"Allah var baş üstə, həmin o gecə..." - ŞEİRLƏR

"Allah var baş üstə, həmin o gecə..."   - ŞEİRLƏR

14-04-2015 00:42 / Bu xəbər 2520 dəfə oxundu

Arqument.Az gənc şair Ruzbeh Məmmədin şeirlərini təqdim edir:

üç yüz dəfə tanrıya edilən dua

və özümü dərk edəndə üç yüz dəfə tanrıdan dilədim ki,
tanrı mənə, qarğa ömrü verməklə cəzalandırma,
dilədim ki, məni yaşamaqla günahlandırma...

Sonra da dilədim ki, pişik qovan küçə itlərinə, küçədə yaşamaq,
həmin o pişik qovan itlərə, pişik qismət eləmə.
Dilədim ki, çörək üçün zibilxanaları gəzən bomjun qarşısına ilk
dəfə sevdiyi qıza ”zibil atmaq günahını” yazma

Tanrı, Adəm olmağı da istəmirəm
Cənnətə getmək bir ayıb, cənnətindən getmək iki ayıb!
Yaman acımasız olar, əminəm, həm də utandırıcı...

Korlanmış, vaxtı keçmiş bəxtlərdən yamama ömrümə
Uzağı bir gün ömür ver
O da ki öldürmək üçün bəndən olsun deyə...

Tanrı, əgər mənim yaradılışım anam üçün sevindirici olubsa,
anam məni bağışlasın
Mən məhkum deyiləm, cəzalanam ümidlərlə...
Və özümü böyüdəm illərlə
yaşayam üzü kifirli özündən razı, özünü aldadan səfillərlə...

Büstümün önündə bir uşağın oxuduğu şer...

Üzü qabar bağlayıb üzünə baxılmaqdan
heykəllərin.
Bircə bu şəhərdə heykəllərdən pul yığılmır
- durduğu yer haqqı!
Küçə təmizləyən qadınlar
hər gün bir ağız arxasınca deyinir;
axşam da, səhər də...
Allah haqqı...

***

Heç vaxt sevmədiyim qız üçün...

Nə yaxşı oxşayır bu uşaq mənə.
Bəlkə də, xətası ya mənnən keçib?!
Saxla söz-söhbəti, saxla özünə,
Noolub olubsa, ta keçən keçib.

Hələ açılmayıb başım yasımnan,
Oxudum üstümdə eşq duasınnan,
Qara gözlərinin lap qarasınnan,
Ay quzum, yenəmi duman, çən keçib?!

Həə, o gün idi soyuq, duman, çən,
Yaman qorxutmuşdu yanımnan”keçən,”
Allah var baş üstə, həmin o gecə,
Nə olub keçibsə, keçənnən keçib.

Sən elə deyirdin o vaxtda mənə,
Yaman çəkmisən e, bu baxtda mənə.
Gəlib baş çəkmirdin havaxtdı mənə,
Nə yaxşı yolların küçəmnən keçib.

Düzdü sən diyəndi, məndəki varam,
Ağrayır çox yerim, bilmirəm haram.
Gəlmişəm özümlə səni aparam,
Vallah darıxmışam, içimnən keçib.

***

Olmazın sevgisin yaşatdın mənə,
Bir də çətin unudam bu yalqızlığı.
Niyyətli deyildim səni sevməyə,
əfv eylə, noolar bu uşaqlığı.

Elə olmasaydı, belə olmazdı,
Unutmaq vardıye, bu da bir işdi.
Səni bilmirəm heç, məndə bu çoxdan
Lap çoxdan bildiyim köhnə vərdişdi.

Hələ saçlarıma yağan dolu, qar,
Arxamca tökülən göz yaşı olar.
Adamı unudar qırxillik qarı,
Bir vaxt sevdiyin qız baş daşı olar...

***

Bir şəhər uzaq,
bir stansiya yaxınsan mənə

yerin görünür...
Sənsiz darıxmaq da olmur,
qadın həsrəti çəkmək ölüm kimi şeydi,
hər ikisi eyni zibildi.


Hörümçək kimi darıxıram...

Bu aralar tez-tez xəstələnirəm,
heç özümdə olmuram.
Ayıq vaxtalrım olmur ki,özümə baxım,
deyirlər itə oxşayırsan,
bir Allahın kor bəndəsi də yoxdu azıb qapımı döyə.

İndi ən çox düşündüyüm şey sənin xəyallarındı...
Və bu aralar daha çox sevişirəm; yerin məlum
məni üzən sənsizlik yox,
daha çox özümdə olmamğımdı...

...və darıxmaq sənin bildiklərin qədər deyil,
hələ oyanasıda var.
Divardan asılı qalmış rütubət kimidi indi hisslərim,
- bir də sarsıntı keçirmiş günəşdi pəncərədən boylanan.
İllah, insafsızcasına darıxanda onlarda olmur.
Bircə bu gecə sevinmişəm
yuxuda möhkəmcəsinə ölmüşdüm...

Arqument.Az