Qubad İbadoğlu vaxtı keçmiş kreditlərdən yazdı

Qubad İbadoğlu vaxtı keçmiş kreditlərdən yazdı

08-09-2015 15:22 / Bu xəbər 1725 dəfə oxundu

İqtisadçı alim Qubad İbadoğlu vaxtı keçmiş kreditlərlə bağlı sosial şəbəkədəki səhifəsində status paylaşıb. 

Musavat.com iqtisadçının statusunu təqdim edir: 

"Vaxtı keçmiş kreditlər 1,3 milyard manata çatdı, bu sahədə ən pis vəziyyət Naxçıvandadır.

Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditləri 1 milyard 294 milyon 820 min manat olub. Regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub. 

Respubllika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb. Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölgələrdir. 

Fikrimizcə, vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir. Eyni zamanda adı çəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir".