Qonşuda bir qız ağlar

Qonşuda bir qız ağlar

29-04-2021 17:00 / Bu xəbər 8324 dəfə oxundu

Arqument.az şair Əli Kərimin "Qonşuda bir qız ağlar" şeirini təqdim edir:

Qonşuda bir qız ağlar,
Qonşular çəkər ahlar...
Yüz adamın içində
O körpə yalqız ağlar.
Getdi bacı gətirsin
ana xəstəxanadan...
Bacı bir yana dursun,
Xəbər verin anadan.
Cərrah...
bıçaq...
nələr...

Gələr?
Xeyr.
Qız ağlar.
Bütün dünyadan küsüb
küncdə
üzü divara
Ağlar,
Aramsız ağlar.
Adamlar arasında
Ağlar,
Adamsız ağlar.
Göz yaşı
yaz yağışı.
- Ağlama...
Bəsdi... yaxşı,
Üzüldün...
öldün...
Bu gün...

Anan gələcək, anan –
Ata göz çəkmir ondan.
Ata - uşağa dönmüş,
Körpə bala ahıldır,
Onu "ağlama" sözü
Daha dərdli ağladır.

Dərdi bilir qonşular,
Axıb gəlir qonşular...
Doğma uşaqlarına,
Özlərinə,
həyata
Bütün sevgilərini
gətirir və ağlayan
bu körpəyə yetirir...
Qız kirimir...
Toxtamır.
Bütün dünyada heç kim
anasına oxşamır...
Sıxıb qucaqlayıbdır
Ana ətriylə dolu,
Göz yaşlarıyla xal-xal,
göz-göz olan balışı,
Titrəyir
çiyni...
başı...
Durur...
əsir..
Açır... Şkafı...
Çoxlu-çoxlu
Baxır təzə paltoya,
Ana burda da yoxdu...
Təzə tufli götürür,
oxşayır...
xeyli susur...
Susub birdən qışqırır...
Sonra küncdə
balışı
qucaqlayıb
hıçqırır.
Ağlamaqdan yorulur...
Qalxır,
Baxır,
Ağır
və sakit,
yorğun,
çarəsiz
Milyonillik kədərlə,
İndi artıq sualsız,
təmənnasız,
mənasız,
İntəhasız nəzərlə.
İndi qəm də yorulub,
İndi qız da yorulub.
Hələ dava daldadır.
Körpə qəmi,
Qəm onu
Döyüşlər arasında,
Fasilədə
Aldadır...
Ata tənha...
O, tənha...
Birləşib cüt tənhalıq.
Daha qüdrətli olub,
Daha möhnətli olub...
Növbəylə qalırıq biz...
onlarda... nə mənası...
Getmir qızın həsrəti,
Gəlmir qızın anası.
Qonşuda bir qız ağlar,
Gəlib düşər yadıma
Müharibə...
Ölüm... qan...
Axşarn... səhər...
hər zaman
Qonşuda bir qız ağlar,
Qız ağlar,
Yalqız ağlar...