Qubad İbadoğlu: "Xankəndinin gəlir və xərcləri dövlət büdcəsinə daxil edilməyib"
06-11-2022 15:45 / Bu xəbər 1000 dəfə oxundu
"2023-cü ilin büdcə layihəsinə görə, Azərbaycanın şəhər və rayonlardan 57-i xərclərini dövlət büdcəsindən maliyyə yardımı almadan (dotasiya) öz gəlirləri hesabına təmin edəcəklər. Bu cari illə müqayisədə 6 rayon (Ağdam, Balakən, Goranboy, Qax, Oğuz və Zərdab rayonları) çoxdur".
Azərbaycan Demokratik Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesabında belə yazıb.
Onun sözlərinə görə, yerdə qalan qalan 8 rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 12,3 milyon manat maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulur ki, bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 27,6 milyon manat və ya 69,2 faiz az azdır:
"Büdcədən dotasiya alacaq rayonlar - Kəlbəcər (2 347 000), Yardımlı (2 184 000 manat), Laçın (1 797 000 manat), Cəbrayıl (1 521 000 manat), Xocalı (1 168 000 manat), Xocavənd (1 367 000 manat), Lerik (1 161 000 manat ) və Zəngilan (761 000 manat) olacaq.
2023-cü ildə büdcədən dotasiya alan 8 rayondan 4-ü işğaldan azad olunan (Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan), 2-i hələ də işğal altında olan rayonlar (Xocalı və Xocavənd) və qalan ikisi isə dağ rayonlarıdır (Yardımlı və Lerik). Göründüyü kimi, bu siyahıda Xankəndi şəhərinin adı yoxdur. Bu isə o deməkdir, gələn il də Xankəndi şəhərinin gəlir və xərcləri Azərbaycan dövlət büdcəsinə daxil edilməyib".
"Yeri gəlmişkən, onu da qeyd edim ki, məskunlaşmanın gecikdirilməsi səbəbindən məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsində 366,7 milyon manat vəsait proqnozlaşdırılıb. Belə ki, gələn il məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (474 min nəfərə yaxın) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 328,7 milyon manat, digər tədbirlər üçün 38 milyon manat vəsait xərclənəcək", - Qubad İbadoğlu belə deyir.












