəxslərin üzərinə də ciddi məsuliyyət düşür. Təsadüfi deyil ki, Vissarion Belinski dili bütöv bir sistem kimi görürdü. O yazırdı: "Dili xalq yaradır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar”.

Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir.
Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsələn: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik normalar; 4) qrammatik normalar; 5) üslubi normalar; 6) semantik normalar; 7) leksik normalar. ( "Azərbaycan dili və nitq mədəniyyəti" - Bakı-2015 (1, səh.19)

Bu normalar isə bir daha təsdiq edir ki, dil təfəkkürün ifadə vasitəsi deyil, yaranma vasitəsidir. Dil həm də mövcud olan sözlərin normativ aktı və milli özünüdərkin ifadəsidir. Bundan başqa, dil xalq təfəkkürünün yaradıcılıq məhsuludur. 

A.A. Potebnya qeyd edir ki, dil fəaliyyətdir, bu fəaliyyət dilin yeniləşməsi, onun inkişaf prosesi, habelə arasıkəsilməz söz yaradıcılığı axınıdır(3, səh.37).

Bu baxımdan, dillərin fəaliyyət prosesi və yenilənməsi, onun inkişaf mərhələləri qloballaşan dünyada söz axınının təsirinə məruz qalır. Amma inkilaf edən dillər milli sözlərin hesabına zənginləşdikcə kənar təsirlərdən özünü qoruya bilir. 

ƏDƏBİYYAT

1.Seyidov Y. Əsərləri. XV cilddə. I cild. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 628 s.
2.Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa İsgəndərzadə, "Azərbaycan dili və nitq mədəniyyəti" - Bakı-2015, səh.179.
3.Ağamusa Axundov, "Ümumi dilçilik", - Bakı-2006, səh.37.
4.Sadıqova S.A. Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi. Bakı: Elm, 2010,
5.Afat Qurbanov, "Ümumi dilçilik", Bakı-1989.
6.Muxtar Hüseynzadə, "Müasir Azərbaycan dili – Morfologiya”, üçüncü nəşr, Bakı-2007.